Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 20:29

«Polis şərlədi, məhkəmə 10 illik həbs cəzası kəsdi»


Arxiv - foto
Arxiv - foto
-
“Həmin vaxt maşının qapısı və yük yeri açıq olub. Oğlum geri qayıdanda maşının yanında mülki geyimli adamlar görüb. Polislər imiş. Deyiblər ki, onlarda olan məlumata görə, maşında silah var. Maşına baxış keçiriblər. Oğlumun gözünün qarşısında yük yerindən narkotik maddə çıxarıblar”.

"MAŞININ QAPISI VƏ YÜK YERİ AÇIQ QALIB"

Bunları AzadlıqRadiosunun “Qaynar xətt”inə danışan Yardımlı rayon sakini Təyyar Ağayevdir. O, oğlu Aftandil Ağayevin şərlənərək həbsə atıldığını deyir:

“Aftandil şəxsi maşını ilə Yardımlıdan Cəlilabada sərnişin daşımaqla məşğul olub ailəsinə çörəkpulu qazanırdı. 5 avqust 2012-ci ildə səhər saat 7-də növbəti dəfə Cəlilabadın “Rizvan” bazarına sərnişin aparıb. Həmin sərnişinlər alverçilər olub. Aftandilin başı alverçilərin yüklərini boşaltmağa qarışıb. Yükləri götürüb maşından uzaqlaşanda qapısı və yük yeri açıq qalıb. Geri qayıdanda görüb ki, mülki geyimli bir neçə nəfər maşını əhatəyə alıb. Aftandilə bildiriblər ki, polis işçiləridir və onlarda maşında silah olması barədə məlumat var. Maşına baxış keçiriblər, yük yerindən narkotik maddə çıxarıblar. Oğlumun həmin narkotik maddədən xəbəri olmayıb. Məhkəmədə də bildirdi ki, yük yeri açıq qaldığından narkotik maddə olan bağlamanı oraya polislər özləri atıblar”.

Təyyar Ağayevin sözlərinə görə, işə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Oğlu Cinayət Məcəlləsinin külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib:

“Nə ibtidai istintaq, nə də məhkəmə vaxtı ittihamlar sübuta yetirilmədi. Buna baxmayaraq oğluma cəza kəsdilər. Biz apellyasiya şikayəti verdik, təmin olunmadı. Mən dəfələrlə Daxili İşlər Nazirliyində oldum, yüksək vəzifəlilər qəbul etdilər, dinlədilər, söz verdilər ki, araşdıracaqlar. Ancaq sözlərini tutmadılar”.

Orxan Mansurzadə
Orxan Mansurzadə
DİN: DEDİKLƏRİ ƏSASSIZDIR

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə deyir, 5 avqust 2012-ci il tarixdə Cəlilabad RPŞ-nin əmədaşları əvvəlcədən aldıqları məlumat əsasında əməliyyat keçiriblər. Yardımlı rayon sakini Aftandil Ağayevin idarə etdiyi VAZ-21214 markalı 10 FC 221 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən 1042,6 qram çəkidə heroin aşkar olunub və sənədləşdirilib. Elə həmin gün Aftandil Ağayev şübhəli şəxs qismində tutulub. Fakt üzrə toplanmış material əsasında Cəlilabad Rayon Polis Şöbəsində onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb:

“Sərnişinləri öz avtomobilində Yardımlı rayonundan Cəlilabad şəhərinə gətirmiş Aftandilin əməliyyat keçirilərkən müştərilərə məxsus malların daşınmasında onlara yardımçı olması, maşının qapı və yük yerini açıq saxlaması, yük yerindən narkotik maddə çıxarılmasından xəbərsiz olması barədə atanın dedikləri əsassızdır. Əslində isə Aftandil Ağayev idarə etdiyi "VAZ-21214" markalı avtomaşını saxlayıb sərnişinləri düşürməyə macal tapmamış həmin nəqliyyat vasitəsində külli miqdarda narkovasitənin daşınmasından öncədən xəbərdar olan polis əməkdaşları tərəfindən saxlanılıb. Özünün, müstəntiqin, mütəxəssislərin və hal şahidlərinin iştirakı ilə "Niva"ya baxış keçirilib. Avtomobilin yük yerinin sağ tərəfində həmin məqsədlər üçün xüsusi düzəldilmiş arakəsmədə sellofan torbada 1 kiloqramdan artıq çəkidə heroin aşkar edilib”.

Orxan Mansurzadə deyir, Lənkəran Ağır Cinayətlər Məhkəməsi Aftandil Ağayevi 10 il müddətinə azadlıqdan məhrum edib. Apellyasiya məhkəməsi hökmü qüvvədə saxlayıb. Ona görə də atanın oğlunun guya qanunsuz həbs və məhkum olunması barədə iddialarının heç bir hüquqi əsası yoxdur.
XS
SM
MD
LG