Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:16
-
Yazıçı Əkrəm Əylisli AzadlıqRadiosuna Nobel mükafatına namizədliyinin sürülməsi xəbərinin mətbuata necə sızmasından xəbərsiz olduğunu və müraciətə imza atanlardan yalnız birini tanıdığını bildirib:

“Mən bu müraciətin kütləvi informasiya vasitələrinə hardan və necə sızdığını bilmirəm. Müraciətə imza atanlardan yalnız birini – Andrey Bitovu şəxsən tanıyıram. Bilirəm ki, Andrey Bitov ötən əsrin 60-cı illərindən bəri dünyanın ədəbi dairələrində öz əqidəsi və istedadı ilə tanınan böyük rus yazıçısıdır və Azərbaycan ədəbi mühitində də onu tanıyanlar az deyil.
Müraciətə imza atan digər 13 nəfər alim və ictimai xadimin heç birini şəxsən tanımıram. Ancaq onların elmi və ictimai fəaliyyətinə qismən bələdəm.

“HAKİM İDEOLOGİYA ƏDƏBİYYATA QARIŞMASA YAXŞIDIR”

Mənim “Daş yuxular” əsərimə məmləkətin hakim ideologiya təəssübkeşlərinin sərt münasibətini hamı bilir. Ölkəmizin hakim ideologiyası ilə mənim heç bir ədavətim yoxdur, ancaq həmişə bu fikirdə olmuşam ki, hakim ideologiya ədəbiyyata qarışmasa yaxşıdır. Axı ədəbiyyat ideologiya deyil, metaforadır yəni sırf söz sənətidir. Ancaq bəlkə heç yuxarıda oturanların da günahı deyil ki, bu ölkənin Yazıçılar Birliyi də ideologiyanın keşiyində durduğuna kimisə inandırmaq üçün dəridən- qabıqdan çıxır.

“MƏN ƏDƏBİYYATA ATA-ANA QUCAĞINDA GƏLMƏMİŞƏM”

Mən ədəbiyyata ata-ana qucağında gəlməmişəm, mən bu sənətə qorxulu döngələrdən, qaranlıq dalanlardan tək-təkinə keçib gəlmişəm və bir yazıçı ömrünü axıracan səmimi yaşamağın nə demək olduğunu yaxşı bilirəm.

Mən onu da yaxşı bilirəm ki, Azərbaycan yalnız öz içində yaşamır, dünyanın sivil dövlətləri arasında öz layiqli yerini tutmağa daim can atır. Xudbin, əyalətçi təsəvvürlərlə dünyanın mədəni həyatında daimi yer sahibi olmaq mümkün deyil.

Mən buna həmişə inanmışam və bu inamla da həmişə əlimə qələm götürmüşəm. Mükafata təqdim olunmaq hələ mükafatı almaq deyil, mən bu mükafatı, əlbəttə, almaq istərdim, ancaq çox arzu edərdim ki, bu mükafatı almağıma xalqımla bir yerdə sevinim”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG