Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 22:11

Maydandan sonrakı Qərb-Rusiya: Yeni “Soyuq Müharibəni” ABŞ-da necə təsəvvür edirlər?


ABŞ Dövlət Katibi John Kerry (ortada) Kiyevdə Ukraynanın müvəqqəti Baş naziri Arseniy Yatsenyuk (solda) və müvəqqəti prezidenti Oleksandr Turchynov ilə görüşür. 4 mart 2014
ABŞ Dövlət Katibi John Kerry (ortada) Kiyevdə Ukraynanın müvəqqəti Baş naziri Arseniy Yatsenyuk (solda) və müvəqqəti prezidenti Oleksandr Turchynov ilə görüşür. 4 mart 2014
Vaşinqton siyasətçiləri son bir həftədə təbiətin və siyasətin nadinc şıltaqlıqları ilə üzləşiblər. Güclü qar şəhərdə həyatı demək olar dondurub; məktəblər, hökumət idarələri ikinci gündür bağlanıb. Hərçənd, qışın soyuq üzü Ukraynadan gələn xəbərlərin fonunda davam edən qızğın müzakirələrə buz qata bilməyib.

Yerli syiasətçilər Ağ Ev və Konqresi Rusiya qoşunlarının Krıma müdaxiləsinə adekvat cavab verməyə səsləyirlər. Bu fikrin tərəfdarları əslində administrasiyanın özündə də az deyil, ancaq rəsmilər hesab edirlər ki, məsələ “cavabın formasındadır”.

Obama hökuməti və Konqresdəki demokratlar Rusiyanı diplomatik təcridlə çəkindirməyin mümkünlüyünə inanırlar. Dövlət katibi Kerry Ukrayna liderlərinə dəstək məqsədilə Kiyevə yollanıb. Yüksək rütbəli administasiya rəsmiləri də martın 2-də keçirdikləri mətbuat konfransnda Ağ Evin “sonadək” Avropadakı müttəfiqlərlə birlikdə hərəkət etməkdə marağını dilə gətiriblər.

Öz növbəsində, Rusiyaya qarşı sərt xətt tərəfdarları administrasiyanı bürokratik prosedurlara vaxt itirməməyə, təcili sanksiyaların qəbuluna çağırır. Onların fikrincə, qərb Kremlin Krımda işğalçılıq niyyətinin qarşısını vaxtında almasa, gec ola bilər.

Ən ciddi sınaq…

AzadlıqRadiosuna açıqlamasında Freedom House təşkilatının prezidenti David Kramer deyib ki, Kremlin Krım həmləsi prezident Barack Obamanın Ağ Evə rəhbərliyi dövründə üzləşdiyi ən ciddi sınaqdır.
David Kramer
David Kramer

Onun fikrincə, Ağ Evin gözləmə siyasəti nəinki Putinin gözünün odunu almayacaq, hətta ona əlavə qol-qanad verəcək.

Kramer düşünür ki, sanksiyalar, Putinin anlaya biləcəyi yeganə dildir:

“Başa düşmürəm, nəyi gözləyirik axı? Rus qüvvələri Ukraynanın ərazisinə faktiki soxulmuşdu, biz isə buna tamaşa edirik… Bütün dünyanın gözü bizdədir. Qollarımızı çırmayıb təcili adıımlara başlamalıyıq.”

Respublikaçı senator John McCain Ağ Evin ən yaxın perspektivdə atmalı olduğu adıdmları belə sadalayıb: “Magnitsky aktı"na bənzər çoxsaylı sanksiyaların qəbulu, Gürcüstanın təcili NATO-ya üzv qəbul edilməsi və Avropada ABŞ-n raketdən müdafiə sistemlərinin yerləşdirilməsi.”

Senatorun fikincə, əgər Putin nəzarətdən çıxsa, bu, NATO sərhədlərində Suriyadan sonra ikinci müharibəyə yol aça bilər və beləliklə də, Polşa, Macarıstan, Rumıniya kimi Avropa Birliyi ölkələrini də təhlükəyə salmış olar.

Donmuş münaqişələr...

Bazar ertəsi Vaşinqtonda olan Moldovanın baş naziri İurie Leancă da diqqəti Kremlin onun ölkəsinə qarşı yaratdığı “hədələrə” yönəldib.
Iurie Leanca
Iurie Leanca

Baş nazirin fikrincə, iş ondadır ki, Rusiya indi Ukrayna sərhədində etdiklərini keçmiş Sovet orbitindəki ölkələrin bir çoxuna qarşı təkrarlaya bilər. Səbəb, onun təbirincə, “donmuş münaqişələr”dir:

“Ərazi mübahisələri, separatçılıq meylləri və siyasi iradəsizlik... Bunlar əksəriyətimizin bir vaxtlar üzləşdiyimiz acı reallıqlardır və problem ondadır ki, bu münaqişələrin bir hissəsi bu günədək çözülməyib. Ukraynadakı hadisələrin necə bitməsindən asılı olmayaraq, Qərbin diqqəti Krımdan sonra “donmuş münaqişələrə yönəlməlidir,” – deyə o, Vaşinqtondakı Atlantic Şurasında keçirilən dəyirmi masada bəyan etdi.

Yeni Soyuq müharibə?

Vaşinqtonda yerləşən Brookings İnstitutunun ABŞ və Avropa Mərkəzinin direktoru Fiona Hillə görə, Putinin Krımda niyyətinin nə olduğu çoxlarına dumanlı qalsa da, bir şey məlumdur ki, Kremlin rəhbəri indi özünü əvvəlkindən daha az nəzakəli aparır.
Kremlin Krım həmləsi prezident Barack Obamanın Ağ Evə rəhbərliyi dövründə üzləşdiyi ən ciddi sınaqdır.

“Soçi Olimpiyadasından sonra [Putinin] bütün diqqətini Avraziya İttifaqına və orada görmək istədiyi qonşularına yönələcəyi aydın idi. Putinin niyyəti Sovet İttifaqını bərpa etmək olmasa da, qonşularını özündən asılı saxlamaqdır,” – deyə o, Azadlıq Radiosuna bildirib.

Son hadisələr isə Kreml ilə Qərbi tədricən Soyuq müharibə illərinə sürükləyib.

Georgetown Universitetinin Professoru Angela Stent-ə görə isə əslində Soyuq Müharibə heç vaxt “tam bitməmişdi,” məhz elə buna görədir ki, Vaşinqtonla Moskva arasında bir neçə dəfə “reset”, yəni “yenidən başlama” siyasətinə ehtiyac duyulmuşdu.

Uğursuz “reset”lər

AzadlıqRadiosuna açıqlamasında xanım Stent Qərblə Rusiya arasında etibarlı münasibət yaratmağın çətinliyinə diqqəti çəkib.

Onun sözlərinə görə, Sovet İttifaqının dağılmasından bu yana Ağ Ev və Kreml liderləri 4 dəfə “reset”ə cəhd ediblər, heç biri baş tutmayıb:

Birinci dəfə ata George Bush 1990-cı illərin əvvəllərində Rusiyanın yeni hökuməti ilə nüvə dialoquna əsaslanan xoş münasibətə cəhd etmişdi, amma bu siyasət uzun sürməyib.

İkinci “reset” Prezident Bill Clintonun təşəbbüsü olsa da, 90-cı illərin sonunda Prezident Yeltsinin səhhətində yaranan problemləır üzündən başa çatmayıb.

Üçüncü cəhd, indi təəccüblü görünsə da, Kremlin özündən, Prezident Putin tərəfindən edilib. O, ABŞ-la münasibətlərin yüksək səviyyəyə qaldırılması məqsədilə önəmli addımlar atıb. Ancaq üçüncü “reset”in problem onda idi ki, Putin özünün “qeyri-bərabər davranışlarına Qərbdən bərabər münasibət gözləyirdi.

Məsələn, Kreml özünün ABŞ-a dəstəyi müqabilində Qərbi qonşuluğunda görmək istəmirdi... Prezident Bushun “Azadlıq gündəliyi”, Gürcüstan və Ukrayna inqilabları – bütün bunlar Putinin yaralı nöqtələri idi. Beləliklə “reset” tədricən zədələndi.. Onun ən bariz nümunəsi isə özünü Gürcüstan-Rusiya müharbiəsində göstərdi”.

Dördüncü "reset" Obama Administrasiyasının təşəbbüsü olsa da, yalnız prezidentin ilk dördilliyində işləyə bilib, belə ki, START müqaviləsi, Əfrqanıstan, İran kimi mövzularda, eləcə də Rusiyanın ÜTT-yə üzvlüyünə dair dialoqlar həqiqətən effektli olub.
ABŞ Rusiyanı olduğu kimi, yəni Sovet dəyərlərindən tam ayrıla bilməyən, hibrid siyasi sistemi təmsil edən böyük ölkə kimi qəbul etsin və onunla açıq danışsın.

Hərçənd bir məqam nəzərdən qaçmışdı – bu “reset”in əsas sürücüləri Obama və Medvedev idi. Putinin Kremlə qayıdışı ilə “reset”in sonu başladı…

Düzdür, son bir neçə ildə prezidentlər Obama və Putin yalnız bir neçə dəfə beynəlxalq sammitlərdə üz-üzə gələrək əl sıxıblar, amma heç biri bundan xoşhal görünməyib.”

Putinin alternativ modeli…

Əslində, Vaşinqton-Moskva gərginliyinin kökləri təhlilçilərə görə, hələ 90-cı illərdə, Qərbin post-Sovet Rusiyası ilə bağlı gözləntilərində axtarılmalıdır.

Belə ki, Kommunist imperiyasının iflasından sonra çoxları Rusiyanın Avropa dəyərlərinə doğru irəliləyəcəyini güman edirdi, hərçənd, bu gün Kreml liderləri özlərini daha çox “ABŞ və Avropaya alternativ modelin təmsilçiləri kimi aparırlar”, xanım Stent deyib.

Onun fikrincə, yaxşı olardı ki, Vaşinqtonla Moskva indiki mərhələdə - ən azından soyuq müharibənin yaratdığı inamsızlıq tam aradan qalxana qədər yeni “reset”lərdən əl çəksinlər.

“Bu o deməkdir ki, ABŞ Rusiyanı olduğu kimi, yəni Sovet dəyərlərindən tam ayrıla bilməyən, hibrid siyasi sistemi təmsil edən böyük ölkə kimi qəbul etsin və onunla açıq danışsın” deyə təhlilçi vurğulayıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG