Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:31

«Sahil» ticarət mərkəzində yanğın olub, FHN-nin bir əməkdaşı zəhərlənib [Fotolar]


Bakıda baş vermiş yanğın (Foto: Əziz Elxanoğlu)

Bakıda baş vermiş yanğın (Foto: Əziz Elxanoğlu)

-
Martın 12-i səhər saatlarında Bakıdakı “Sahil” ticarət mərkəzində yanğın baş verib. Yanğının baş verdiyi ticarət mərkəzi metronun “Sahil” stansiyasının üstündəki çoxmərtəbəli binada yerləşir. Sakinlər mənzillərindən çıxarılıb, ərazi polis nəzarətindədir. AzadlıqRadiosu müxbirlərinin hadisə yerindən göndərdiyi xəbərlər aşağıdakı mətndə xronoloji ardıcıllıqla yerləşdirilir. Ən yeni məlumatlar mətnin yuxarı hissəsindədir.


11:48 – FHN: NAZİRLİYİN BİR ƏMƏKDAŞI ZƏHƏRLƏNİB, İNSAN TƏLƏFATI YOXDUR

Fövqəladə Hallar Nazirliyi “Sahil” ticarət mərkəzindəki yanğınla bağlı açıqlama verib.

Bildirilib ki, yanğın martın 12-də səhər saat 10:48-də başlayıb. Yanğınsöndürənlər yollardakı tıxac səbəbindən hadisə yerinə gecikiblər. Təxminən 1 saat davam edən yanğın söndürülüb. Nəticədə 1500 kvadrat metr ərazi yanıb. FNH-nin bir nəfər əməkdaşı tüstüdən zəhərlənib. Digər xəsarət alma və insan tələfatı yoxdur.

Hadisənin baş vermə səbəbləri hələ ki bəlli deyil.

11:13 - YANĞININ SƏBƏBLƏRİ BARƏDƏ HƏLƏ AÇIQLAMA VERİLMİR

Ərazidə olan Fövqəladə Hallar Nazirliyinin sözçüsü Tural Museyibov AzadlıqRadiosuna deyib ki, yanğın hələ tam söndürülmədiyi üçün hadisə və onun baş vermə səbəbləri ilə bağlı hər hansı məlumat verə bilmirlər.

AzadlıqRadiosunun müxbiri xəbər verir ki, evakuasiya olunanlar arasında xarici vətəndaşlar da var.

11:00 – FHN: YANĞININ SÖNDÜRÜLMƏSİ DAVAM ETDİRİLİR

Yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Bakı şəhəri, Səbail rayonunda “Sahil” ticarət mərkəzində yanğın hadisəsi baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvə və vasitələri cəlb olunub. Yanğının söndürülməsi üzrə işlər davam etdirilir. Əlavə məlumat veriləcək.

10:30 - "SAHİL" TİCARƏT MƏRKƏZİ YANIR

“Sahil” ticarət mərkəzinin 3-cü mərtəbəsi yanır.

AzadlıqRadiosunun hadisə yerində olan əməkdaşı xəbər verir ki, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin15-ə yaxın yanğınsöndürən maşını cəlb olunub, bütün ərazi polis nəzarətinə götürülüb. Jurnalistlər və ticarətçilər əraziyə buraxılmır.

Yanğının baş verdiyi ticarət mərkəzi metronun “Sahil” stansiyasının üstündəki çoxmərtəbəli binada yerləşir.

Metronun "Sahil" stansiyasının giriş və çıxışı bağlanıb. Yanğının baş verdiyi 12 mərtəbəli binada yaşayan sakinlər mənzillərindən çıxarılır.

Hələki yanğının hansı səbəbdən baş verdiyi barədə hər hansı məlumat verilmir.

AzadlıqRadiosunun əməkdaşı hadisə yerindədir, az sonra ətraflı məlumat yerləşdiriləcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG