Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:46

İmişlidə keçmiş polis işçisi ağzını sapla tikib etirazını bildirmək istəyir...


Səməd Həsənov
Səməd Həsənov
-
İmişli şəhəri, H.Aslanov küçəsi, 74 saylı evdə yaşayan II qrup Vətən müharibəsi əlili Səməd Həsənov aclıq aksiyasına başlamaq fikrindədir.

Bu barədə AzadlıqRadiosuna onun özü müraciət edib.

«ÇAYXANAMI SÖKDÜLƏR, YENİSİNİ TİKMƏYƏ NƏ MATERİAL VERDİLƏR, NƏ DƏ PUL»

Onun dediyinə görə, Rayon İcra Hakimiyyəti (RİH) başçısının 15 iyul 1999-cu il tarixli sərəncamı əsasında İmişli şəhərinin 20 Yanvar küçəsində çayxana binası tikib. 13 il fasiləsiz olaraq orada sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Amma 2012-ci ilin yanvarında Heydər Əliyev parkının genişləndirilməsi ilə əlaqədar bir neçə obyekt, o cümlədən əlilin çayxanası sökülüb:

«İcra hakimiyyətinin işçiləri mənə dedilər ki, mülkiyyət sahiblərinə İmişli şəhərinin başqa bir ərazisindən boş torpaq sahəsi ayrılacaq və həmin yerdə obyekt tikintisi üçün onlara maddi yardım göstəriləcək. Mən vəzifəli şəxslərin bu vədinə inanaraq heç bir sənədləşdirmə aparılmadan obyektimin söküntüsünə razı oldum».

Səməd Həsənov deyir ki, üstündən 2 ildən artıq vaxt keçməyinə və dəfələrlə müraciət etməyinə baxmayaraq, vəd olunan yardımı ala bilməyib:

«İmişli şəhərindəki Sabir adına parkın ərazisindən mənə 90 kv.m. yer ayrılıb. Ancaq nə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququmu təsdiqləyən sənədlər təqdim olunub, nə də tikinti işləri aparmaq üçün mal-material, yaxud nağd pul verilib».

«ONLAR HEYDƏR ƏLİYEV ADINDAN İSTİFADƏ EDƏRƏK...»

İmişli sakini iddia edir ki, mülkiyyətində olmuş torpaq sahəsi Heydər Əliyev adına parkın genişləndirilməsi adı ilə ondan alınsa da, başqa sahibkara kommersiya təyinatlı obyekt tikintisi üçün satılıb:

«Görünür İmişli RİH-in vəzifəli şəxsləri öz şəxsi maraqlarını təmin etmək üçün Heydər Əliyevin adından istifadə ediblər. Onlar bu zaman prezidenti də aldadıblar. Hazırda toy, ad günü şənlikləri keçirilən, ətrafında kababxana, dönərxana, kafe-çayxana kimi törəmələri olan obyekti dövlət başçısına Gənclər Mərkəzi kimi təqdim ediblər».

«OBYEKTİM SÖKÜLƏNDƏN BƏRİ AİLƏMİN HƏYAT ŞƏRAİTİ PİSLƏŞİB»

Səməd Həsənov 1990-cı ildə Daxili İşlər Nazirliyinin çevik polis alayına qəbul edildiyini, Xüsusi Təyinatlı Polis Dəstəsinin tərkibində Xocalı, Füzuli, Xanlar (indiki Göygöl), Goranboy, Şuşa, Laçın, Ağdam şəhər və rayonlarında gedən döyüşlərdə iştirak etdiyini deyir:

«1991-ci il aprelin 30-da 6 güllə yarası, sonrakı vaxtlarda onlarla qəlpə yarası almışam. 1992-ci ildə səhhətimlə əlaqədar DİN-dən tərxis olunmuşam. Ailəliyəm, himayəmdə 2 nəfər yetkinlik yaşa çatmayan uşaq, I qrup əlil olan ahıl valideynlərim var. Aldığım pensiya ailəmin qida təminatını və müalicə xərcimi tam ödəmir. Obyektim söküləndən və sahibkarlıq fəaliyyətim dayanandan bəri ailəmin həyat şəraiti olduqca pisləşib».

«AĞZIMI QALIN İPLƏ TİKƏCƏYƏM Kİ...»

Səməd Həsənov mülkiyyət, sahibkarlıq, yaşamaq və başqaları ilə bərabərlik hüquqlarının pozulduğunu, yalan vədlər verilməklə aldadıldığını deyir:

«Bütün bunlara etiraz olaraq martın 5-dən etibarən yaşadığım evdə aclıq aksiyasına başlayacağam. Bununla bağlı prezidentə, baş prokurora, daxili işlər nazirinə, ombudsmana, habelə yerli icra və polis orqanlarına da yazılı müraciət etmişəm. Sabahdan ağzımı qalın iplə tikəcəyəm ki, heç söz də soruşmasınlar. Məni buna məcbur etdilər. Pozulmuş hüquqlarım bərpa edilməyincə, bu aksiyanı dayandırmayacağam».

İCRA HAKİMİYYƏTİ NARAZI VƏTƏNDAŞI GÖRÜŞƏ DƏVƏT EDİB

İmişli rayon İcra Hakimiyyətinin şöbə müdiri Səlim Məhərrəmov Səməd Həsənovla dəfələrlə söhbət aparıldığını dedi:

«O, bu yaxında İcra Hakimiyyətində keçirilən qəbulda olub, başçı onunla ayrıca görüşüb söhbət etdi. Aksiya keçirəcəyi barədə sonuncu müraciəti ilə əlaqədar Səməd Həsənov Rayon İcra Hakimiyyətinə dəvət olunub».
XS
SM
MD
LG