Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 01:50
-
“Naxçıvan Aqrolizinq” ASC muxtar respublikada yaz əkinlərinə hazırdır. Hər halda muxtar respublikada Ali Məclisin orqanı -“Şərq Qapısı” qəzeti belə yazır.

Qəzetdə yazılanlara görə, bu il Aqrolizinq 126 ədəd müxtəlif texnika və avadanlıqla torpaq mülkiyyətçilərinə xidmət göstərəcək. Texnikaların 28 ədədi Şərur, 38-i Babək, 23-ü Culfa, 7-si Sədərək, 6-sı Ordubad, hərəyə 12-si olmaqla Kəngərli və Şahbuz bazalarında fəaliyyət göstərəcək.

Bəzi yerli fermerlər isə “Naxçıvan Aqrolizinq” ASC-nin işindən narazıdırlar. Onlar bildirir ki, ASC əməkdaşları əkin-biçin vaxtı mülkiyyətçilər arasında ayrı-seçkilik qoyur, işləri baha qiymətə görürlər. Babək rayonundan olan fermer Qadir Quliyev deyir ki, bu vəziyyətlə bağlı bir neçə dəfə məhkəməyə də müraciət edib:

“BİRİNCİ MƏMURLARIN YERLƏRİNİ QABAĞA SALIRLAR”

“İşlərini görürlər, buna sözümüz yoxdur. Ancaq, qiymət söhbəti var. Qiymətlər çox yüksəkdir. Hər yerdə Şum, biçin hektara görə 27 manatdır . Ancaq, Naxçıvanda bu qiymət 40 manatdır. Yanacaq da qalxıb, yəqin bu il daha da qaldıracaqlar.

Keçən il “Aqrolizinq” məndən çox pul istədi, mən də müqavilə tələb etdim. Vermədilər, məhkəmə müraciət etdim. Bu il 5 hektar əkmişəm. Dediklərinə görə, mənim yerimi biçməyəcəklər. Çünki, şikayət etmişəm. Qulağıma gəlib çatıb. Bir də ki, ayrı seçkilik salırlar. Biçin vaxtı, şum vaxtı birinci məmurların yerlərini qabağa salırlar.

Onlar sentyabr ayı şumladır, biz isə dekabr. Keçən il biçin vaxtı dəfələrlə müraciət etdim, gəlmədilər. Məmurların sahəsini biçəndən sonra gəldilər, bu da gec idi. Taxılım quruyub yerə yapışmışdı. Buna görə 1500 manat ziyana düşdüm”.

“Naxçıvan Aqrolizinq” ASC Babək bazasının mütəxəssisi Nizami Babayev isə ayrı-seçkilik və işlərin baha qiymətə görülməsi ilə bağlı deyilənləri qəbul etmir. Ancaq onun dediklərindən belə çıxır ki, texnikanın sayı ilə bağlı “Şərq qapısı”nda rəqəmlər şişirdilib:

“BİZ HEÇ KİMƏ AYRI-SEÇKİLİK QOYMURUQ”

“Əkin başlayıb. Aqrolizinqin Babək bazasında 4 traxtor, 11 kombayn var. Əhalidə də şəxsi traktorlar çoxdur. Əsas işi onlar görür. Qiyməti tənzimləmək üçün biz aşağı qiymətə işləyirik. Şumu 35 manata, biçini 33 manata edirik. Başqa yerləri deyə bilmərəm, Naxçıvanda qiymət əvvəldən belə olub.

Şəxsi texnikalar şumu 40-45 manata, tapanı 150-20 manat edirlər. Bizdə bunun qiyməti 13 manatdır. Kim deyir ki, biz baha edirik, yalan deyirlər. Ola bilsin şəxsi texnika sahibləri ilə bizi səhv salırlar.

Taxıl biçini elədir ki, iş birdən başlayır. Taxıl eyni vaxta yetişir. Elə olur ki, 5 min hektar yeri biçməli oluruq. Bunun üçün də 1 ay vaxt lazımdır. Bir tərəfdən düşüb biçə-biçə gəlirik. Hamı istəyir tez biçdirsin. Buna görə də narazılıq yaranır. Biz heç kimə ayrı-seçkilik qoymuruq. Əkin vaxtı adətən belə problemlər yaşanmır”.
XS
SM
MD
LG