Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:27

Baş nazir parlamentə hökumətin necə işlədiyindən danışdı


Artur Rasi-zadə hökumətin hesabatını təqdim edir - 14 mart 2014

Artur Rasi-zadə hökumətin hesabatını təqdim edir - 14 mart 2014

-
Martın 14-də baş nazir Artur Rasi-zadə Milli Məclisdə hökumətin 2013-cü ildəki fəaliyyəti barədə hesabat verib. O, öncə son 10 ilin iqtisadi göstəricilərindən söz açıb:

«10 il ərzində Azərbaycanda ÜDM-in həcmi 3.2 dəfə, sənaye məhsullarının istehsalı 2.7 dəfə, investisiya qoyuluşları 5.2 dəfə, o cümlədən qeyri-neft sahəsinə qoyuluşlar 15.3 dəfə, kredit qoyuluşları 23 dəfə, əhali gəlirləri 15 dəfə artıb. Orta əməkhaqqı 5.5 dəfə, minimum əməkhaqqı 11.7 dəfə, pensiyalar 7.2 dəfə, əhalinin banklardakı əmanəti 25.4 dəfə artıb. Yoxsulluğun səviyyəsi 7.4 dəfə azalıb. 10 il ərzində ümumilikdə 1 milyon 200 min iş yeri yaradılıb».

Daha sonra baş nazir ötənilki rəqəmləri sadalayıb:

«2013-cü ildə ölkəyə 22 milyard manatlıq investisiya qoyulub. Bunun da 74.3 faizi qeyri-neft sektorunun payına düşür. İnflyasiyanın həddi 2.4 faiz olub. Yoxsulluğun səviyyəsi 5.3 faizə düşüb. Dövlət orqanlarında işləyənlərin əməkhaqqı il ərzində 6.2 faiz artıb, orta aylıq məvacib 423 manata çatdırılıb. Ötən il əhalinin banklardakı əmanətinin miqdarı 6 milyard manatı ötüb».

Baş nazir ötənilki uğurların dövlət büdcəsinin yüksək səviyyədə icrasından qaynaqlandığını vurğulayıb.

Artur Rasi-zadə 2013-cü ildə «Şahdəniz» yatağının işlənməsi üzrə yekun sazişin imzalanmasını, Azərbaycanın ilk peykinin kosmosa çıxarılmasını, Taxtakörpü su kompleksinin işə başlamasını və digər hadisələri ötən ilə damğa vuran önəmli olaylar sırasında sadalayıb.

Baş nazir çıxışında «ASAN Xidmət» mərkəzlərinin əhaliyə keyfiyyətli xidmət göstərməsinə də diqqət çəkib.

«BU İNSAN DÖVLƏTDƏN NECƏ RAZI QALA BİLƏR?»

Hökumətin hesabatını müsbət qiymətləndirən deputat Fazil Mustafa çıxışında «Sovetski»dəki köçürülmələrə, metro keçidlərində ticarət köşklərinin yığışdırılmasına, insanların sağlamlıq durumuna toxunub. O, metroda alış-veriş obyektlərinin yığışdırılmasını dəstəkləsə də, xırda sahibkarların hüquqlarının qorunmasına ehtiyac olduğunu bildirib: Fazil Mustafa

Fazil Mustafa


«Belə çıxır ki, hamının obyekti var, amma heç kim mülkiyyət sahibi deyil. Bu sahədə konkret addımlar atılmalıdır. Həyatını buna hesablayan insanlar sonradan heçnəsiz qalırlar. Həmin insanlar dövlətdən necə razı qala bilər?».

«ÇÖLƏ ATILAN ADAM DÖVLƏTİN BELİNDƏ YÜKƏ ÇEVRİLİR»

Fazil Mustafanın fikrincə, belə qərarlar verilməzdən bir neçə ay öncə insanlar üçün əlavə ticarət yerləri yaradılmalıydı:

«Çölə atılan adam dövlətin belində yükə çevrilir. Bu sahədə ciddi proqram işlənməlidir. «Sovetski»də aparılan söküntülərdə də eyni mənzərəni görürük. Təbii ki, həmin məhəllə sökülməlidir, yaşıllaşdırılmalıdır. Burada təklif olunan kompensasiyanın məbləği də normaldır. Amma bəzi məsələlər pulla ölçülmür. Vətəndaş uzun illər yaşadığı yerdə qalmaq istəyir. Həmin ərazidə bir neçə çoxmərtəbəli bina tikib adamları ora köçürmək olar».

«XARİCİDƏ AZƏRBAYCANIN TƏBLİĞİNƏ DİQQƏT AYRILMALIDIR»

Hökumətin ötən il gördüyü işləri müsbət dəyərləndirən YAP icra katibinin müavini Mübariz Qurbanlı hesabatın ölkədəki sosial-iqtisadi inkişafı tam əks etdirdiyini deyib. O bəzi mətbuat səhifələrində ölkənin inkişafı ilə bağlı tənqidi fikirləri doğru saymadığını bildirib.

Deputat hökuməti Azərbaycanın xaricdə təbliğinə daha çox diqqət ayırmağa çağırıb:
Hadı Rəcəbli

Hadı Rəcəbli


«Gələcək büdcəni müəyyənləşdirərkən, Azərbaycanın təbliğini xüsusi qeyd etməliyik. Bu, çox önəmli məsələdir. Xarici ölkələr... Azərbaycanda ayrı-ayrı dini təriqət nümayəndələrinin eyni məsciddə ibadətinə çox təəccüblə yanaşırlar».

«HANSI MƏSƏLƏ AĞIR DEYİL Kİ...?»

Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli «Tibbi sığorta haqqında» qanunun hələ də tətbiq olunmamasından narahatlığını dilə gətirib. O, hökuməti bu sahədə konkret addımlar atmağa çağırıb:

«Bu qanun 1999-cu ildə qəbul edilsə də, hələ də işləmir. Qanuna əsasən, Azərbaycanda səhiyyə sığortasını həyata keçirmək üçün Nazirlər Kabineti yanında agentlik yaradılmalı, agentliyin əsasnaməsi hazırlanmalı idi. Nə agentlik yaradılıb, nə hökumətə əsasnamə verilib. Qanunu qəbul etmişiksə, onu tətbiq etməliyik. Kimə deyirsənsə, deyir ki, ağır məsələdir. Hansı məsələ ağır deyil ki? Körpü çəkmək, yol salmaq asandır ki?».

«CORABI TÜRKİYƏDƏN, İRANDAN, YA DA ÇİNDƏN GƏTİRİRİK»

Deputat Siyavuş Novruzov 2014-cü ilin Sənaye ili elan olunmasına toxunaraq, Azərbaycanda yüngül sənayenin inkişafına ayrıca diqqət yetirilməsi zərurətini qeyd etdi:
Siyavuş Novruzov

Siyavuş Novruzov


«Mayka-corabı Türkiyədən, İrandan, ya da Çindən gətiririk. Azərbaycanın kifayət qədər imkanı var ki, pambıq sənayesini, yun və dəri sənayesini inkişaf etdirsin. Nəticədə, həm yeni iş yerləri açılar, həm də kimdənsə asılı olmarıq».

Deputat bəzi icra başçılarını büdcə pullarını səmərəsiz xərcləməkdə ittiham edib:

«Bir icra başçısı gedir, yerinə başqası gəlir. Ondan əvvəlkinin qurduğu parkı dağıdıb yenisini tikir, açılışlar edir. Dövlətin külli miqdarda vəsaiti gedir. Bir küçə bərbad gündədir, onu təmir etmir, təmir olunan parkı söküb yenidən qurur. Tikmək istəyirsən, yenisini tik. Dövlətin vəsaitini havaya sovurma. Mən xahiş edirəm hökumət və Maliyyə Nazirliyi bu kimi faktları nəzarətə götürsün».

Hökumətin 2013-cü il hesabatını müsbət dəyərləndirən Musa Qasımlı milli peykin kosmosa buraxılmasını hökumətin ən böyük uğuru saydı.

Deputat maliyyə, texniki və kadr çətinliklərinə baxmayaraq, Şirvan, Şamaxı, Quba, Mingəçevir və ya Qazaxda universitetlərin açılmasının faydalı ola biləcəyini də söylədi: Musa Qasımlı

Musa Qasımlı


«Dağıstan və Gürcüstanda xeyli sayda azərbaycanlı olduğunu nəzərə alsaq, bu universitetlərin daha çox faydası olar. Bunun artıq zamanı gəlib çatıb».

Musa Qasımlı daha sonra Naxçıvanın blokadasını aradan qaldırmaqla bağlı təkliflər səsləndirib:

«Naxçıvanın Ermənistanın blokadasından qurtulması üçün bəlkə də bəzilərimizin bilmədiyi strateji addımlar atılmalıdır. Əgər Qars-İqdır-Naxçıvan dəmiryolunun tikintisinə hökumətimiz diqqət yetirərsə və dövlətlərarası məsələlərin tənzimlənməsi yoluna qoyularsa, İran körfəzinə çıxış Naxçıvan və Azərbaycanı bir çox problemlərdən qurtara bilər».

«HÖKUMƏTİ DAHA YAXŞI İŞLƏMƏYƏ ÇAĞIRIRAM»

«Hesabata səs verəcəyəm. Amma hökuməti daha yaxşı işləməyə çağırıram» – millət vəkili Zahid Oruc belə deyib.

Bəzi sosial problemlərə toxunan deputat bankların 35-40 faizlə kredit verməsinin doğru olmadığını söyləyib: Zahid Oruc

Zahid Oruc


«Azərbaycan indi ölkələrə kreditlər, borclar verir, ancaq vətəndaşın banklara borcu artmaqdadır. Elman Rüstəmovu kifayət qədər səriştəli, peşəkar insan hesab edirəm. Ötən dəfə o, burda çıxış edəndə qeydlərimi aparmışdım. Deyir, banklar 15 faiz gəlir götürür. Amma 35-40 faizə yaxın göstəricilərlə hansı biznes sahəsində layihə həyata keçirmək mümkündür ki, adam həm qazansın, həm də kredit ödəsin?».

Z.Oruc məmurlara da müraciət edib:

«Təriflərə həddən artıq aludə olanlar unutmasınlar: cənab prezident 2013-cü ildə komandasını əsaslı şəkildə dəyişib. Ən azı iki nazir yenisi ilə əvəzlənib».

Deputat təhsil sahəsində ciddi tədbirlər görülməsinin, ən önəmlisi, bütün məktəblərin Təhsil Nazirliyinin tabeliyinə verilməsinin vacib olduğunu vurğulayıb.

Parlament müxbirimizin Canlı bloqunu burada oxu

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG