Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:44

Abbas Abbasov: «Putin ən doğru addımı atdı»


Ukrayna
Ukrayna
-
“Rusiya prezidenti Putinin Federasiya Şurasına Ukrayna ərazisində ictimai-siyasi durum normallaşana qədər ölkə ərazisinə Rusiya qoşunlarının yeridilməsi üçün müraciət etməklə ən doğru qərarı verib. Bununla da o, bütün dünyaya bəyan etdi ki, Ukraynadakı qeyri-müəyyən durum Rusiya Federasiyasının milli maraqlarına, rusların, həmvətənlərin həyatına təhlükə törətdiyi üçün bu addımı atmağa borcludur”.

Abbas Abbasov
Abbas Abbasov
“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Azərros”un Ağsaqqallar Şurasının sədri, Azərbaycan baş nazirinin keçmiş birinci müavin Abbas Abbasov deyib. “Azərros”un saytında yerləşdirilən açıqlamada daha sonra deyilir: “Ukraynadakı gərginliyi qızışdıran Qərb siyasətçiləri Rusiyanın baş verənlərə bu cür reaksiya verəcəyini, bütün gücü ilə öz maraqlarını müdafiə edəcəyini gözləmirdilər. Rusiya prezidenti Vladimir Putinin mövqeyi aydın və bizim hamımıza yaxındır. Həmvətənlərini, qardaş Ukrayna xalqını millətçilərin basqısından və özbaşınalığından müdafiə edən Rusiyanı heç bir qüvvə dayandıra bilməz”.

DİN DEPUTAT OĞLUYLA BAĞLI XƏBƏRLƏRƏ MÜNASİBƏT BİLDİRİB

Daxili İşlər Nazirliyi (DİN) bir neçə ay əvvəl deputat Ayaz Orucovun oğlunun Bakıda maşına atəş açması barədə yayılan xəbərlərə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-nın sorğusuna cavabında bildirib ki, məsələnin mahiyyəti həddindən artıq şişirdilib və bu ətrafda yersiz ajiotaj yaradılıb.

Onun sözlərinə görə, həqiqətən hadisədə adıçəkilən “Nissan Juke” markalı, Az 90 NX 685 nömrə nişanlı maşında olan Ramilə Süleymanova Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsinə ərizə ilə müraciət edib və onun ərizəsi əsasında idarədə müvafiq araşdırma aparılıb, hər iki tərəfin izahatı alınıb: “Araşdırma nəticəsində məlum olub ki, qarşı tərəfdə “Mercedes Galenvagen” markalı, Az 10 BB 111 nömrə nişanlı maşında iki gənc oğlan olub və onlar gecə saat 2-3 radələrində tanışlıq məqsədilə xanımların arxası ilə sürüblər. Tanış olmaq istəyiblər və bu, alınmayandan sonra yolları ayrılıb, məsələ də bununla bitib. Həmin araşdırmalarla bağlı ekspertiza da müəyyən rəy verib. Belə ki, “Nissan Juke” markalı, Az 90 NX 685 nömrə nişanlı avtomobilin arxa hissəsində olan zədələrin odlu və ya pnevmatik silahdan açılan atəşin zədələrinin izləri olmadığı müəyyənləşib. Bunlar sadəcə mexaniki zədələr olub. Ona görə xanımların dedikləri kimi maşına 8 güllənin atılması kimi məsələlər öz təsdiqini tapmayıb. Həmin maşının arxa şüşəsi çatlayıb və onun sınıb tökülməsi barədə deyilənlər də yalandır. Əgər maşına güllə dəysəydi, arxa şüşə sınardı”. DİN rəsmisi qeyd edib ki, iddiaçı xanım məsələnin mahiyyəti qəsdən şişirdir və ətrafda süni ajiotaj yaratmaq istəyir.

PREZİDENTDƏN ƏKS-İNQİLAB ADDIMLARI

arxiv foto
arxiv foto
“Yeni Müsavat” qəzeti yazır ki, 2013-cü il prezident seçkisindən sonra İlham Əliyevin komandasında üç ciddi dəyişiklik etməsi ilə başlayan “səssiz inqilab”ın (“Yeni Müsavat” zamanında bunu “Ağ inqilab” da adlandırmışdı) yeni mərhələsi başlayıb. Prezident andiçməsindən sonra üç mühüm sahə - ölkənin müdafiə, sosial təminat və kənd təsərrüfatı nazirliklərində kabinetin əsas üzvlərindən üçünü istefaya göndərən İlham Əliyevin kadr islahatlarının tədricən, hakimiyyətin əsaslarını laxlatmadan həyata keçirəcəyi proqnozlaşdırılırdı.

... İri oliqarxiya hakimiyyətin içərisində elə şaxələnib və hətta dərin kök atıb ki, onların “təmizlənməsi” prosesi hakimiyyətə ciddi problem yarada bilər. Bu səbəbdən də indi oliqarxlaşmış məmur korpusunun hələ ki yerlərdəki adamlarının təmizlənməsi başlayıb. Maraqlıdır ki, 5 fevral müşavirəsindən sonra hakimiyyətdaxilində kompromat savaşı da qızışıb, hətta deyərdik ki, amansız xarakter alıb. Hər gün demək olar ki, bir məmurun özü və ya övladı haqda ifşaedici materiallar ortaya çıxır. Bu materialların bir çoxunun hakimiyyətdəki müxtəlif qruplaşmalara yaxın olan media strukturlarında tirajlanması kompromat savaşının qızışdığını təsdiq edir. Sanki hamı “dalğadan” qurtulmaq üçün rəqiblərini önə vermək üçün yarışır... Bu, artıq hakimiyyətdə mümkün dəyişikliyə hazırlıqdır və bunun konturlarını elə həmin məmur-oliqarxiyanın hərəkətliliyi sübut edir.

DÖVLƏT QULLUĞUNDA ÇALIŞANLARIN 28%-İ QADINLARDIR

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Aynur Sofiyeva yap.org.az saytına müsahibə verib. Sofiyevanın sözlərinə görə, bu gün ölkədə qadınlarımız istər idarəetmə, istərsə də qərar qəbuletmədə təmsil olunurlar:

“Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi artaraq 28% - ə çatmışdır. Milli Məclisdə qadın deputatların sayı artır, hazırda ölkə parlamentində qadınların xüsusi çəkisi 16 faiz, son bələdiyyə seçkilərində isə bələdiyyə üzvü seçilmiş qadınların sayı 5 dəfə artıb 26,7 % olmuşdur. Qadınlar elm, ədəbiyyat və incəsənətin müxtəlif sahələrində çalışırlar. Kiçik və orta sahibkarlıqla məşğul olan qadınlarımızın xüsusi çəkisi artaraq 17% təşkil edir. Artıq respublikanın əksər rayonlarının icra başçılarının müavinləri qadınlardır. Hazırda elmin müxtəlif sahələrində tədqiqat aparan və tanınmış elmi tədqiqat institutlar tərəfindən dəstəklənən alim qadınlarımızın sayı da artmışdır. Hüquq-mühafizə orqanlarında çalışan qadınlarımız kişilərlə bərabər ölkəmizin və vətənimizin asayişini qoruyurlar”.

QARADAĞIN İCRA BAŞÇISI: “HEÇ BİR TƏXRİBATDAN SÖHBƏT GEDƏ BİLMƏZ”

Martın 5-də axşam saatlarında Qaradağ rayonunun Lökbatan qəsəbəsində qazdan kütləvi zəhərlənmə baş verib. Nəticədə xeyli insan zəhərlənib. “Media forum” saytının suallarını Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov cavablandırıb.

- Hadisənin baş verməsi təxribat ola bilərmi?

- Xeyr, təxribat olması qeyri-mümkündür. Burada nə təxribat ola bilər? Düzdür, nəticə bir qədər ağır oldu, bir neçə nəfər zəhərləndi, insanlar həyəcan keçirdilər. Amma heç bir təxribatdan söhbət gedə bilməz. Adi iş proseduru əsasında qaz xəttində təmir aparılıb, kiminsə səhlənkarlığı nəticəsində qazın tərkibinə normadan artıq maddə vurulub. Nəticədə iy çox olub ki, bundan da zəhərlənmə baş verib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG