Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:33

Ədliyyə naziri İsmayıllı məhkumlarının valideynləri ilə görüşüb


Fikrət Məmmədov
Fikrət Məmmədov
-
Martın 5-də Ədliyyə Naziri Fikrət Məmmədov Şamaxıda qəbul keçirib. Həmin görüşdə İsmayıllı məhkumlarının valideynləri də iştirak edib. Görüşdə valideyinlərin adından məhkumlardan Anar Həsənovun atası Rasim Həsənov, Elşən İsmayıllının atası Səməd İsmayıllı və birinci qrup Qarabağ əlili Ravid Pənahov çıxış ediblər. Qəbulda ətraf rayonlardan gəlmiş şikayətçilər də iştirak edib. Qəbul Şamaxı rayon Heydər Əliyev mərkəzində keçirilib.

“NAZİR BİLDİRDİ Kİ, MARAQLANACAQ”

Rasim Həsənov:

“ Nazir bizləri lap yaxşı qarşıladı. Əvvəl dedi ki, bu mənim işim deyil, mən məhkəmənin işinə müdaxilə edə bilmərəm. Sonra mən cənab nazirin diqqətinə çatdırdım ki, övladlarımıza 9 ilə kimi cəza istəyirlər. Cənab nazir bildirdi ki, maraqlanacam”.

Birinci qrup Qarabağ əlili Ravid Pənahov:

“Mən rayon əlilləri və veteranları adından yazılmış müraciəti də cənab nazirə təqdim etdim. Cənab nazir qeyd etdi ki, verdiyiniz müraciəti mütləq məhkəməyə göndərəcəm”.

Məhkum Elşən İsmayıllının atası Səməd İsmayıllının dedikləri:

“Hər üçümüz istintaqın on dörd ayda apardığı sübutların məhkəmədə təsdiqini tapmadığını cənab nazirin diqqətinə çatdırdıq. Biz qeyd etdik ki, müdafiə tərəfinin istintaqın sübutlarının saxta olduğunu ifşa etməsinə baxmayaraq, ittiham tərəfi övladlarımıza 5 ildən 9 ilədək cəza istəyir. İttiham tərəfinin təqdim etdiyi video görüntülər təsdiqini tapmadı, təqdim olunan şahidlər ilkin istintaqda verdiyi ifadələrindən imtina etdilər. Cənab nazirin diqqətinə çatdırdıq ki, məhkəmədə şahid kimi dindirilən 87 nəfərdən 74 nəfəri öz ifadəsindən imtina edib və bildiriblər ki, onlara təzyiq olub, döyülüblər, şantaj olunublar. Ancaq bütün bunlara baxmayaraq, dünən ittihamçılar replika hüququndan istifadə edərək məhkəməyə dedilər ki, biz irəli sürdüyümüz ittihamın üstündə dururuq. Bizlər qeyd etdik ki, məhkəmənin də məsələyə belə susqun yanaşması bizdə müəyyən şübhələr yaradır. Ona görə də cənab nazirdən xahiş etdik ki, imkanlarınız daxilində bizə kömək edin. Cənab nazirin son sözü bu oldu ki, mən bu məsələni tam nəzarətimdə saxlayacam”.
XS
SM
MD
LG