Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:51
-
Onu vüqarlı, azad insan kimi tanıyırlar. Əyalətdə, mühafizəkar bir mühitdə dünyaya göz açan qız özünəməxsus geyimi, yaşam tərzi, həyata baxışları, ictimai-siyasi fəaliyyəti ilə ətrafındakılardan fərqlənib. Ondakı əzmkarlığa, sənətə olan sevgiyə heyran qalmamaq olmur: peşəkar rəssam olmaqdan ötrü üst-üstə 11 il təhsil alıb. İndi eyni əzmkarlıqla bu sənəti maraq göstərən uşaqlara, gənclərə aşılayır.

“DAĞ YOLU”NDAN AÇILAN CIĞIR...

Fənarə Astan

Fənarə Astan

Rəssam Fənarə Astanla onun əsas iş yerində- İmişlidəki Dövlət Rəsm Qalereyasında görüşüb söhbət edirik. Bura həm sərgi salonuna, həm tədris-təlim otağına, həm də elə yaradıcılıq emalatxanasına bənzəyir. Qalereyaya gələnlər təkcə tamaşaçılar deyil, bəziləri burada təlim keçir. Elə bizimlə söhbət edə-edə Fənarə xanım məktəb yaşlı iki uşaqla növbəti məşğələ aparırdı:

“3-cü sinifdə oxuyanda məktəbimizə təsviri incəsənət fənnindən təcrübə keçməyə bir gənc müəllim gəlmişdi. O, bizə “Qışda ağac” mövzusunda tapşırıq vermişdi. Çəkdiyim şəkil onun çox xoşuna gəldi, bütün siniflərdə nümunə kimi uşaqlara göstərdi. Bu, məndə özümə olan inamı artırdı. Deyirdim ki, böyüyüb rəssam, Repinin tələbəsi olacağam. Məktəbimizdə işləyən Qulamhüseyn müəllimin rəssamlığa marağı, yaxşı əl qabiliyyəti vardı, mənə çox şeylər öyrədib”.

Gələcəyin rəssamı ilk uğuruna 7-ci sinifdə oxuyarkən imza atıb:

“O vaxtlar “Pionerlər evi”ndəki rəsm dərnəyinə gedirdim. Kiyevdə keçmiş ittifaq məktəbliləri arasında keçirilən rəsm müsabiqəsinə “Dağ yolu” adlı mənzərə göndərmişdim. Sonradan qəzetdən oxudum ki, təqdim etdiyim iş 1-ci yeri tutub”.

İLK ETİRAZ AKSİYASI

Fənarə Astanın rəsm əsəri

Fənarə Astanın rəsm əsəri

​Fənarə xanım orta məktəbdə bütün fənləri yaxşı oxuduğunu deyir. Rus və ingilis dillərini dərindən öyrənib, məktəblilər arasında fizika, riyaziyyat fənləri üzrə olimpiadalarda iştirak edib, yerli qəzetdə mənsur şeirləri dərc olunub. Valideynləri onu riyaziyyatçı, həkim görmək istəyib. Amma orta məktəb məzununun öz seçimi vardı: rəssamlıq. İlk etiraz aksiyası da ailə üzvlərinə qarşı olub:

“Evdəkilər rəssam olmağımı heç cür qəbul etmirdilər. Aclıq elan etdim, düz üç gün çörək yemədim. Gördülər ki, inadımdan dönən deyiləm, razılaşdılar”.

1977-ci ildə Ə. Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirən gənc Fənarə rayona qayıdaraq, “Pionerlər evi”ndə rəsm dərnəyinə rəhbərlik edir.

BAKI-LENİNQRAD-TBİLİSİ YOLLARINDA

Fənarə Astan 1980-ci ildə Rusiyanın Leninqrad (indiki Sankt-Peterburq) şəhərindəki Repin adına Rəssamlıq Akademiyasına daxil olur. Lakin buradakı iqlimə heç cür uyğunlaşa bilmir. 1-ci kursu bitirəndən sonra Tbilisidəki anoloji təhsil ocağına köçürülməsini istəyir:

“Təyyarəyə bilet tapa bilmədim, qızmar, bürkülü yay günlərində, xəstəhal vəziyyətdə 3 sutka qatarla getməli oldum. Özü də Tbilisiyə birbaşa reys yox idi. Amma biləndə ki, burada tədris gürcü dilində aparılır, Bakıya qayıtmalı oldum”.

1982-ci ildə Tusi adına Pedaqoji Unversitetin bədii qrafika fakültəsinə daxil olan Fənarə Astan, 1987-ci ildə həmin məktəbi fərqlənmə diplomu ilə bitirib.

QALEREYA, ZAVOD, MƏKTƏB...

Onun yolunu təkcə ailə üzvləri deyil, rayon rəhbərliyi də gözləyirdi. Həmin vaxt İmişlidə Dövlət Rəsm Qalereyası yaradılsa da, ixtisaslı kadr olmadığından fəaliyyətə başlaya bilməmişdi. Fənarə Astan Qalereyanın direktoru təyin olunsa da, bir müddət bu vəzifəni ictimai əsaslarla, yəni əmək haqqı almadan icra edib. O, eyni zamanda, İmişlidəki Dəmir-Beton Zavodunda tərtibatçı rəssam işləyib, pedaqoji fəaliyyətlə də məşğul olub.

Fənarə Astan və şagirdləri

Fənarə Astan və şagirdləri

Qeyd edək ki, Fənarə Astan Ə. Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin və Repin adına Rəssamlıq Akademiyasının İmişlidən olan ilk tələbəsi, rayon üzrə ilk ali təhsilli rəssam kimi “ilk”lərə imza atıb. Yetirmələrindən bir neçəsi hazırda onunla çiyin-çiyinə işləyir, sorağı uzaqlardan gələnlər də var...

AZADLIQ AŞİQİ

Azərbaycanda milli azadlıq hərəkatı başlanan ilk gündən Fənarə Astan onun sıra nəfərinə çevrilib, mitinqlərə qatılıb, meydanlarda gecələyib. Fırça, karandaş tutan incə barmaqlar qəzəbdən düyünlənərək yumruğa çevrilib, “Azadlıq!” deyə hayqırıb. 1993-cü ildə başının üstündən uçan güllələrdən qorunmaq üçün başqa etirazçılarla birgə yerə uzanmaqları, “Sahil” bağının beton divarlarına sığınmalarını hələ də unuda bilmir.
Qarabağ uğrunda amansız döyüşlər gedən zaman Fənarə Astan tez-tez cəbhə bölgələrinə yollanıb, döyüş mövqelərində, səngərlərdə, hospitallarda olub. Arxivində saysız-hesabsız döyüşçü şəkilləri, müharibənin dəhşətlərini ifadə edən əsərlər var.

Dediyinə görə, bütün təzyiq və təhdidlərə baxmayaraq o, AXCP sıralarını tərk etməyib, rayon təşkilatının yeganə qadın üzvü olmağına baxmayaraq yığıncaqlarda iştirakdan qalmayıb. Dairə və məntəqə komissiyalarının üzvü, yaxud müşahidəçi kimi əksər seçkilərdə iştirak edib, qapı-qapı düşərək partiya namizədləri üçün imza toplayıb. Qalereya direktoru vəzifəsindən kənarlaşmasının da siyasi fəaliyyəti ilə bağlı olduğunu deyir:

“Mədəniyyət şöbəsinin müdirinə söz gəlirdi, icra başçısı hər iclasda onu ayağa qaldırır, töhmət edirdi. İstəmədim ki, mənə görə kimsə əziyyət çəksin, 2004-cü ildə könüllü olaraq istefa ərizəsi yazdım”.

Fənarə Astan hazırda İmişli Dövlət Rəsm Qalereyasında fond müdiri və Uşaq İncəsənət Məktəbində müəllim işləyir.

“BİZDƏ RƏSM ƏSƏRLƏRİNƏ PUL VERƏN YOXDUR”

Fənarə Astan ölkədə xeyli istedadlı rəssam olduğunu, amma onların əksəriyyətinin ehtiyac içərisində yaşadığını deyir: “Bizdə alıcı problemi var- rəsm əsərləri alınmır. Bəzən adamlar sifariş etdikləri portreti gəlib aparmırlar. Qazanc götürmək qalsın bir yana, istifadə etdiyimiz materialların xərci batır. Ən yaxşı əsərlərimizi başqa ölkələrdən gəlib ucuz qiymətə alıb aparırlar. Amma daxili auditoriyadan alıcı tapmaq müşkül məsələdir. Ona görə rəssamların bir çoxu dolanışıq üçün texniki işlər görürlər. Bundan isə sənət qazanmır”.

RƏNGLƏR

Rəssam üçün önəmli olan rənglərdir. Fənarə Astana görə, həyatımızdakı əvvəlki rəngarənglik azalıb:

“Al-əlvan, isti rəngləri xoşlayıram. Geyim seçimində də mümkün qədər qara rəngdən qaçıram. Son illər İmişlinin mərkəzi küçələrində yol kənarlarını hasarlayıblar, evlər, həyət-bacalar görünmür. Yaşıllıq azalıb. Bunlar mənə çox darıxdırıcı gəlir. Əvvəllər etüd etmək üçün Araz çayının sahilinə gedirdik. İndi hər yanı tikililər tutub, çay kənarına yaxınlaşmaq da olmur”.

RƏSSAMIN XOŞBƏXTLİK ARZULARI

Rəfael Hüseynov “Məhsəti necə varsa” əsərində XII əsr Azərbaycan şairəsini “qocalmayan gözəl” adlandırıb. Ömrün 60-cı baharını qarşılayan Fənarə Astanı dinləyərkən bu ifadəni xatırladım. Qəhrəmanımız həm görkəm, həm də elə təbiət etibarilə gənc qalıb. Deyə bilərsiniz ki, incəsənət adamlarının çoxu belədir. Amma Fənarə xanım “mən rəssamam, sənət adamıyam” deyib ictimai-siyasi proseslərdən kənarda qalmayıb axı. Bu incə sənət hesabına özünə kamfortlu həyat təmin etməyib . O, heç şəxsi həyatını belə qura bilməyib. Deyir xoşbəxtlik bunda da deyil. O, bu ölkədə bəlkə də tək-tək insanlardandır ki, azadlıq qazanıb və başqalarının haqqı üçün də çalışır:

“Çox ölkələr, çox şəhərlər gəzdim. Amma harada oldumsa, Vətən üçün darıxdım. Mənə heç bir şəhər Bakıdan gözəl, doğma olmadı. Lap uzaqlarda, gecələr park və meydanları çıraqban olan iri şəhərlərdə belə tozlu küçələrimiz çəkirdi məni. Çox istəyirəm ki, ölkəmiz azad, insanlarımız tam hüquqlu olsun, qadınlarımız cəmiyyətdə layiqli yer tuta bilsin”.

Şərhləri göstər

XS
SM
MD
LG