Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:51

AXCP fəalı Türkel Azərtürkün 20 sutkalıq həbs olunduğu deyilir


Türkel Azərtürk

Türkel Azərtürk

-
Ailəsi AXCP Gənclər Komitəsinin fəalı Türkel Azərtürkün (Əlisoy) harada olduğunu bilmir. Onunla sonuncu telefon əlaqəsi martın 5-də yaradılıb. Daha sonra ailə oğlu barədə heç bir məlumat əldə edə bilməyib. Martın 6-ı ailə üzvlərinə bildirilib ki, Türkel Azərtürkə 20 sutka həbs cəzası verilib.



14.40 - TÜRKEL AZƏRTÜRKƏ 20 SUTKA HƏBS CƏZASI VERİLİB


AXCP üzvü Türkel Azərtürkə (Əlisoy) 20 sutka inzibati həbs cəzası verilib. Bunu AzadlıqRadiosuna fəalın atası Əhməd Əliyev deyib.

"Bu gün bizə məlumat verildi ki, oğlum 20 sutkalıq həbs cəzası alıb. O polisə müqavimət göstərməkdə ittiham olunur. Amma onun barəsində həbs qərarını hansı rayon məhkəməsinin çıxartdığını öyrənə bilməmişik".

Əhməd Əliyev oğlunun polisə müvaqimət göstərməsi ilə bağlı deyilənlərlə razılaşmır. Hesab edir ki, bu həbs də bir neçə gün əvvəl AXCP üzvlərinə qarşı başlanmış represiyanın davamıdır.


10.30 - AXCP FƏALININ HARADA OLDUĞU BİLİNMİR

Ötən axşamdan AXCP Gənclər Komitəsinin fəalı Türkel Azərtürk (Əlisoy) yoxa çıxıb. Bu barədə AzadlıqRadiosuna partiyanın mətbuat xidmətinin rəhbəri Natiq Ədilov məlumat yayıb.

Natiq Ədilov ehtimal edir ki, partiya üzvü ilə bağlı problem onun fevralın 24-də facebook profilində yazdığı statusla bağlıdır.

Türkel Azertürk fevralın 24-də facebook profilində belə bir status yazıb:

“Bayaq BDU-nun qabagında “Qorotdel”in polkovnik leytenantı Nəzər Əsgərovu gördüm. Gəldi görüşdü və dedi ki, “Bu yaxında səni də Yanukovich kimi beynəlxalq axtarışa verəcəklər”. Güldüm. Dedim ki, “Nəzər müəllim, beynəlxalq axtarışa verilməyə ən potensial namizəd elə İlham Əliyevdir”. Nəzər özünü itirdi və “Sənə son dəfə xəbərdarlıq edirəm. Səni 5-6 il göndərəcəklər”- dedi, getdi”.

TANIMADIĞI QADINLA GÖRÜŞƏ GETDİ VƏ 10 DƏQİQƏ SONRA...

Qardaşı Eltac Əliyevin AzadlıqRadiosuna dediyinə görə, qardaşı yoxa çıxmazdan əvvəl ona tanımadığı bir qadından zəng gəlib.

“Tanımadığı bir xanım ona zəng edib, deyib Qaradağ rayonundan Bakıya gəlirəm, həbsdə olan AXCP sədrinin mühafizəçisi Bəhruz Həsənliyə yemək göndərmək istəyirəm, gəl “Malakan” bağına zənbili verim sənə. O da getdi, hardasa 10 dəqiqə sonra onun telelefonuna zəng çatmadı. Hesab edirəm ki, həmin qadın yalan danışırmış, sadəcə onun həbs olunması üçün onu həmin ünvana çağırıb”.

Eltac Əliyevin dediyinə görə, həmin gün saat 20:15 özünü polis əməkdaşı kimi təqdim edən mülki geyimli bir nəfər evlərinə gəlib və onlardan qeydiyyatla bağlı məlumat toplayıb.

“Sonradan məlum olub ki, həmin şəxs bizə gəlməmişdən əvvəl vaxti ilə bizim yaşadığımız evə gedərək orada kirayədə olan bir xanıma ərizə verib və ərizəyə qol çəkdirib. Ərizənin mətni isə təxminən belə olub. Guya bizim əvvəl yaşadığımız mənzilin sahibinə borcumuz olub və indi ev sahibi bizdən şikayətçidir. Əslində ərizəyə qol çəkən xanım evin sahibi deyil”.

Eltac Əliyev deyir ki, qardaşı ilə bağlı Daxili İşlər Nazirliyinin “102” xidmətinə və Xətai rayon 35-ci polis bölməsinə müraciət ediblər, amma hələki onlara bir cavab verilməyib.

O, qardaşı ilə problemlərin fevralın 24-də yazdığı statusla bağlı olduğunu ehtimal edir.

Hələki məsələ ilə bağlı Daxili İşlər Nazirliyi və Xətai rayon 35-ci polis bölməsindən məlumat almaq mümkün olmayıb.

Son bir neçə gündə AXCP-nin 5 üzvü polisə müqavimət ittihamı ilə həbs olunub. Onlardan birinə 15, qalanları isə 20 günlük həbs cəzası verilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG