Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:39

Uşağa uşaq doğuzdurmaq


Şəlalə Göytürk

Şəlalə Göytürk

-

Biri çıxıb homoseksual olduğunu etiraf etdiyində, yığılıb onu daşa basan, amma hansısa məmurun “siz kişi deyilsiniz” təhqiri qarşısında dilini udan gənclik...

Bəli, onlar belə tərbiyə olunublar.



Şəlalə Göytürk (Nia Qara)


UŞAĞA UŞAQ DOĞUZDURMAQ


HADI RƏCƏBLİ ARQUMENTASİYASI

Yadınızdadırsa, bir neçə ay öncə, UNİSEF Azərbaycanda 2013-cü ildə 5000 azyaşlı qızın nikaha daxil olması ilə bağlı statistikanın nəticələrini açıqladı.

Ailə quran qızların əksəriyyəti (15-17 yaş) iki və ya üç uşaq anası kimi qeydə alınmışdı.

Təşkilat yaranmış vəziyyətdən narahatlığını bildirərək, Azərbaycan hökumətinə müvafiq tədbirlər görmək barədə çağırış etmişdi.

Jurnalistlər məsələ ilə bağlı millətin vəkili Hadı Rəcəblidən münasibət öyrənəndə, Hadı müəllim demişdi ki, avropalılar getsinlər öz dərdlərini çəksinlər, onlarda 15 yaşlı qızların “boyfriendi” olur, həmin boyfriendlərlə girlfriendlər cəmiyyətin gözü qarşısında istədikləri yerdə, istədikləri hoqqadan çıxırlar. Bizdə isə camaat qızını qayda-qanunla ərə verir, (daha doğrusu, başlıq müqabilində satır) necə lazımdı toy çaldırır, ağbirçək-ağsaqqalın xeyir-duası və el-obanın iştirakı ilə arvadlıq statusuna mindirirlər. Yəni, Hadı müəllim azyaşlı qızların məktəbdən çıxarılıb ərə verilməsinə belə bəraət qazandırmışdı.

Bilmirəm, Rəcəbli cənablarına deyən oldumu ki, ey dili qafil, o kafir, dinsiz-imansız ölkələrdə normal təhsil alan, hüquqlarını bilən, dünyadan başı çıxan bir qızın həmyaşıdı ilə sərbəst gəzib görüşməyi, sevişməyi, dostluğu hara, azərbaycanlı qızın evin içindən başqa bir mühit, cəmiyyət görmədən, sümüyü bərkimədən, gözü açılmamış toy-balabanla bir çətən külfətin içinə nökər verilib, özü uşaqkən, üç uşaq doğub ər qapazı altında çürüdülməyi hara. Görəsən ona çatdıran oldumu ki, ey bu yazıq millətin vəkili, sənin müqayisən Oksford Universitetində öyrədilən elmlə, bizim “NARXOZ”da verilən təhsili tutuşdurmaq kimi gülünc bir şeydir.

MOLLA ƏMİLƏR

Azərbaycan Konstitusiyasında nikah yaşı kimi 18 yaş nəzərdə tutulub. Başqa sahələrdə olduğu kimi bu qanun da sadəcə kağız üzərindədir. Ər-arvad tanıyıram ki, xaricə, oğullarının yanına qonaq getmək üçün bunlardan evlilik kağızı tələb olunanda, məcbur qalıb rəsmi nikaha giriblər. Bəs bu adamlar 30 il ərzində ər-arvad olduqlarını hansı sənədlə tanıtdırıblar? Bunlar nəyin əsasında ər-arvad olublar?

Əlbəttə ki dini nikahla! Ərəb dilində hırnan zırı qanmayan mollanın cızmaqarası ilə!

Tərəflər arasında rəsmi nikahın olmamasının fəsadları isə daha çox boşanmalarda üzə çıxır. Xüsusən, mal-mülkün bölüşdürülməsi zamanı qadının haqqının təmin edilməsində xirtəyəcən problem yaranır. Burada üç dəfə yox, yüz üç dəfə “talaq” desən də, faydası yoxdur. 13 yaşlı uşağa sevinə-sevinə kəbin kəsən molla, elədiyi qələtin məsuliyyətini daşımır. Niyə də daşısın?

Sabah bir problem yarananda o qızın, (oğlanın) nəsil- şəcərəsi, problemi çözmək üçün həmin mollanın şəriətinə yox, dövlətin idarələrinə cumacaq. Çünki mollaqarışıq hamısı bu fikirdədir ki, kafir, sekulyar dövlət onların zibilini kürüməyə borcludur. Bəs vaxtında dövləti niyə saya salmırdınız, qanunlara niyə hörmət etmirdiniz? Uşağa niyə uşaq doğuzdururdunuz? Təhsildən niyə yayındırırdınız? İndi də zəhmət çəkin, ağsaqqallı, ağbirçəkli, şəriətli, mollalı, yığışın, yediyiniz tortun üfunətini özünüz ört-basdır edin!

TELEVİZİYALARIN TERRORU


Açırsan, “ağzından gül tökülən” Azərbaycan telekanallarını. Bütün kanallar cani-dildən, guya, millətin ailə-məişət problemlərini “həll etməyə” girişib. Bir də görürsən, avam bir arvad yaylığını ağzına tuta-tuta, gəlib həmin verilişlərin birinə. Dərdini danışıb ağlayır. İkinci ya üçüncü cümləsində hıqqandığı yerdəcə, verilişə ekspert qismində dəvət olunan müdriklər (aparıcıqarışıq) fağır arvadın üstünə elə hücum çəkir ki, nə səbəbə ağladığı binəvanın yadından çıxır. Tutaq ki, qadın şikayətlənir:

-Ərim məni döyür, ac saxlayır, getməyə yerim yoxdur...

Ekspert adlanan məxluqlar qadının sözünü ağzında qoyub xorla qışqırışırlar:

- Yaxşı at özünə qamçı vurdurmaz! Günah özündədir! Get yalvar kişiyə, bəlkə günahından keçdi!

Sözügedən verilişlərin heç birində bir nəfər məntiqli, savadlı, ağlı başında olan adam görməzsən. Beləsini televiziyaların həndəvərinə də yaxın buraxmırlar. Özəlliklə, gəlin-qaynana, ər-arvad, yeznə-baldız dramlarını müzakirəyə çıxaran teleproqrama sosioloq əvəzinə iki eşşəyin arpasını bölə bilməyən müğənni, psixoloq yerinə isə molla çağırırlar.

TV-lər tipindən, janrından asılı olmayaraq verilişlərin az qala hamısını mollavari formatda qurmağa çalışırlar. İctimai-siyasi, sosial problemlərə aid proqramlarda belə, ilahiyyatçıların proqnozları səsləndirilir, müzakirəyə çıxarılan məsələ onların dərin “elmi” izahı və hədsiz müdrikliyi sayəsində guya,“öz müsbət həlli”ni tapır.

Qısası, vəziyyət xarabdır. Heç nə demirəm, sadəcə, bu televiziyaların dinləyicinin beyninə mənəvi terrorunu təsəvvür edin. Həmin televiziyaların təsiri ilə öz dünyagörüşünü, mənəviyyatını, düşüncəsini formalaşdıran bir gəncliyin yetişdiyini düşünün! Biri çıxıb homoseksual olduğunu etiraf etdiyində, yığılıb onu daşa basan, amma hansısa məmurun “siz kişi deyilsiniz” təhqiri qarşısında dilini udan gənclik. Bəli, onlar belə tərbiyə olunublar. Güclülərin-allahın, padşahın, müdirin, atanın, böyük qardaşın qorxusu altında özündən zəifi, yoxsulu, fərqli düşünəni əzərək yaşamağı öyrəniblər...


(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG