Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 00:26

Hakim: «Qanunla bu qədər yaxın tikilməməli idi, amma...»


Həsən Camalov və 13 uşağı
Həsən Camalov və 13 uşağı
-
Hakim: Siz özünüz evinizi neçəyə satardınız?

Həsən Camalov: Mən ümumiyyətlə, evimi satmaq fikrində olmamışam. Evimə qarşı yaranmış təhlükə və ailəmin pozulmuş rahatlığı məni buna məcbur buraxıb möhtərəm hakim..

Hakim: İndi vəziyyət elə gətirib ki, satmaq zərurəti yaranıb. Qanunla bu qədər yaxın tikilməməli idi, anlayıram, amma bu bina da artıq tikilib. Bu problemin aradan qalxması üçün ortaq bir məxrəcə gəlin...

"İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI VƏ MÜAVİNİ MƏNİMLƏ BAZARLIQ EDİRDİLƏR"

Martın 12-də 2 saylı İnzibati İqtisad Məhkəməsində hakim Zaur Tağıyevin sədrliyi ilə Bakıxanov qəsəbəsinin sakini Həsən Camalovun Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddiasına baxılırdı. İddia BŞİH-nin “Bərgüşad-Ş” MMC-nin tikdiyi binaya verdiyi sərəncamın ləğvi ilə bağlı idi.

Həsən Camalov 13 uşaq atasıdır. 2008-ci ildə Bakıxanovda torpaq sahəsi alıb və 3 mərtəbəli ev tikib. 2 il əvvəl tikinti-təmiri başa çatdırıb ailəsiylə yenicə ora yığışıb ki, qapını yerli icra hakimiyyətinin işçiləri döyüb.

Belə ki, “Bərgüşad-Ş” şirkəti Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi 26/1 ünvanda - onun evinin 3 metrliyində 11 mərtəbəli bina tikib. Həsən Camalov binanın onun mülkünə və ailəsinə təhlükə yaratdığını əsas gətirərək sökülməsini tələb edir. Şirkət və yerli icra hakimiyyəti isə onu yola gətirməyə çalışır ki, verilən kompensasiya ilə razılaşıb ərazidən köçsün. Həsən Camalov kompensasiyanın məbləğinin az olduğunu deyir.

Həsən Camalovun məhkəmədən tələbi bu idi ki, evinin faktiki sahəsi ölçülsün, həmin sahəyə görə də qanuni şəkildə kompensasiya ödənilsin.

“Bərgüşad-Ş” MMC və Sabunçu rayon icra Hakimiyyəti məhkəmə prosesində üçüncü tərəf kimi iştirak edirdi. Ötən məhkəmə iclasında hakim tərəflərə razılığa gəlmək üçün möhlət vermişdi. MMC-nin üzərinə öhdəlik qoymuşdu ki, mülkiyyətçinin evini qarşılıqlı razılıq yolu ilə alıb ərazidən köçürsün. Bu dəfəki iclasda hakim tərəflərdən razılığa gəlib gəlmədiklərini soruşdu:

Hakim: Görüşüb bir razılığa gəldinizmi?

Həsən Camalov: Bu müddət ərzində mənə nə zəng edən, nə də görüşən olmadı.

Hakim: Siz özünüz də müraciət etmədiniz?

Həsən Camalov: Mən onlara niyə müraciət etməliydim ki? Tərəfinizdən öhdəlik məhz onların üzərinə qoyulmuşdu, möhtərəm hakim. Onlar mənim evimi almaq istəyirlərsə, özləri mənimlə görüşməyə, danışmağa maraq göstərməlidirlər. Əvvəldən evimi onlara satmaq fikrim olmayıb. Sabunçu rayon icra hakimiyyətinin işçiləri Şövqi müəllim və Rəfail müəllim, Adil Vəliyevin tapşırığı ilə dəfələrlə evimlə bağlı mənimlə bazarlıq etdilər. Onlara satmaq fikrim olmadığını bildirdim. Sonra məni icra hakimiyyətinin başçısının birinci müavini Şakir Alıyev icra hakimiyyətinə dəvət etdi. Dedi ki, Hacı, bu ev bizə lazımdır, 220 min dollar da pul veririk. Mən sənə açıq deyirəm bunu, onsuz da əgər razılaşmasan, məhkəməyə verib sökdürəcəyik.

Həsən Camalov məhkəmədə bildirdi ki, icra başçısının birinci müavini ilə razılığa gəlmədiyinə görə, sonradan daha bir neçə dəfə ora çağırılıb:

- İkinci dəfə yenə icra hakimiyyətinə çağırdı. Orucluq idi. Bu dəfə dedi ki, danışmışam, 250 min dollar verirlər, mən də üstünə öz cibimdən 50 min dollar əlavə edirəm. 300 min dollara razılaşaq, get “forma 1” al. Yenə razılaşmadım, otağından çıxdım.

Həsən Camalov izahatına davam edərək bildirdi ki, növbəti dəfə 2013-cü ilin dekabr ayının 13-ündə icra hakimiyyətinin başçısı Adil Vəliyevin qəbuluna gedib:

“İcra başçısı qəbul otağında, işçilərinin gözü qarşısında mənimlə bazarlıq etdi. Dedi ki, Sənə 350 min manat verilir, bu da 450 min dollar edir. Niyə razılaşmırsan?”

HAKİM: "NƏ QƏDƏR TƏKLİF EDİRSİNİZ?"

Həsən Camalovun şəxsi mülkü və sökülməsini tələb etdiyi 11 mərtəbəli yeni tikili
Həsən Camalovun şəxsi mülkü və sökülməsini tələb etdiyi 11 mərtəbəli yeni tikili
Cavabdeh tərəf məhkəmənin nəzərinə çatdırdı ki, Həsən Camalovun mülkünün sahəsi Çıxarışda 321 kvadratmetr göstərilib. Onlar da Çıxarışdakı sahənin pulunu ödəməyə hazırdılar. Həsən Camalov razılaşmadı:

“O Çıxarışa görə məndən 20 min manat istəyirdilər. Prezidentin korrupsiya ilə mübarizəyə çağırışından sonra əlimə imkan düşdü ki, sənədi qanuni yolla – 375 manata əldə edim, Həmin vaxt sevindiyimdən mənimçün orada yazılan sahənin ölçüsü gözümə görünmürdü. Sevinirdim ki, mən mülkümə Çıxarış əldə etmişəm. Bundan başqa, evin texniki pasportunda mülkün sahəsi həqiqiyə yaxın, yəni – 488 kvadrat göstərilib. Möhtərəm hakim, Siz də bilirsiniz ki, çıxarış texniki pasporta nəzərən tərtib olunur. Əgər texniki pasport bir sənəd deyilsə, dövlət özəl mülklərə, həyət evlərinə niyə texniki pasport verir?”

Hakim üzünü “Bərgüşad Ş” şirkətinin nümayəndəsinə tutdu:

- Bu adama nə təklif edirsiniz? Tərəflər də buradadır, gəlin, konkretləşdirək, nə qədər təklif edirsiniz?

Şirkət nümayəndəsi:

- Biz 380 min manatdan artıq pul vermirik. Hesab edirik ki, ədalətli qiymətləndirmədir.

Həsən Camalov isə bu qiymətləndirmə ilə razılaşmadı:

"Yaxınlıqdakı 1928-ci ildə tikilmiş, istismar müddəti bitmiş binanı söküb, sakinlərinə kvadratı 1150 manatdan ödədilər, mən isə mülkümü 2008-ci ildə tikməyə başlamışam, 2011-ci ildə başa çatdırmışam. Möhtərəm hakim, siz yaxşı bilirsiniz ki, Bakı şəhərində bir müklü tikib başa çatdırmaq, onu sənədləşdirmək nə deməkdir. Bu qiymətləndirmənin harası ədalətli oldu? Bu evi mənə dövlət hədiyyə etməyib axı..."

HAKİM ODLA SU ARASINDA...

Bakı Şəhər icra Hakimiyyətinin baş hüquqşünası Sani Nəsibov bildirdi ki, mülkiyyətçinin tələb etdiyi məbləğ şəhərin mərkəzində sökülən evlər üçün nəzərdə tutulub:

“Biz Basini də sökəndə adamlarla qarşılıqlı razılığa gəldik. Kvadratı 1500 manatdan ora üçün nəzərdə tutulmuşdu. Bakıxanov mərkəz hesab olunmur. Ona görə də hesab edirik ki, qiymətləndirmə düzgün aparılıb”.

İndi bir tərəfdə icra hakimiyyəti, digər tərəfdə Həsən Camalovun iddiasına görə, başçının himayəsində olan şirkət, qarşıda isə mülkünün dəyərini tələb edən mülkiyyətçi... Hakim tərəflərin yenə razılığa gəlmədiyini görüb növbəti dəfə möhlət verdi. Məhkəmə aprelin -3də davam edəcək.
XS
SM
MD
LG