Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:22
-

Biz kitabı öldürürük, kitab oxumayanlar da tibdə, səhiyyətdə önəmli yerləri tutur, kitab oxumadan daha rahat işləməyin mümkün olduğu anlayışını, düşüncəsini mənimsəyir, bizi öldürürlər...


Aslan Quliyev


VERGİLƏR NAZİRİNƏ AÇIQ MƏKTUB


Cənab Nazir! Bir vaxt oturub sizə bu mövzuda məktub yazacağım ağlımın ucundan da keçməzdi.

Mənim əsas arzularım müstəqilliyimizlə bağlıydı, öz dilimizdə öz kitablarımızı yazacağımıza, bununla da öz səsimizi bütün dünyaya eşitdirəcəyimizə ümidliydim.

Amma nələr olur? Keçid dövrlərini və hər cür qarışıq, dolaşıq dövrləri arxada qoyduğumuz bir vaxtda mən oturub sizə məktub yazır, kitabı, qələm adamını, sənət adamını öldürməsinlər deyə sizdən xahiş eləyirəm.

Qəlb ağrıdan reallıqdır, həqiqətdir, amma acıdır.

Cənab Nazir! Kitab ölsə, millət də ölər! Kitabı olmayanlar, kitab əhli olmayanlar dünya tarixinə öz adlarını yazdıra bilməzlər. Hələ bir adının kitabı və onu yaradanları öldürənlər kimi tarixə düşməsini istəyən də bir kimsə tapılmaz!

Doxsanıncı illərin ortalarında hətta ölkəmizin ən ucqar bölgəsi olan Yardımlıdan belə İrana işləməyə həkimlər gedirdi. Onlar o tayda əfsanəvi şöhrət qazanmışdılar. Mən Ərdəbildə olanda Yardımlıdan olan həkimlərin növbəsində dayananları görəndə ölkəmizə görə, belə gözəl həkimlərimiz olduğuna görə necə də qürur hissi keçirdirdim! Ərdəbilin qara rənglər içində ilğımlanan qədim küçələrində başımı dik tutub gəzirdim!
"Qanun" nəşriyyatının buraxdığı kitablar

"Qanun" nəşriyyatının buraxdığı kitablar


Keçən il təzədən Ərdəbil şəhərində oldum. Bir özəl xəstəxanada bir gündə əməliyyat olunan otuz altı nəfərdən iyirmi altısının bu taydan olduğunu öyrənəndə isə keçirdiyim hissləri sözlə ifadə eləyə bilmirəm. Ərdəbilli həkimlərin növbəsində dayanan saysız-hesabsız həmyerlilərimizi görəndə qəlbimdən qara qanlar axırdı. Hələ bir gör Təbrizə, Tehrana, digər şəhərlərə nə qədər adamlarımız müalicəyə gedirlər?! Aradan cəmisi on-on beş il keçmişdi, cəmisi on beş il bundan əvvəl mən bu küçələrlə ölkəmizə və həkimlərimizə görə qürur hissi keçirdərək gedirdim! İndisə Ərdəbilin qara rənglər içində ilğımlanan qədim küçələrində kədərlə addımlayır, başımı qaldırıb adamların üzünə baxa bilmir, ölkəmizə, minlərlə adamı bacarıqsızlıqlarına, səriştəsizliklərinə, tamahkarlıqlarına görə bu ölkənin şəhərlərinə səpələyən, didərgin salan həkimlərmizə görə xəcalət çəkirdim!

Necə oldu on-on beş il ərzində bunca düşdük? Axı yüzlərlə xəstəxanalar, dioqnastika mərkəzləri tikirik, xəstəxana binaları təmir olunur, avadanlıqlarla, cihaz və qurğularla təmin olunur. Lap elə bizim bu balaca Yardımlının mərkəzi xəstəxanasında olan şəraiti, rahatlığı, dioqnastika və müayinə qurğularını Tehranın əsas xəstəxanalarında belə çətin taparsan. Bəs onda səbəb nədir!

Səbəb kitabsızlıqdır. Kitab oxumamaqdır, savadsızlıqdır! Kitaba olan ögey münasibətimizin nəticəsində savadsız kadrların yeitşməsindədir! Biz kitabı öldürürük, kitab oxumayanlar da tibdə, səhiyyətdə önəmli yerləri tutur, kitab oxumadan daha rahat işləməyin mümkün olduğu anlayışını, düşüncəsini mənimsəyir, bizi öldürürlər.

Bəs deyilmi? Hara gedirik? Bu minvalla gedəriksə, beş-on ildən sonra axırımızın necə olacağını görmək çətindirmi? Bir ölkədə kitab oxunarsa, ölkə maariflənərsə, millət savadlanarsa bunca narkomanlar, cahillər, fanatik dini təriqətçilər ordusu əmələ gələrmi?

«Qanun» ölkədə kitaba ikinci nəfəs verən, kitabı yaşadan yeganə nəşriyyatdı. Yüzlərlə yazıçı, tərcüməçi, şair, sənət, söz, qələm adamı bu nəşriyyatla işləyir, dünya ədəbiyyatının nadir söz incilərini dilimizə tərcümə eləyib oxucuların sərəncamına verir, öz kitablarını çap elətdirirdilər. Adi dillə desək, azından başlarını qatırdılar.

İndi nələr olur? Kimlərsə durur, yüzlərlə söz, qələm adamına müharibə açırlar. Başa düşmürəm, bir Əkrəm Əylisli bəs eləmədimi? Yeniləri kimə lazımmış?

Cənab nazir! Bu sətirləri sizə qəlb ağrısı ilə yazıram. Üzdə olan istedadlı gənclərimiz var idi, son illərdə ədəbiyyatımızın aralığa çıxartdığı adamlar bunlar idilər. İndi onlar bir-bir Avropa ölkələrindən sığınacaq alır, gecə-gündüz ölkəmizə, millətimizə şər-böhtan atır, qara yaxırlar. Sıraları da getdikcə genişlənir. Biz də özümüzdən başqa heç kimin oxumadığı saytlarımızda, qəzətlərimizdə onlara cavab atəşi açırıq, amma susdura bilmirik. Onları Avropa oxuyur, dünya oxuyur və bizim haqqımızdakı fikirləri də onların yazdıqları əsasında formalaşır.

Bir kimsə və bir kimsə satqınçılığa, xəyanətə haqq qazandıra, don geydirə bilməz! Satqınçılığın adı, satqınçılıq, xəyanətin adı da xəyanətdir! Bir məsələ də var axı, nəyə görə bu cavanlara sahib çıxmadıq? Əksinə, bu cür yersiz, mənasız təzyiqlər göstərdik. Biz sahib çıxmadıq, ermənilər sahib çıxdı! Ən faciəlisi isə budur, zərrəcə də nəticə çıxartmamışıq!

Yazıçı sınırsa, millət sınır! Yazıçısı əyilirsə, millət əyilir! Dövlət əlindəki bütün resurslardan istifadə eləyib kitabı və yazıçını qaldırmalıdır. Dövlət əlindəki bütün resurslardan istifadə eləyib kitabın və yazıçının üzərinə gedirsə, artıq bu fəlakətdir və bundan o yanası yoxdur!

Mənim fikirlərim kiməsə mübahisəli görünə bilər, amma bu bir həqiqətdir. AXCP hökumətinin ömrünün az olması onların kitaba, yazıçılara, şairlərə etinasız münasibətlərində oldu. Onlar sözün nəyə qadir olduğunu bilmədilər, bircə saniyənin içində söz adamını unutdular, onları taleyin ixtiyarına buraxdılar. Sonu nə oldu, çoxumuz bunun canlı şahidiyik.

Amma mərhum H.Əliyev hakimiyyətə təzədən qayıdan kimi də ilk işi yazıçı-şairlərlə görüşmək oldu, Yazıçılar Birliyini büdcəyə qaytardı, ədəbi jurnalları maliyyələşdirdi, diqqətə layiq olan bircə nəfər də söz, sənət adamını diqqətdən kənar qoymadı, ehtiyacı olanlara təqaüdlər kəsdi. Televiziyalara ədəbi verilişlər ayaq açdı, rayonlarda ədəbi-bədii tədbirlər keçirilməyə başladı.

Sizin qarşınızda nümunə götürməyə layiq olan bunca təcrübə var axı.

Cənab Nazir! Uzun-uzadı yazmağa bir lüzum görmürəm. Məncə bütün bunları siz özünüz də yaxşı bilirsiniz.

Kitabın öldürülməsinə razılıq verməyin.

Yazıçıya kömək edin.

Yazıçılarımız pis yaşayırlar. Onları bir az da küncə sıxışdırmaq nə bir kimsəyə, nə də ölkəyə fayda gətirməz.

Azından “Qanun”la bağlı bu işə qanunla baxılacağına ümidlə.

Aslan Quliyev
Yazıçı



(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Günün bütün mövzuları

XS
SM
MD
LG