Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:49

Yeni antiterror qanunu kimə qarşıdır?


Zahid Oruc
Zahid Oruc
-
Azərbaycanda “Terrorçuluğa qarşı mübarizə haqqında” qanuna dəyişiklik edilir. Martın 14-də bu qanun layihəsinin parlamentin iclasına çıxarılacağı gözlənir. Həmin dəyişikliklərlə terror anlayışının əhatə dairəsi genişləndirilir. Terrorçuluğa açıq çağırışlar aqressiv dini təriqətlərə qoşularaq silahlı qrup yaratmaq, terrorçuluğu maliyyələşdirmək terror faktı kimi qiymətləndiriləcək.

3 MADDƏ DƏYİŞİR

Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc AzadlıqRadiosuna müsahibəsində dəyişiklikləri “əlahiddə” saymır:

– Bəzi fikirlərə görə, son dövrdə ölkədəki ayrı-ayrı dini qurumlara, cərəyanlara qarşı siyasi diskussiyaların, debatların artması fonunda qanunvericilər də bunu davam etdirirlər. İkinci qrup bunun Suriyadakı hadisələrdən doğduğu qənaətinə gəlib. İkincinin üstündə daha çox dayanardım. İstisna etmək olmaz ki, gələcəkdə nəinki Suriya, dünyanın digər ərazilərində də Azərbaycan vətəndaşlarının müxtəlif terror qruplarına, hər hansı silahlı dəstələrə, hərbi birləşmələrə qatılmaq cəhdi olacaq. Legionerlik, muzdluluq geniş şəkildə tirajlandırılır. Təkcə Suriyada 60 mindən çox yaraqlı döyüşür. Qanunvericiliyin 3 maddəsinə dəyişiklik olub. Əslində, BMT-nin bir konvensiyasını biz ratifikasiya etmişdik. Cinayət Məcəlləsində də terrorçuluqla bağlı bir neçə müddəa var. İndi, konkret olaraq, dini məzhəbləri yaymaq adı altında insanları hər hansı terror qruplarına cəlb etmək, insanlarımızı düşmənçilik zəminində başqa bir ölkədə silahlı fəaliyyətə qoşmağın özü, bu fəaliyyəti maliyyələşdirmək terrora yardım kimi dəyərləndiriləcək və məsuliyyət doğuracaq.

“NƏ ƏFQANISTANA, NƏ DƏ ÇEÇENİSTANA BU QƏDƏR AXIN OLMAMIŞDI”

Deyirsiniz ajiotaj doğuracaq dəyişikliklər deyil. Bəs niyə məhz indi əlavələrə ehtiyac yarandı?
– Ajiotaj doğurmamalıydı. Axı Suriyada vuruşan azərbaycanlıların məsələsini parlamentdə də müzakirə etmişdik. “Biz onlarla nə etməliyik?” sualı qarşısında bir çox parlamentari daha sərt qanuni münasibət tələb etdi. Bu əməllərin terror kimi tövsif edilməsini yanlış sayanlar da vardı. Halbuki BMT-nin sözügedən konvensiyası 10 illərdir ratifikasiya olunub. Artıq bu konvensiyanın ali tətbiq hüququ var. Hansı formada, necə? Bu məsələlər indi dəqiqləşdirilir. Əvvəl də oxşar fəaliyyətə görə hüquqi təqib vardı, sanki indi işləməyə başlayıb. Nə Əfqanıstana, nə də Çeçenistana bu qədər kütləvi insan axını baş verməmişdi. Heç dünyada da belə olmamışdı...
Yəni məhz Suriyaya, Əfqanıstana gedənlərin artması zəruri etdi bu dəyişiklikləri, eləmi?
– Bu faktın birmənalı təsirini inkar etmək mümkün deyil. “Xarici amil rol oynamadı” demək yanlış olardı. Dünənəcən ölü olan həmin maddələr indi özünü göstərməyə başladı.

SURİYADA 117 AZƏRBAYCANLI VAR

– Necə tətbiq olunacaq həmin maddələr?
– Bundan sonra özəlliklə müxtəlif dini qollar, islami məzhəblər, cərəyanlar, digər dini cərəyanlarda insanları təşkil edən, onların fəaliyyətinə maddi yardım göstərən, digər ölkələrdə hərbi birləşmələrə qoşulmasına kömək edənlərin əməli terror, yaxud terrora yardım kimi tövsif edilir. Məsələn, bu gün Suriyada 117 azərbaycanlı var, onların bir qismi məhz bu dini qrupların vasitəsilə gedib. Dəyişiklik həmin təşkilatların qapanmasına əsas verir. Mən iddia etmirəm ki, ölkədə vəhhabi kimi tanınan bütün şəxslər və ya məscidlər, qurumlar hamısı terrorçu yetişdiriblər. Hansı ünvanda bunlar baş veribsə, onlara qarşı hüquq təqibi seçilə bilər. Bu dəyişikliklərin nə vəhhabilik, nə də nurçuluğa yönəldiyini də düşünmürəm. Ancaq Suriyadakı proseslərin bu dəyişikliklərə təsirini birmənalı qəbul etməliyik.
Ölkədə dini ekstremizm təhlükəsinin elə də ciddi olmadığını, hakimiyyətin dini pərdə altında, Qərbə ölkəiçi dini təhlükə mesajı verməklə demokratik islahatlardan yayındığını da düşünənlər var. Ukraynadakı inqilabi proseslər də bu fikirləri gücləndirir.

YAS MƏRASİMLƏRİ MOLLALARIN ALNINA YAZILIB?

– Bu məsələyə bir təbiət hadisəsi ilə cavab vermək istərdim. Dənizdə dalğalar yerin təkindən başlayır, tədricən sahilə yan alır. Mətbuat orqanlarının mühakimələri maraqlı olur. Aşağı nöqtədən zərbələri başlayırlar, səthə qədər gətirirlər, səthə çatanda deyirlər ki, hakimiyyətin burada əlahiddə marağı var. KİV-lər bu prosesi hədsiz şişirdib, onu milli təhlükəsizliyə hədə kimi dəyərləndirir, “siyasi demokratik proseslər getmir deyə digər tendensiyalar, özəlliklə dinə tapınmaq istəyi genişlənir” kimi versiyalar ortaya çıxarmışdılar. İndi nədən bu proseslər “hakimiyyətin inqilabi viruslardan qorunmaq üçün Qərbi dini radikallarla şantaj edir” fikirlərinə çevrildi? Dünənə qədər hakim elita ölkədə bütün etiqad daşıyıcılarının dinc-yanaşı yaşadığını vurğulayıb. Nədən onda həmin şantaj aləti sakit saxlanırdı? Dini təhlükə Azərbaycanın unitar quruluşunu təhdid edəcək səviyyədə deyil, ancaq heç də saymaq olmaz. İstəyiriksə ki, vəhhabilik, sadəcə, bir inanc olmasın, onların maliyyə mənbəyi ilə genişlənməsin, vətəndaşlar islamı vahid xətdə tapsınlar, – dini azadlıqları genişləndirməli, təbliğatımızı daha müasir vasitələrə daşımalıyıq. Nə qədər ki bizdə İslam dini yas yerlərində savadsız mollaların bir ayini səviyyəsində keçəcək, vəhhabilik də, nurçuluq da genişlənəcək. Nədən yas yerlərimizdə mollayla yanaşı bir tarixi müəllimi, sosioloqa yer vermirik ki, bu təbliğata qatılsın? Matəm mərasimləri molların alnına yazılıb? Harda yazılıb ki, onların monopoliyasıdır?
-
Yeni qanun barədə sən nə düşünürsən?
Şərhini yaz!

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG