Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:19

İsmayıllı sakinləri sovetdən qalma əmanətlərinin mənimsənildiyini deyirlər


əmanət kitabçası
əmanət kitabçası
-
İsmayıllı sakinləri sovet dövründən qalmış əmanətlərin qaytarılmasında böyük mənimsəmələrin olduğunu bildirirlər. Əmanətçilərin deməsinə görə, “Kapital bank”ın İsmayıllı şöbəsi onları aldadıb.

“BANKIN MÜDİRİ DEYİR Kİ, SƏNİN HESABIN DONDURULUB”

Pensiyaçı İmamverdi Şəfiyevin dedikləri:

“Sovet dövrü, müstəqilliyin ilk illərində banklara qoyulmuş əmanətlərə həbs qoyulması və 20 ildən çox vaxt keçməsinə baxmayaraq onların üzərinə faizlərin gəlməməsi çox ədalətsiz bir işdir. Mən həmin vaxt banka 242 min rubl pul qoymuşam və bunu sübut edəcək kitabça əlimdədir. Bu günə kimi isə həmin pulun çox cüzi hissəsini mənə qaytarıblar. Bankın müdiri deyir ki, sənin hesabın dondurulub. Necə yəni hesab dondurulub? O qədər məmur oliqarx var ki, elə mənə çatanda bu baş verir? Pulumun böyük hissəsini hələ də ala bilməmişəm. Kimə, hara şikayət edək? Bu əmanətlər elə bir vaxtda qoyulmuşdu ki, o, dövrdə dövlətimiz çox kasıb idi. Bu əmanətlər dövlətə dayaq idi. O vaxtlar qoyulan əmanətlər kiçik faizlərlə qoyulurdu. Hətta Elçibəy hakimiyyəti yıxılandan sonra, H.Əliyevin hakimiyyətinin ilk illərində hər aya 25 faizlə əmanətlər qəbul olunurdu. 100 manat əmanət qoyduqda hər ay 25 manat faiz pulu verilirdi”.

İmamverdi Şəfiyev daha sonra deyir:

“İndi banklara əmanətlər 12 faizlə qoyulur. Mən başa düşə bilmirəm ki, biz əmanətçilərin günahı nədir? Onlar dövlətdən aşağı faizlə pul götürüb əhaliyə yüksək faizlə pul-kredit verirlər. Vaxt qoyulur, əgər vaxtında kredit qaytarılmırsa, cəza tədbiri həyata keçirilir. Məsələn, qoyulmuş girovlar satılır, həmin kreditlər gecikdirilsə, məhkəməyə verirlər. Bütün bunlara baxmayaraq, əhali yenə həmin kreditlərdən istifadə edib, daha da borcla yüklənirlər. Təbii ki, dövlət vətəndaşın deyil, bankların tərəfini saxlayır”.

“BİR DÖVLƏT Kİ ÖZ VƏTƏNDAŞINA ATIR...”

İmamverdi Şəfiyev deyir ki, dövlət keçmiş əmanətçilərin hüquqlarını axıra kimi qorumur:

“Mən İsmayıllının “Kapital bank”ına getdim. Şəxsən müdir mənə bildirdi ki, bu əmanətlərin dalınca nahaq yerə gəlmisən. Çünki artıq bu pullar qəpik quruşdur və buna görə heç bir əməliyyat aparılmır, özünü yorma. Əlim ətəyimdən uzun geri qayıtdım. Bilmirəm məni bankın müdiri Yusif müəllim aldatdı yoxsa dövlət? Budur inkişaf etmiş Qafqazın super dövləti? Əgər bir dövlət ki,öz vətəndaşına atır, onu aldadır, ona necə sevgi ilə yanaşaq?

“MƏNƏ 100 MANAT PUL VERİB DEDİLƏR Kİ, PREZİDENT YENƏ QƏRAR VERƏCƏK”

Digər şikayətçi Səhrad Əliyev:

“Mənim pul kitabçam özümdədir. O vaxt banka 6 min rubl pul qoymuşam. Müdir Yusif Abbasov dedi ki, gecikmisən, nə bilim min cür bəhanə etdi. Sonradan mənə 100 manat pul verdi və dedi ki, sənin pulun bu qədər edir ( Mövcud qaydalara görə Sərhəd Əliyevə ən azı 600 manat pul qaytarılmalı idi-Eİ). Yusif Abbasov bildirdi ki, pulu alıb çatdırmayanlar üçün prezident yenidən sərəncam verəcək, onda sənin işinə yenidən baxarıq. Bilmirəm məni aldatdı, yoxsa doğurdan da belə olacaq?”

“CAMAATIN DƏRİSİNİ SOYDULAR”

Səhrad Əliyev deyir ki, İsmayıllı rayonunda əmanətlərini almayanlar çoxdur:
“Əvvəla “Kapital bank”da adamla elə rəftar edirlər ki, sanki bunların dədələrinə borcumuz var. Sonrada əmanətlərin qaytarılması prosesində əməlli-başlı pul yığıldı, pulun məbləğınə baxıb rüşvət alırdılar. Camaatın dərisini soydular”.

“AXI O VƏTƏNDAŞLARI BİZ RAZI YOLA SALMIŞIQ”

“Kapital bank”ın İsmayıllı filialının müdiri Yusif Abbasov isə şikayətçilərin iddialarına belə cavab verir:

“Həmin dediyiniz şikayətçilərlə bağlı aramızda hər hansı anlaşılmazlıq qalmayıb. Dəvət etmişik gəliblər, nə lazımdırsa izah edilib və razı halda da yola salınıblar. Bilirsiniz dövlət başçısının əmanətlərin qaytarılması ilə bağlı müvafiq sərəncamının vaxtı 31 dekabr 2013-cü ildə sona çatıb. Bu müddətə kimi biz bütün kollektivimizlə birgə çox gərgin işləmişik. Çalışmışıq ki, maksimum dərəcədə müraciət edən vətəndaşlara xidmət edək. İndi vaxt qurtarıb biz nə edə bilərik? Bu sırf vətəndaşların öz səhlənkarlığı ucbatındandır, vaxtında sənədlərini hazırlayıb təqdim etməyiblər. Bir də ki, xidmət haqqından başqa heç kimdən bir qəpik də artıq alınmayıb. Bilirsiniz hamımız bilirik ki, bu pullar vaxtı ilə böyük məbləğ idi. İndi isə çox cüzi bir məbləğ edir. Elə adam var idi ki, aldığı pul heç ailənin bir aylıq ərzağının pulu etmirdi. Yaxşı, indi özünüz qiymət verin, kim belə insandan pul alar və yaxud onun aldığı məvacibə göz dikər? Bu vicdan məsələsidir. Bu bizlərə yapışmaz”.
XS
SM
MD
LG