Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:23

«Hamının babası» axşam öldü [Video]


Azərbaycan xalqı Stalini necə xatırlayır?
Gözlə

No media source currently available

0:00 0:04:52 0:00

Azərbaycan xalqı Stalini necə xatırlayır?

-
«Mən birinci sinifdə oxuyurdum, gördüm ki, müəllimlər ağlayır. Soruşdum, niyə ağlayırsınız? Dedilər, babamız ölüb, ona ağlayırıq. Soruşdum, babanız kimdir? Şəklini göstərdilər və «o, hamımızın babasıdır!...» – dedilər. Birlikdə ağladıq. Gedib, evdə də ağladıq».

«HAMININ BABASI...»

Firdovsi Məmmədovun 68 yaşı var. Hələ 1-ci sinfə gedərkən – 61 il əvvəl martın 5-də məktəbdə və sonra da evdə ağlamasına səbəb «hamının babası» Stalinin ölüm xəbəri olub.

İndi 74 yaşını tamamlamış Əli Hacıyev həmin xəbəri radiodan eşidib. O sözlər hələ də qulağında səslənir:

«Martın 5-də, axşam saat 9:50-də ağır xəstəlikdən sonra SSRİ Nazirlər Sovetinin sədri, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi, generalissimus İosif Vissarionoviç Stalin vəfat edib...».

«BU XƏBƏRƏ KİM AĞLAMAZDI, AXI?»

Əli Hacıyev indiyədək ölümünə göz yaşı tökdüyü ikinci elə bir dövlət başçısı tanımır:

«Bu ölüm xəbərini radio elə verirdi ki, adamın başında tükləri biz-biz olurdu. Levitanın oxuduğu bu xəbərə kim ağlamazdı, axı?».

Füzuli meydanında, parkın bir qırağında nərd oynayan başqa pensiyaçılar da söhbətə qoşulurlar. Stalin öləndə 5-ci, ya da 6-cı sinifdə oxuduğunu söyləyən İbrahim İbadov «dahi rəhbər»in səhhətinə dair hər gün radioda həyəcanlı xəbərlərin səsləndiyini xatırladır:
Stalinin dəfn mərasimi - 1953
Stalinin dəfn mərasimi - 1953

«Stalin bir neçə vaxt xəstə oldu. Radioda onun səhhəti barədə hər gün məlumat verirdi. Bazarın içində bir radio vardı, adamlar yığışıb ordan Stalinin səhhətindən xəbər tutardılar. Uşaq da olsam, bu hadisələr yadımdadır».

«KOMMUNİST» QƏZETİ YAZIRDI...

Pensiyaçı İbrahim İbadovun söylədiklərini o dövrün qəzetlərindən daha dəqiq izləmək mümkündür. 61 il öncə sovet Azərbaycanının və Azərbaycan kommunistlərinin mətbu orqanı olan «Kommunist» qəzeti belə yazırdı:

«1953-cü il martın 2-ə keçən gecə İ.V.Stalinin beyninə birdən-birə qan sızmış, nəticədə sağ qıçı və sağ qolu iflic olmuş, huşunu itirmiş və dili tutulmuşdur».

İki gün sonra verilən məlumatdan:

«Martın 4-də gecə saat 2-dək İ.V.Stalinin səhhəti ağır vəziyyətdə qalmaqda davam etmişdir.
«Stalinin ümumxalq yaddaşında qalmasının önəmli səbəbi onun təmiz yaşaması idi».
«Stalinin ümumxalq yaddaşında qalmasının önəmli səbəbi onun təmiz yaşaması idi».
Beyin funksiyalarının pozulması dərəcəsi bir qədər artmışdır».

Və nəhayət, Stalinin ölüm günü verilən məlumatdan:

«Martın 5-də günortadan sonra xəstənin halı çox sürətlə ağırlaşmağa başlamışdı. Xəstə üzdən və çox tez-tez nəfəs alırdı, nəbzinin sayı dəqiqədə 140-150-yə çatmışdı. Saat 21:50 dəqiqədə ürək-damar və tənəffüs çatışmazlığı artmaqla İosif Vissarionoviç Stalin vəfat edib».

Stalinin ölümündən bir gün sonra, martın 6-da «Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi və SSRİ Nazirlər Sovetinin qərarı ilə 1953-cü il martın 6-7-8-9-u matəm günləri elan edilib.

«STALİN OĞRU VƏ KORRUPSİONER DEYİLDİ...»

Tarixçi-alim Cəmil Həsənliyə görə, həmin dövrdə 75 minə yaxın azərbaycanlı repressiyaya məruz qalsa da, yaşlı nəslin yaddaşında Stalinin müsbət imicli dövlət başçısı kimi qalmasının bəlli səbəbləri var. Tarixçinin fikrincə, bunun ən birinci səbəbi onun indiki dövlət başçılarından bir sıra özəlliklərinə görə fərqlənməsiydi:
Cəmil Həsənli
Cəmil Həsənli

«Stalinin ümumxalq yaddaşında qalmasının önəmli səbəbi onun təmiz yaşaması idi. Yəni maddi baxımdan nəsə oğurlamamışdı. Stalin heç vaxt düşünmürdü ki, ondan sonra oğlu hakimiyyətə gələ bilər. İndiki diktatorların Stalindən fərqi odur ki, onlar həm də oğru və korrupsionerdirlər. Stalində bu yox idi...».

DEMOKRATİK DÜŞÜNCƏDƏN MƏHRUM QALANDA...

Stalinin ölümünə ellikcə göz yaşı axıdılmasını tarixçi-alim o dönəm insanlarının bütün demokratik dəyərlərdən məhrum qalmasıyla əsaslandırır:

«Bilirsiniz, o vaxt Stalinin ölümünə həqiqi ağlayan da vardı, qorxusundan ağlayan da, el gözüylə ağlayan da. Demək olmaz ki, hamı bu ölümə doğrudan kədərlənmişdi. Misal üçün, Kim İr Sen öləndə bütün Şimali Koreya ağlayırdı və bu da diktator ölümünün bir başqa variantıydı. Sadəcə, demokratik düşüncədən məhrum qaldığından, adamlar elə hesab edirdi ki, Stalinin ölümü ilə hər şeyi itirib və bu, onlardan ötrü ən böyük, ən ağır itkidir».

ÖLÜMÜNÜN 3-CÜ İLDÖNÜMÜNDƏ QƏZETLƏR STALİNİ UNUTDU

Ölümünün birinci və ikinci ildönümündə Stalin keçmiş sovet məkanında yenə dillərdən düşmədi. Amma 3-cü ildönümündə 1956-cı ildə unuduldu... O vaxtın qəzetləri bir daha «Stalinin ölməz adı sovet xalqının və bütün tərəqqipərvər bəşəriyyətin qəlbində əbədi yaşayır» sözlərini yazmadılar. Ta illər keçənə və onu «bütün dövrlərin ən böyük diktatoru» adlandıranadək susdular...
XS
SM
MD
LG