Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:59

«Bəs bilmirsiz ki, biz cinayətkarıq, bu əllərimizlə ölkəni çevirmişik»


Aysel Əlizadə və Şahbaz Xuduoğlu

Aysel Əlizadə və Şahbaz Xuduoğlu

-

Şahbaz Xuduoğlu

- Niyə 150 mindən baha saatlarını, maşınlarını göstərən nazir övladlarını çağırıb soruşmurlar ki, hardandır bu? Sən dövlət işində işləyən bir insanın oğlusan, hardandır bu səndə?


Vergilər Nazirliyi «Qanun» Nəşriyyatını 150 min manat cərimələyib. Həqiqətənmi nəşriyyatda vergi ilə bağlı pozuntular olub, yoxsa nəşriyyatın maarifçi fəaliyyəti kimlərisə narahat edir?

Bu haqda «Qanun» Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu, nəşriyyatla əməkdaşlıq edən və istintaqa çağırılan Aysel Əlizadə, nəşriyyatda çalışan tərcüməçi Nadir Quliyev və tərcüməçi Nəriman Əbdülrəhmanlı danışırlar.


Səadət Akifqızı


- Şahbaz bəy, Vergilər Nazirliyi qapınızı döyəndən bəri, gözlənən idimi bu hadisələr?

Şahbaz Xuduoğlu

- Doğrusu, bu, qapı döymək olmadı, qapını zorla, təpiklə açmaq oldu. Vergilər Nazirliyi bir dövlət orqanı kimi, bizdən sənədlərimizi istəsəydi, verərdik, yoxlamaq istəsəydi, yoxlamağa da imkan yaradardıq. Bunlar qapını təpiklə açıblar. 20 nəfər vergi işçisi içəri girib bütün sənədləri aparıblar. Rəsmi sənədlər, qeyri-rəsmi sənədləri, əl qeydlərini götürüblər, onların əsasında yoxlama qərarı çıxarıblar. Ümumilikdə “Qanun” nəşrlər evi 150 min manat cərimə edilib. Biz zorla sənədlərin götürülməsi faktı ilə bağlı İqtisad Məhkəməsinə müraciət etdik, məhkəmə işi yeddi dəfə araşdırdı və sonra bizim iddiaya baxmaqdan imtina etdi. Bu bir məhkəmə deyildi, sadəcə, hakim Vergilər Nazirliyinin təzyiqi altında məcbur olub bu qərarı qəbul etdi.

Səadət A.

- Ötən ilin noyabrına qədər sizə Vergilər Nazirliyindən gələn olmuşdumu?

Şahbaz X.

- Vergilər Nazirliyi bizə mütəmadi gəlir, onlarla problemimiz olmur. Amma hardasa bir ildən çox müddətdir ki, bizə belə şəkildə gəlməmişdilər. Adətən yoxlama gəlməzdən əvvəl bizə məktub yazırlar, gəlib lazım olan sənədlərin üzünü çıxardırlar və götürürlər. Amma bu dəfəki gəliş tam fərqliydi. Bu dəfə isə gəlib sənədlərin əslini aparıblar. Halbuki vergi müfəttişinin sənədin əslini götürməyə haqqı yoxdur. O, sənədin surətini götürə bilər, o zaman ki, sənədin surətini götürməklə bağlı əllərində məhkəmə qərarı olsun.

Səadət A.

- Şahbaz bəy, bu 150 min manat cərimə ilə bağlı hansısa bir əsasları varmı?

Şahbaz X.

- Onların göstərdiyi əsaslar boş və mənasızdır. Onlar bir tərcüməçini çağırıb soruşurlar ki, bu kitabı niyə tərcümə edibsən, yəqin əvəzində böyük miqdarda qonorarlar alıbsan, bu da deyib ki, nəşriyyat bunun müqabilində kitabımı nəşr edib. Biz kitabı necə qaldırdıq? Biri tərcüməsini gətirdi, biri könüllü redaktə etməyə razılıq verdi. Kitab nəşriyyatında nə qədər böyük dövriyyə var ki, nəşriyyata 150 min manat cərimə yüklənilir. Əgər biz dövlətin sifarişini yerinə yetirmiş olsaydıq və o icrada maliyyə yeyintiləri aşkar edilmiş olsaydı, o zaman istintaqa verərdiniz bizi. Bu, ktiab istintaqıdır, Azərbaycan yazarının istintaqıdır. Bu yalnız “Qanun” nəşriyyatının istintaqıdırsa onda niyə 100 nəfəri istintaqa çağırırsan? Niyə Vaqif Əlixanlını, Azər Abdullanı, Nəriman Əbdülrəhmanlını, Aysel Əlizadəni istintaqa çağırırsan, bunlar tərcüməçilər, yaradıcı insanlardır.

Səadət A.
Səadət Akifqızı

Səadət Akifqızı


- Bəs bu 150 min manat cərimənin arxasında duran əsl səbəb nədir, sizcə?

Şahbaz X.

- 150 min bizim üçün çıxarılmş ölüm hökmüdür. 150 min “Qanun”u batıran rəqəmdir. Bilərəkdən düşünülüb, tapılmış rəqəmdir. O cəriməni verməli olsaq “Qanun” batacaq. Məqsəd odur ki, kitab istehsal edən, kitab təbliğ edən, kitab yayan bir yeri sıradan çıxarsınlar. Amma niyə “Qanun”u sıradan çıxarırlar? Niyə 150 mindən baha olan saatları göstərən, bahalı maşınlarını göstərən nazir övladlarını çağırıb soruşmurlar ki, hardandır bu? Sən dövlət işində işləyən bir insanın oğlusan, hardandır bu səndə? Sən ki, nəşriyyat sahibi deyilsən. Onlar özləri üçün firavan həyat yaşayırlar, dövlət pulunu öz pulları kimi xərcləyirlər, onlara bir şey deyən yoxdur, amma “Qanun” nəşriyyatını əzirlər, sözün əsl mənasında sındırırlar. Hər gün səhər mənə zəng vurub 150 mini istəyirlər. Sadəcə, nəşriyyatı batırmaq istəyirlər, məqsəd budur. Bu özbaşınalıqdır. Siz bilirsiniz, aşağı səviyyəli məmurlar insanlarla necə rəftar edirlər? Bunlar harda yetişdirilib, mən anlaya bilmirəm. Bizi oxumayanlar mühakimə edirlər, bizi kitab nəşr etdiyimiz üçün mühakimə edirlər.

Səadət A.

- Şahbaz bəy, hakimiyyət dünya ədəbiyyatının Azərbaycan dilinə tərcüməsinə beş milyon pul ayırıb. Hakimiyyət də kitabın təbliği, maariflənmə sahəsində layihələrə qol qoyur.

Şahbaz X.

- Mən demirəm ki, bu, hakimiyyətin kitaba olan münasibətidir. Demirəm ki, onlar bu işi etmirlər, onlar da bu işi edirlər. Amma mən də bu işlə məşğulam, mən onların yerini darmı edirəm, nə edirəm?

Səadət A.

- İndi tərcüməçi Nadir Quliyev telefon xəttindədir. Nadir bəy siz “Qanun” nəşriyyatı ilə aktiv əməkdaşlıq edən tərcüməçilərdən birisiniz, bütün bu baş verənləri necə qarşıladınız?

Nadir Quliyev
Nadir Qocabəyli

Nadir Qocabəyli


- Əlbəttə ki, çox üzücü bir haldır. Hamı bilir ki, Azərbaycanda kitab bazarı dözülməz vəziyyətdədir. Son illər “Qanun” nəşriyyatının, şəxsən Şahbaz bəyin təşəbbüsü ilə bu iş bir qədər irəliləyib. Əvvəl 100-200 tirajla çap olunan kitabları belə satmaq, gəlir əldə etmək mümkün deyildi. Son dövrlərdə Şahbaz bəyin səyləri nəticəsində kitabların tirajı təxminən minə çatdırılıb. Amma bunun özü kitab bazarının yaxşı səviyyədə olması demək deyil. Bu vəziyyət nə naşirləri, nə kitab satanları, nə də tərcüməçiləri qane edir. Hal-hazırda kitabla məşğul olan tərcüməçilər, redaktorlar, nəşriyyatın verdiyi cüzi qonorarla dolanırlar. “Qanun” nəşriyyatı ƏDV-nin ləğv edilməsi ilə bağlı təşəbbüslə çıxış edib, bütün dünyada kitabın vəziyyəti ağır olan ölkələrdə belə hallar var, kitabdan vergi tutmurlar. Məsəlçün, mənim bildiyimə görə, Gürcüstanda belə hal var. Biz nə qədər pul qazanırıq ki, kitaba ƏDV qoyurlar və son nəticədə nəşriyyata basqın edib sənədləri götürüb aparırlar və bir-iki aydan sonra da 150 min manatlıq cərimə kəsirlər. Bu, nəşriyyata birbaşa ölüm hökmüdür.

Səadət A.

- Aysel xanım, xoş gördük sizi. Yanılmıramsa Aysel xanım birbaşa istintaqdan bura gəlib. Sizi çoxmu yorublar istintaqda?

Aysel Əlizadə

- Yaxşı deyiləm, bir az səbrli davranmağa çalışdım. Müstəntiq də səbrli davranırdı. Yəqin bu, hüquq işçilərinin tərzidir, əvvəldə xoş davranırlar, sonra birdən üzlərini göstərirlər. Bütün qaydalara uyğun ifadə aldılar, imza aldılar, hər cür sual verdilər, amma mənə 10 vərəq yazı yazdırdılar, üç vərəqə imza atdırdılar, sonda yazdıqlarımı bəyənmədilər ki, siz istintaqla məzələnirsiniz. Mən öz keyfimi açmaq üçün yazmışdım ki, “Yaşasın Stalin”, özümü əyləndirirdim ki, əsəbiləşməyim. Onlarsa mənə dedilər ki, siz istintaqla zarafat edirsiniz. Təsəvvür edin ki, Azərbaycan dilinə üç kitab tərcümə edirsiniz və sizinlə ölkənizdə belə rəftar edirlər. Mən müstəntiqə dedim ki, əlimdən gələni etdim, bacardığım ancaq budur, ifadəmi verdim, imzamı atdım, indi buraxın çıxım gedim. Yıpratmayın bizi daha fazla, ehtiyac yoxdur bunlara. Mən də bilirəm ki, bu, ekspertizaya getməyəcək, siz də bilirsiniz ki, biz bura nəyə görə gəlmişik. Vəziyyəti niyə gərginləşdirək ki? Təsəvvür edin, bir tərcüməçi, bir yazıçı öz ölkəsində belə bir vəziyyətlə qarşılaşarsa nə edə bilər, neynəsin, qələmini atsınmı? Mənə deyir ki, mən sizə hansı mətni versəm, o mətni yazacaqsınız. Dedim ki, bu harda görünüb, sən mənə kağız verirsən, mən orda ekspertiza üçün imza atıram, mənim əl xəttim yoxlanılır.

Səadət A.

- Üzr istəyirəm, əl xəttiniz niyə yoxlanılır ki, orda müqavilələrə imza atıbsınız?

Aysel Ə.

- Bilmirsiniz, biz cinayətkarıq. Biz bu əllərlə nələr etmişik. Biz bu əllərlə ölkəni çevirmişik, rüşvət almışıq, müəllimləri aşağılamışıq. Ona görə bizim əlimizdən imza alırlar, barmaq izi alırlar. Çünki mən ölkədə çeviriliş edə bilərəm. Mən boyda yazıçıya, yeddi kitab müəllifiyəm, yüzlərlə yazının müəllifiyəm, ölkəmdə ən ağır mövzuların araşdırmaçısıyam, müstəntiq mənə deyir ki, otur burda mən dediyimi yazacaqsan.

Səadət A.

- Neçə gündür mətbuatda səslənir ki, istintaqda soruşulub ki, niyə bu kitabları tərcümə edibsən. Bəs siz niyə o kitabları seçirsiniz?

Şahbaz X.

- Bir halda ki, bu müəllifin dünya kitab bazarında adı öncül sıralardadır, Azərbaycan oxucusu bu müəllifin kim olduğunu bilməlidir. Əgər buna Nobel mükafatı verilibsə, bunun kitabı dərhal Azərbaycan dilinə çevrilməlidir. Dünya kitab bazarında hansı müəllif çox tanınırsa, biz də onları çevirmişik.

Səadət A.

- İndi telefonda Nəriman Əbdülrəhmanlıdır. Nəriman bəy, istintaqa çağrılan müəlliflərdən biri də sizsiniz, sizdən nələri soruşurdular?

Nəriman Əbdülrəhmanlı
Nərmina Əbdürrəhmanlı

Nərmina Əbdürrəhmanlı


- İstintaqın üsulları müxtəlifdir. Mənimlə kifayət qədər nəzakətlə davrandılar. Bir ziyalı kimi hörmət də göstərdi ki, özünə lazım olan faktları alsın. Məndən ancaq onu soruşdu ki, biz 2013-cü ildə baş verən vergi cinayətini araşdırırıq, siz bu qədər kitablar tərcümə etmisiniz, sizin adınıza hesablanan məbləği almısınızmı?

Bunlarla insanı həvəsdən salırlar, bezdirirlər. Mənim yeganə iş gördüyüm nəşriyyat “Qanun” nəşriyyatıdır. Oxucuların maarifləndirilməsi üçün kitablar çevirirdik. Öz zəhmət haqqımın əvəzində öz romanlarımı çap etdirirdim. Son romanım “Yolçu” romanını Şahbaz bəy zəhmət haqqımın əvəzində çap etmişdi. Bu mənim üçün böyük bir stimul idi. İndi isə sanki mənəvi bir zədə almışam.

Səadət A.

- Şahbaz bəy, bu vergi cəriməsini siz sırf maliyyə məsələsi hesab edirsiniz, yoxsa kökü hansısa siyasi səbəblərdədir? Bəlkə qardaşınız Sabir Rüstəmxanlı ilə bağlı bir məsələdir?

Şahbaz X.

- Sabir Rüstəmxanlı qırx ildir bu dövlətə xidmət edir. Mənim burda nə işim var? Sabir Rüstəmxanlı ilə problemləri var, onunla çözsünlər. Mən günə bir kitab çap edirəm, əlli nəfərə maaş verirəm. Kitab çap etməsəm, o maaşı verə bilmərəm, hələ bunların qonorarları qalsın bir tərəfə. Mən kitab satmalıyam ki, insanlara qonorar verə bilim. Mən kitab mədəniyyətinin inkişafına xidmət edirəm və bu xidməti şərəfli bir iş sayıram.

Səadət A.

- Ümumiyyətlə, əvvəllər qeyri-rəsmi də olsa sizə xəbərdarlıq edilibmi, bəlkə hansısa addımınız höküməti narahat edib?

Şahbaz X.

- Nəşriyyatla bağlı bir məsələ var ki, kitab buraxılarkən Prezident Aparatı ilə razılaşdırılmalıdır. Digər nəşriyyatlar kimi, biz də həmin proseduru gözləyirik. Şəxsən prezidentlə bağlı hər-hansı kitab oldu, onu mütləq razılaşdırırıq. Belə bir razılaşma var. Çünki bununla bağlı həddindən artıq çox kitablar buraxılırdı. Ona görə belə razılaşma var, bizə müraciət edəndə dərhal Prezident Aparatına göndəririk ki, bu bizlik deyil, orda məşğul olsunlar bununla. Bundan başqa bizə hər-hansı bir xəbərdarlıq olmayıb.

Proqramı tam izlə

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG