Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:46

"Gərək mən Afrikada doğulaydım"


Mübariz Cəfərli
Mübariz Cəfərli
-

"Mən indi sənlə söhbət edirəm, bu çox xoşdur, amma bunu tam ciddi deyirəm ki, bir neçə gün ərzində nəinki heç nə yaza bilməyəcəm, heç oxuya da bilməyəcəm".


Yazıçı Mübariz Cəfərlinin Azadlıq Radiosunun "Oxu zalı"na müsahibəsi


- Mübariz bəy, lütfən “Oxu zalı”nın izləyiciləri üçün bir qədər özünüzdən danışın.

- Mən İnşaat intstitutunu bitirmişəm, məktəb illərində riyaziyyatı çox gözəl bilirdim, bununla bərabər ədəbiyyata da böyük marağım vardı. Sonradan riyaziyyatın arxasınca getmədim, ədəbiyyatla məşğul olmağa qərar verdim. 1993-cü ildən bu günə kimi Yazıçılar Birliyinin “Azərbaycan” jurnalında çalışıram.

- Ədəbi mühiti ciddi izləsəm də, nədənsə ədəbi hadisələrdə sizin adınız heç hallanmır. Yeni romanlarınızı, təqdimatlarınızı, köşə yazılarınızı, ictimai məsələlərdə fikir bildirməyinizi heç görmürəm, bu nəylə bağlıdır?

- Bilirsiniz, yaradıcılığa münasibətinə görə insanlar üç cür olur. Birincisi odur ki, sırf yaradıcı işlə məşğul olurlar, ikincisi yaradıcı işdən vasitə kimi istifadə edib sırf karyera dalınca gedirlər, üçüncüsü isə yaradıcılıq və karyeranı birləşdirə bilirlər. Yəqin ki, mənim təbiətim belə qurulub ki, sırf yaradıcılıqla məşğul olmalıyam, bundan kənara çıxası olsam, bu mənə ziyan vura bilər. İctimai məsələlərə münasibətimi də bədii əsərlərimdə bildirirəm. Əgər sən dediyin yollara getsəm, gərək yazacağım əsərdən bir qaşıq götürüb o köşənin, o müsahibənin içinə atım. Yaradıcılığımı bir qaşıq ora, bir qaşıq bura atsam bir də görərik ki, yerdə heç nə qalmayıb. Bu mənim üçün belədir. Mən indi sənlə söhbət edirəm, bu çox xoşdur, amma bunu tam ciddi deyirəm ki, bir neçə gün ərzində nəinki heç nə yaza bilməyəcəm, heç oxuya da bilməyəcəm.

- Bir şeyə fikir verdim ki, Facebook-da dostlarınızın sayı azdır, elə Twitterdə də təzəlikcə qeydiyyatdan keçibsiniz. Bəlkə ictimai aktiv olmamağınız bundan gəlir? Elektron medianın gücünə inanmırsınız?
Mübariz Cəfərli
Mübariz Cəfərli

- Bəlkə mənim yaşım çoxdur, bəlkə buna öyrəşə bilməmişəm, amma hələ də internetdən nə isə oxumaq mənə çatmır, buna uyğunlaşa bilmirəm. Mən interneti kifayət qədər bilirəm, o saytları da bilirəm, amma kitab ki, kağızdan olmadı, onu vərəqləyib oxumadın, onun ləzzəti qalmır.

- Amma bu gün tez-tez şahid oluruq, nobelçi yazarlar dünyada baş verən ictimai proseslərə münasibət bildirirlər, məşhur yazarlar ən azından ədəbiyyatla bağlı, yeni çıxan romanları ilə bağlı açıqlamalar verirlər, yazılar yazırlar...

- Yazmaq-yazmaq deyirik, amma bir şeyi yaddan çıxardırıq. Bu da susmaqdır. Susmaq mədəniyyəti. Yazmaqdan daha gözəli susmaqdır. Mənim on ilə yaxındır kitabım çıxmayıb. Mən əvvəlcə xırda hekayələr, povestlər yazmışam, 6-7 kitabım çıxıb. Romana çatana qədər hardasa beş il ciddi susmuşam. Ondan sonra, “Bərpaçı”, “Bənna”, “Bağban” romanlarım çıxdı. Yazıçının gördüyü işdən danışması, insanın yediyi yeməkdən danışması kimidir. Ümumiyyətlə, mən qapalı adamam, sabah nə edəcəyimi heç kim bilməz. Yenə də deyirəm, öz yazdıqlarımdan danışmaq mənə ziyan edir. Mən indi yeni iki roman üzərində işləyirəm, sən məni öldürsən də, o romanlar haqqında danışmaram, yazı-pozu mənim intim yerimdir, ondan danışmaq olmaz. Ən əsası isə lap səmimi deyim, hal-hazırda yaradıcılıqdan başqa hər şey gözümdən düşüb, bu heç pessimizm deyil. Yaxşı ki, yaradıcılıq var. İnsan yazıda dərinə getdikcə ətrafda baş verənlərə marağını itirir. Bilirsən nə arzulayıram? Arzulayıram ki, ucqar bir yerdə yaşayım, amma orda həmişə yay olsun. Gərək mən Afrikada doğulaydım. (Gülür)

- Yazılarınızda Borxesin təsiri hiss olunur, xüsusilə “Əkslər labirinti” kitabınızın adından dərhal Borxesin təsirini hiss etdim. Həm əkslər, həm labirint Borxesin əsərlərində bol-bol istifadə etdiyi şeylərdir.

- Bəli, Borxes mənim çox sevdiyim yazıçıdır. İntellektual ədəbiyyatı çox sevirəm. Borxes adi həyat hadisələrinə öz rakursundan, tamam başqa gözlə baxa bilir. Bilirsiniz, Borxes yazıçı deyil, filosof da deyil, o hər nədirsə, yazıçı ilə filosofun ortasında bir yerdədir.

- Bizdə adamlar ona avtoritet kimi baxırlar. Hamı sevdiyi yazıçılar arasında mütləq onun adını çəkir, halbuki çox adam onu ətraflı oxumayıb.
Jorge Luis Borges
Jorge Luis Borges

- Borxes bütün dünyada avtoritetdir tək bizdə deyil. Amma razıyam ki, onu tam oxumaq hələ azdır, anlamağa çalışmaq lazımdır. Elə kitablar var ki, onları əbədi olaraq oxuyursan. Mən 20 yaşlarımda olanda “İnostrannaya literatura”dan Ceyms Coysu oxumağa qərar verdim. Onu oxuyub anlamağa düz on ilimi sərf etdim, amma hələ də deyə bilmərəm ki, əsərin sonuna çıxa bildim. Bilirsiniz, həddən artıq intellektuallıq bəzən yazıçıya mane olur, yazıçı fikirlərini ifadə etməkdə riyazi dəqiqliyə qaçır. Borxes, Coys, Nabokov da belə yazıçılardandır. Onların nəsrini ilk dəfədən anlamaq çətin gəlir.

- İndi ki mütaliədən söz düşdü, bilmək istərdim, mütaliəyə yeni başlayanlara nə məsləhət verərdiniz. Hansı müəlliflərlə başlayıb, necə davam etmək, hansı müəlliflərdə dayanmaq lazımdır?

- İstəyirəm peyğəmbərin hədislərinin birindən sitat gətirim. O deyir ki, “Elm üç qarışdır, birincini keçən təkəbbürlü olur, ikincini keçən heyrətdə qalır, üçüncünü keçən təvazökar olur”. Əgər yazıçı olmaq istəyirsənsə, Remarkdan başlamağını təklif edirəm. İlkin mərhələdə sadəliyinə görə ən yaxşı müəllif Remarkdır. O sənə ən azı yazıçı soyuqluğu öyrədəcək. Onun ardınca Ekzüperini, Stivensonu, bu tip macəra kitablarını oxumaq lazımdır. Onlar özü səni aparacaq və yavaş-yavaş gəlib Alber Kamyuya, Sartra çıxacaqsan. Onların ardınca isə birdən-birə özünü Kafkanın yanında görəcəksən, görəcəksən ki, onun vurğunu olubsan. Sənə bir sirr açım, mən Kamyudan sonra Kafkanı oxudum və qərara gəldim ki, birinci Kafkanı oxuyub sonra Kamyuya keçsəydim, Kamyunu oxuya bilməzdim. Çünki, Kafkadan sonra Kamyu çox adi bir şey kimi gəlir. Bunun üçün özümü zorlamalıydım. O mənə adi görünəcəkdi. Kafkanın “Məhkəmə”sindən sonra, Kamyunun “Yad”ı adama adi gəlir. Mütaliə ilə bağlı konkret bir tərif demək olmaz. Bu fərdi şeydir. Mən öz baxışımda belə görürəm. Mütaliənin sonuncu mərhələsində isə Coysu, Prustu, Borxesi oxumaq lazımdır. Onları həyatının sonuna qədər oxusan belə bitməyəcək.

- Bəs yaxşı yazmaq üçün mütləq çoxlu oxumaq lazımdır?

- Bu xeyli müəmmalı sualdır. Ola bilər sən ədəbiyyatı çox gözəl biləsən, amma o biliyin yazıçı olmaqda sənə mane ola. Yadımdadır gənc idim, “Yazıçı” nəşriyyatında işləyirdim. Oxumağa böyük marağım vardı, gecə-gündüz oxuyurdum. Yaşlı bir yazıçı vardı, tez-tez nəşriyyata gəlirdi. Ondan hansısa müəllif haqqında soruşurdun, saatlarla danışırdı, çox oxumuş adam idi. Amma günlərin bir günü özü nəşriyyata əsər gətirdi, oxumaq olmurdu, çox bərbad idi. Öz-özümə düşündüm ki, bu qədər şey bilən adam necə belə yazır axı. Ola bilər sən milyonlarla kitab oxuyasan, əsərdə heç kəsin görmədiyi məqamları görəsən, yaxşı nəticələr çıxarasan, amma özün bir cümlə yaza bilməyəsən. Mütaliə, ədəbi biliksə yazıçıya mütləq lazımdır, amma biz istedadı da nəzərə almalıyıq. Burda çox şey istedad və təcrübədən asılıdır.

Söhbətləşdi: Namiq Hüseynli
XS
SM
MD
LG