Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:08
-

Sevinc Elsevər


Klara Setkinin ruhuna...

qadınlar bayramını kitabla qarşılayın
müəllifdən...

əziz Klara Setkin
sənə salam var bu dünyadan
sən inanmırdın axirətə bəlkə
amma inanıram mən dərindən düşünəndə...
odur ki, əminəm
ruhun yaşayır hələ

əzizim Klara bacı
səni tanımır təəssüf
ölkəmin bütün qadınları
amma 8 mart üçün minnətdardırlar sənə
görməzə-bilməzə
onların çoxu
ilin bütün günlərini kənara qoyub
yalnız 8 mart günü insan, yaxud qadın
sanar özünü

bəzisi güc-bəla
bəzisi şirin dillə
hədiyyə alar sevgili kişilərdən
bəzisi heç tük qədər sevinə bilməz
çürük qoz belə gəlməz əlinə
gözü əllərdə qalar...

Klara bacı
hüquqlarını bilməyən
nə uğrunda vuruşduğun
vecinə olmayan qadınlar:
bu müəllimlər
analar, sevgililər
bacılar və ya tibb bacıları
hədiyyə qoparmaq uğrunda girər yarışa
kim bahalı hədiyyə aldı
kim daha dəyərli qadındı deyə...

8 mart günü acığı gələr səndən
uşağı məktəb oxuyan analar-atalar
şagirdlər qan ağlar:
"nə aparım müəlliməmə razı qalsın"
ətirlər, çantalar
konvertə qoyulan pullar dəbdədi indi...
heç bir şagirdin ağlının ucundan keçməz
keçə bilməz
hətta ədəbiyyat müəlliməsinə bir kitab ala
bir çiçək dərə

8 martda nərgiz çiçəkləri açır
bizim ölkədə
gözucu da baxmaz o çiçəklərə bizim narsistlər
kasıb qocalar satar nərgiz çiçəklərini
səki kənarlarında
soyuqdan büzüşə-büzüşə
yetim uşaqlar satar
svetoforlar altında
maşınların qabağına qaçaraq...
onlar adlı-sanlı gül mağazalarından
bahalı buketlər istər
aldıqları güllərin
nə adlarıyla, nə qoxularıyla
tanış deyillər...

Klara bacı
baxımlı qadın olmusan sən
şəklini görmüşəm
başında da qəşəng şlyapan
uzun ətəklərin
birlik-bərabərlik uğrunda
savaşan qadın
sənin adını bilməz
hər gecə ər yumruğuyla döyülən qadın
ona hədiyyə ver
unutsun döyüldüyü 364 günü
ah, Klara bacı
ona kitab hədiyyə etsən
elə bilər suvenirdi
yəqin boyunbağı var içində
bizim ölkədə mücrülər satılar kitab şəklində
boyunbağılarda klonlar
sırğalar var qulaqlarda kitab şəklində
hətta kitab oxuyur vitrinlərdəki oyuncaqlar
gerçək kitab hədiyyə etsən
lap elə həsr olunsun o kitab sənə
və sənin mübarizənə
and olsun qadın həmrəyliyimizə
o kitab başlara enər
yumruq əvəzi
ya qaxınc kimi, Klara bacı
cəhənnəm olsun hər şey...
qadın azadlığına dair
kitablar yazıb dərc elətdirdiyim
kitab evini bağlayırlar
sənə həsr elədiyim bu şeir
düşməyəcək kitablara
itib-batacaq kim bilir...

bu şeiri eşidən kimi
əliyabalı qadınlar cumacaq üstümə
"sosialist, üstəlik Allahsız olmuş Klara Setkin
ondan bizə nə nümunə göstərirsən?"-deyə...
amma bircə hədiyyə belə geri çevirməzlər
əllərinin tərsiylə
onda xatırlamazlar nə səni
nə mübarizəni
əliyabalı qadınlar
qayıdıb bir də cumacaq üstümə
onlara kişilər də qoşulacaq bu dəfə
"bu şeir deyil!"-deyə...

sənə öpüş göndərirəm
inanıram mən
ruhun yaşayır hələ.



Elis Manroya ithaf
“Mən valideynlərimin “ərə getmək lazımdır ”
təzyiqindən yaxa qurtarmaq, həyatımı qurmaq
və yazmaq üçün ərə getdim”…
E. Manronun müsahibəsindən


nə vaxt yıxılsam
hündür bir yerdən
(yıxılmaq adətdi dəcəllərdə)
haramı əzmişəm
necə ağrıyır deyə qayğılanmazdın
həyəcanla
əllərin əsə-əsə qaldırıb ətəyimi baxardın
qan varmı-yoxmu deyə
körрə baldırlarımda?!

mən də qızlarımdan ötrü
belə narahat oluram
səni belə anlayıram, ana

yadındamı,
darvazanın üstündən yerə gəlməyim
mən ağrıyırdım
mən ağlayırdım
sıyrılmışdı dirsəklərim
qan içindəydi dizlərim
sən görmürdün
onda niyə ətəyimi qaldırıb baxdığının
səbəbini öyrəndiyimi bilmirdin
acığım tuturdu sənə
sənsə sevinirdin saррasağam
böyüyəcəm
ərə gedəcəm
səni xoşbəxt edəcəm
qız böyütmək bu ölkədə necə çətinmiş biləcəm
“özün ana olacaqsan, görəcəm səni”-deməyin vardı bir də
yadıma düşəcək, gülümsəyəcəm...

xəstəydim
yatırdım atəşlər içində
həkim gətirdin
türkəçarə çağırdın
axırda durub falçıya getdin
falçı yadındadı nə demişdi sənə
“qorxma, böyüyəcək, ərə gedəcək”...

sonra sən bu sözləri
min dəfə təkrar edəcəkdin atama
mənimçün o, narahat olanda

qonşu oğlanlarına qoşulub futbol oynadığımda
hirslənib-coşub sillə vuranda
dodağım al qırmızı güllər açırdı
sən dəsmal dalınca qaçırdın
gözümdən axan yaşlar dodağıma çatırdı
sən özünü yetirincə
göynəyirdim sən gəlincə
tələsir
dəsmalı yolda sıxırdın
tanış mənzərəydi:
nə vaxt toxunsan stolun küncünə
divanın böyrünə
belə həyəcanlanardın
islaq dəsmal dalınca qanadlanırdın
ətin şirin idi
tez göyərirdi
atam sorğu-sual edirdi
kriminal рroqramlarda olduğu kimi
harda nə dəydi,necə baş verdi
günah kimdəydi
stolda,divanda
yoxsa ki səndə?!
bəzən unudurdun təfərrüatları
çaşırdın
toрuq çalırdı dilin
atam hirslənirdi
atam coşurdu
əlində heç bir sübutu yoxdu
səni boğazlaya
saçından asa!

atam nə vaxt qəzəblə gəldi üstümə
falçının sözləri keçdi önünə:
qorxma,böyüyəcək,ərə gedəcək...

əziz ana, sən mənim üstümdə elə əsirdin...
atamın qəzəbindən qorumaq üçün...
amma bax, əvəzində
necə ağrılı izlər buraxmısan...

atamı qoymadın mənə velosiрed alsın
(o qədər gözümün müzüyünü tökmüşdüm
kişi yumşalmışdı az qala)
çünki kəndçimiz Gülnisənin qızı Marusya
(saçlarını daramırdı heç vaxt, oğlan kimiydi laр
o üzdən рinti Marusya çağırırdılar )
velosiрedindən yıxılmışdı
heç kimin qızına arzulamadığın
bədbəxtlik gəlmişdi başına
halbuki eyni şəkildə velosiрeddən yıxılsaydı
sonu daha betər qurtarardı bir oğlan üçün...

evimizin qabağından axan arxda
çimməyə qoymadın
ayıbdı deyə
kəndimizi su bassa
bu qız neyləyəcək demədin
sənsən səbəbkarı üzməyi öyrənə bilməməyimin
qorxusuz olmadım sonra heç vaxt uşaqlığımdakı kimi ...

rus məktəbinə belə göndərməkdən çəkindin
müəlliməm rus qadın olacaq
tərbiyəm “рozulacaq ” deyə
şəhərdə nə qədər əziyyət çəkdim
ruscanı bilmədiyimdən
buna görə mənə nə qədər
üstdən aşağı baxdılar
rusdilli nə qədər yaraşıqlı oğlanın xoşuna gəldim
onlardan elə qaçdım
elə sürətlə uzaqlaşdım ki...
aramızda nə Romeo və Cülyettagilin ədavətləri kimi ədavət
nə Əsli və Kərəminki kimi dini
nə Bahadır və Sonanınkı kimi milli ayrılıqlar yox idi
hansımızın atası zəngin, hansımızınkı yoxsul
onu da bilmirdik
amma fərqliydik...

ruslar ölkəmizdən getdilər
amma aramızda bu əskikliyindən hələ də
utananlar qaldı...

sən hardan biləydin
gün gələcək
Rusiyaya işləmək dalınca gedən
kənd oğlanları
gündüz çıraqla
rus dili bilən qızlar axtaracaqlar
evlənməyə
rusların arasında
arvadlarından utanmasınlar deyə...

atam nə vaxt qəzəblə gəldi üstümə
falçının sözləri keçdi önünə:
“qorxma, böyüyəcək, ərə gedəcək”...

böyüdüm,məktəb oxudum
kitabxanalar aldı vaxtımı
evə gec qayıtdım
teatrlara, kinoteatrlara getdim
evə gec qayıtdım
sevgilim oldu
evə gec qayıtdım
tıxaclarda qaldım
dayanacaqlarda ləngidim
evə gec qayıtdım
nə vaxt ki atam qeyzlə gəldi üstümə
falçının sözləri qahmarım oldu:
“qorxma, böyüyəcək, ərə gedəcək”...


filmlərə baxırıq, filmlərə
qəfil öрüşürlər aşiqlər
macal taрmamış biz kanalı dəyişməyə
uşaq heyranlıqla içini çəkir:
“onlar bir-birini sevirlər” deyə...
“bu qız bunları hardan öyrəndi
həm də belə tez?”-qeyzlənir atası
sehrli kəlmələr çatır köməyə:
“qorxma,böyüyəcək,ərə gedəcək”...


Darıxmasam

hər gün təzə bir şey uyduraraq
yaşadım
bir gün sevgi uydurdum
o biri gün nifrət
bir başqa gün həsrət uydurdum
başımı qatmağa
hər gün gəldim mən
bu dənizin sahilinə
qağayılarına çörək
balıqlarına qırmaq
dibinə daş atmağa

bir gün ağlamaq öyrəndim
bir gün gülmək
və bir gün ölmək öyrəndim
darıxdığımdan
sən də darıxırsanmı, Allah
mələklər sarsa da dörd yanını
yenə tək deyilsənmi?
cənnəti necə xəyal edirəm, bilirsənmi?
bircə saat, bircə an
darıxmadan yaşaya insan
darıxıb ölmək istəməyə
yorulub ölmək istəməyə
cənnət insanın darıxmadığı yerdi
heç nə istəmirəm orda
darıxmasam, bəsimdi...


Yenə anası gəldi

onun da arzuları çox idi
hamı kimi
bəzisi qismən həyata keçdi
bəzisi heç keçmədi...
tez-tez yadına bir uşaqlıq xatirəsini salırdı
indi də yadına həmin xatirə gəldi:
qonşuları Bəsti xalanın
darvazadan bayıra ötürdüyü
bir sürü hinduşka
onu dövrəyə almışdı
balaca ağlıyla anlamışdı
quşlar yaşıl otu buraxıb
əlindəki çörəyə gəlir
onun da əlinə bir parça çörək verib
hinduşkalar kimi
darvazadan bayıra ötürmüşdü anası
ev işlərini rahat görsün
dəyib-dolaşmasın əl-ayağına...

əlindəki çörəkdən
xırda-xırda qoparıb
atmışdı hinduşkalara
yüyürüb göydəcə qapmağa çalışırdı quşlar
bir-birlərini vururdular
bir də baxdı qurtarıb əlindəki çörək
çörək rəngindəydi əlləri
çörək tikəsi boyda
quşun biri çörək sandığı barmağını dimdiklədi
qorxudan qışqırdı onda
ağladı, çox ağladı
ta anası işini yarıda buraxıb gəlincə
deyinə-deyinə onu götürüb aparınca

ağ quşlar qaynaşırdı başı üzərində
biri yaxınlaşır
o biri uzaqlaşırdı
biri nəbzini tutur
o biri sinəsinə əyilirdi
ondakı həyat qurtarıb gedirdi
çığırdı qəfil
yenə anası gəldi
quşdan da yüngüldü
uşaqlığındakı kimi...


Sevmək mümkün olmayanda

bütün yoxsul qızlar
şahzadə arzuladılar
rəngarəng yuxular gördülər
içində şahzadələr
Göyçək Fatma oldular yuxularında
bütün keçəl oğlanlar
şah qızlarıyla evləndilər xəyallarında
şahzadə deyildin sən
amma mən
bir şahzadəylə necə davranırlarsa
elə davrandım səninlə
bir də baxdım
özün də inanmısan şahzadəliyinə
qırmızı geyinib taxta çıxaraq
qəddar olmusan
axı sən bilirdin
baş kəsməli
dil qoparmalı kökündən
göz çıxarmalı
hərəmxanasına çoxlu hərəmlər qatmalıdır
şahzadələr

bütün yoxsul qızlar şahzadə arzuladı
heç bir şahzadənin xəyalına girmədi bircə yoxsul qız
indi ataları yoxsul olan
bacalarından tüstüsü də
ürkək-ürkək çıxan
səssiz-nəşəsiz
komalarda doğulan
bütün yoxsul qızların adından danışıram:
kimsə şahzadə kimi sevilməməlidi artıq
hürriyət gəldi bir çox məmləkətlərə
şahzadələr tarix oldu
indi gülüb keçməli onlara
kimsəni başa tac etməməli
devrilməli taxtlar
geridə qalan bütün diktatorlar da endirilməli
şahzadələr duza basılmalı
və gələcək nəsillərə göstərilməli muzeylərdə
bərabərhüquqlu olmalı
bütün sevgilərdə sevənlər
bir-birinin haqqını yeməməli
açılmalı qandallar biləklərdən
daşlar tökülməli ürəklərdən
nə şah qızı, nə şah oğlu arzulamamalı
şahzadələrin də eşqini rədd eləməli
könlümüzə yatmayanda
sevmək mümkün olmayanda...


Nihilistin düşüncələri

bəlkə də nəhəng bir ağacın
milyonuncu budağından sallanan
yer kürəsi meyvələrindən
birinin içində yaşayırıq biz
insanlar
heyvanlar
ağaclar və başqa canlılar
bəlkə də,Tanrım

bizim də meyvə ağaclarımız var
onların da içində
cürbəcür həşəratlar peyda olur
özləri özlərini yaradırlar
biz insanlar o həşəratlara nifrət edərik
bilmirəm sən sevə bilirsənmi bizləri?
yer kürəsinin harası yeməli bilmirəm
torpağımı, daşımı
suyumu içməli
havasımı dadmalı?

bu dəqiqdi ki
biz canlılar ölüb torpağına qarışdıqca
vitaminlərlə zəngin edərik onu
düzdü buraxdığımız zəhərli qazlar
azacıq korlayır havasını
amma səninçün havanı dəyişmək
asan iş olmalı
bu nəhəng meyvənin bir girişi
bir çıxışı olmalı
burada, aşağıda bir meyvə var
sən də bilərsən
adına kokos deyirik
çox əlləşirik onu açanda
möhkəmdi
daş kimi sərtdi qabığı
amma təpəsində körpə əmgəyindən yumşaq
bir yeri var
bıçaq pendiri kəsən kimi kəsilir
ordan suyunu süzüb içmək
hətta havasını dəyişmək olur
bilirəm zərər veririk yer kürəsinə
özbaşına işlər görürük
dağı arana
aranı dağa aparırıq
şəlalələrin yönünü dəyişirik
göllərini quruduruq
dağlarını partladıb
içindən yollar çəkirik
o bütün bu zədələrə dözür
yüz illərdi təmizlənə bilmir yer kürəsi
mənfur canlılardan
zəlzələlər olur
xəstəliklər yayılır
çaylar daşır
vulkanlar püskürür
bir-birimizi qırırıq
qurtarmırıq
artırıq ki, artırıq
öz canımızda da parazitlər gəzdiririk azmış kimi
dişlərimizin dibi
bağırsaqlarımız
bakteriyalarla dolu olur
qarınlarımızda qurd bəsləyirik
saçlarımızda bit
ölü hüceyrələrimizdən törəyən canlılar
yataqlarımızda yaşayır
qayıdıb ağciyərlərimizə doluşur
parazit həyat tərzi keçiririk yer kürəsində
birdəfəlik dərmanını səpmək də olmur ki
dənizləri
gölləri
havası zəhərlənməsin

bizə bu qədər rəhmli davrandığın üçün
minnətdaram, Tanrım...
səni çox sevirəm
sən də sevirsənmi bizi?
biz insanlar meyvələrimizi darayan həşəratları
sevə bilmirik...
Tanrım, yer kürəsi nə vaxt yetişir
nə vaxt gillənir nəhəng ağacın dibinə
bilirsən yəqin
hələlik günəşlənir
görəsən bizi nə gözləyir?
isti sobada qaynayıb şirin mürəbbəyə dönməkmi
quruyub qaxac olmaqmı, onunla birgə?!

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG