Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:06

Yeni şeirlər


Qurtarın bu axmaqlığı. Siz böyük səhv edirsiniz. Çıxarın üzüklərinizi...

-

Nərmin Kamal


Beş şeir


Dovğa

Bu gecə nə pis gecədir
dovğam çürüdü, a dostlar
Qatdım nə nazu-nemətim ki vardı,
amma çürüdü, a dostlar

Onu dünyatək fırlatdım
qolum ağrıdı durmadım
qapı döyüldü getmədim
bircə mesaja dözmədim
baxdım görüm kimdi yazan

Xasiyyəti necə tündmüş
mənə heç güzəşt etmədi
ürəyin geniş etmədi
bir an nədir gözləmədi
dovğam çürüdü, a dostlar

Bir dəstə keşniş doğradım,
bir dəstə şüyüd doğradım
nanə, kəvər də doğradım,
bir yumurta, bir az düyü
vaxtım getdi, gücüm getdi,
bir mesaj nə olan şeydi
boylanmağımla çürüdü?!

Süfrəmdə yeri boş qaldı
özü getdi sözü qaldı
heç bu qədər yandırmazdı
mesaj yazan yar olsaydı
bu gecə nə pis gecədir
dovğam çürüdü, a dostlar.


Geriyə dönmək

(Sharon Olds'a​)

Arxadan onları izləyirəm...
Musiqi texnikumundan çıxıb bulvara tərəf gedirlər.
Bakıdır.
1970-ci illərin sonudur.
Apreldir.
Dallarınca addımlayıram bulvara doğru...

Gedənlərdən biri atamdır
saçları qara, gözləri qatran sobası
boyu buludlarda
yaşı on doqquz
özündənrazı

O biri anamdır
əynində sarafan
əlində musiqi aləti və kitabları
üzündə təbəssüm
aprel küləyi oxşayır şabalıdı saçlarını
və ağca bədənini,
dəli kimi sevirlər bir-birini

hələ heç nə anlamırlar,
bir günaha batmayıblar
sanarsan:

heç qadına əl qaldırmaz bu cavan oğlan,
heç səsini qaldırmaz bu cavan qız,
qıymazlar bir uşağın göz yaşına...

Yüngülcə öskürərək yanaşmaq istəyirəm onlara
istəyirəm qışqırım: Dayanın!
Qurtarın bu axmaqlığı. Siz böyük səhv edirsiniz. Çıxarın üzüklərinizi.
- Bu qadın sənə görə deyil, ata!
- Bu kişi sənə görə deyil, ana!

Sən tezliklə əsəbi bir kişiyə dönəcəksən,
saçların vaxtsız ağaracaq,
evdən çıxıb buralara gələcəksən fikrini dağıtmağa
təkbaşına, dərdbaşına...
Sən tezliklə hirsli bir qadına dönəcəksən,
səsindən başqa heç bir şey qalmayacaq sabaha
qapını çırpıb evlərin arasında gəzəcəksən
təkbaşına, dərdbaşına...

bir uşaq ağladacaqsınız
elə əzab çəkəcəksiniz, - kimsə çəkməyib elə əzab
özünüzü atmaq istəyəcəksiniz sevgilə baxdığınız bu dənizə....

Birdən anamın gözəl üzü dönüb mənə baxır gülərək,
atam buludlardan aşağı əyilib alnımdan öpür,
mən, hiyləgər uşaq, susuram,
demirəm onlara deyəcəyimi,
qışqırmıram ki: “Dayanın!”

Çünki doğulmaq istəyirəm bu dünyaya
qucaqlayıb sıxıram onları bir-birinin bağrına
sürtürəm dodaqlarını çaxmaq daşı kimi
və deyirəm: Buyurun, evlənin, buyurun, edin edəcəyinizi.


Çilov adasında

Arvadlar deyinərdi,
“Ay baş beynimiz getdi
televizoru söndür
onsuz da eşitmirik”

Kişilərsə deyərdi:
“Kimsə türmədən qaçıb
bu da onu axtarır
yuxarıdan gəlibdi”

Düz uçub gedənlərlə
heç işləri olmazdı
elə ki dövrə vurdu
ağızlar açılardı

Rəna deyərdi: “Pır pırrr
get o biri həyətə
orda karlar yaşayır
ər də kar, arvad da kar”

Rafiq deyərdi: “Rəna,
get çiyninə bir şey sal
memarlardı bəlkə də
şəklimizi çəkirlər”

Nənə altdan yuxarı
dərdin söylərdi ona
“Çadrovıda evim vardı
Səməd əmi satdırdı”

Müəllimlər deyərdi,
vertolyot səs-küyünə
göyə baxan uşaqlar
gələcəkdə kasıb olacaqlar

Uşaqlar yağlı-yağlı
söyüşə qərq edirdi
ən utancaq olanı
dalını göstərərdi

çox yaxından uçur bu
pəncərələr sınacaq
“Yenə getdi qayıtdı
ala e, kül başına”

Ölülər deyinərdi,
nə əbədi sükutmuş
daşlarımız çatlayır
dişlərimiz çatlayır

Vertolyot uğultusu
bizə qulaq asardı
o gözdən itən kimi
cırcırama başlardı.


Rəqiblər

Onlar mənim on iki yaşımda doğuldular,
böyüdülər,
sinəmin yarısın tutdular

Heç özümdən ayırmadım
daşıdım
özümlə birgə

Onları tam da özüm saymıram
amma
kədərləri kədərim, sevincləri sevincimdir

Onları verməli olduğum hədiyyə sanıram bəzən
özgənindir,
amma mən saxlayıram onunçün

Inəklərlə üz-üzə gəldimmi, pərt oluram
izah edə bilmirəm
amma xoş deyil inəklərdə də olması

Geyinməyə başlarkən ən birinci onları geydirirəm,
çimməyə başlarkən də eləcə
yol keçən uşaqlı qadındırlar və güzəşt edirəm sanki

Hər zaman hesablaşıram onlarla
paltar alanda çox açıq olmasın
köynəkdə sintetika, tərə qarşı vasitədə aliminium olmasın

Tez-tez yoxlatmalıyam onları, bilirəm,
xərçəng yetişdirirlərmi orda gizlicə
Ancaq yoxlatmıram, inanıram dostluqda sədaqətlərinə

Mən də əsl dost kimi dururam arxalarında
bir dəfə şillə də vurmuşam səfehin birinə
minnət qoymuram, dostumun yolunda dalaşmışam sadəcə

Ancaq onlar sevilərkən də xoşbəxt olmuram
Onlar sevilərkən də xoşbəxt olmur qadınlar
çünki biz özümüz istərdik o cür sevilməyi.


Axşamüstü

Ağır-ağır, addım-addım
arxayın gedirdi dəvə
sağında səhra yanırdı
solunda səhra yanırdı...
narıncı alov dilləri
qarsıyıb tutdular onu
əvvəl bir hürgücü yandı
sonra o biri hürgücü
əlləri elə əridi
şam əridi elə bil ki
mən bir şey edə bilmədim,
buludlardır - dedim, keçdi...

Ağ paltarlı bir qadın da
toyundanmı qaçmışdı ki
yüyür-yüyür yüyürürdü
nazik uzun bəyaz bir mil
saplandı düz kürəyinə
yazıq parça-parça oldu
mən bir şey edə bilmədim
buludlardır - dedim, keçdi

Hər addımda başı sanki
“hə” deyib yırğalanan
qara bir at gəldi sonra
zavallıya nəsə oldu
şişdi göy üzünü tutdu
mən bir şey edə bilmədim
“boynum ağrıdı baxmaqdan,
buludlardır” - dedim keçdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG