Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:51
-
«BU ÜSUL-İDARƏ DƏYİŞƏCƏK, SADƏCƏ GECİ-TEZİ VAR»

«Azadlıq» qəzeti 4 mart tarixli sayında Milli Şura üzvü İbrahim İbrahimli ilə müsahibə dərc edib. «Bu üsul-idarə dəyişəcək, sadəcə geci-tezi var» sərlövhəli yazıda İbrahim İbrahimli deyib ki, «demokratikləşmə dalğasının növbəti hədəfinin Azərbaycan olacağına şübhə etmir»:

«ABŞ Azərbaycanda baş verənlərlə bağlı kifayət qədər məlumatlıdır. Odur ki bu hesabatlar ildən-ilə getdikcə daha əhatəli, daha dərin, daha obyektiv olur. Hakimiyyət bu hesabatlardan düzgün nəticə çıxarmaq, ölkədə hüquqi, siyasi, iqtisadi, hərbi islahatlar aparmaq əvəzinə tam tərsinə addımlar atır. Səbəb bəllidir, bir tərəfdən özünün daimi izlədiyi ənənəvi siyasəti yürüdür, digər tərəfdən isə dünyada demokratik proseslərlə bağlı kəskin dəyişiklər baş verəndən sonra özünün repressiv siyasətini dəyişikliklərə uyğun olaraq daha da sərtləşdirir. Bu üsul-idarə dəyişəcək, sadəcə geci-tezi var. Dostlardan biri demiş, artıq İlham Əliyev üçün əcəl zəngi çalınır».

«UKRAYNA BÖHRANI AZƏRBAYCANI DA «VURA BİLƏR»»

«Bizim yol» qəzeti yazır ki, Ukraynada baş verən siyasi böhran və Rusiya ilə müharibə vəziyyətinə gəlməsi MDB-də, xüsusilə Azərbaycanda və Şərqi Avropada iqtisadi gərginliyi artıra bilər: Simferopol - 4 mart 2014

Simferopol - 4 mart 2014


«Ukrayna ilə ticarət dövriyyəmiz 2013-cü ildə 846 milyon dollar olub. Onun 275 milyon dolları dəyərində məhsul ixrac etmişiksə, 589 milyon dollarına idxal etmişik. Bu ölkə ilə idxalda əsas pay kənd təsərrüfatı məhsulları təşkil edir. Son vəziyyət Ukraynada istehsalata ciddi təsir göstərərsə, Azərbaycana kənd təsərrüfatı məhsullarında qıtlıq və bahalaşma ola bilər. Sirr deyil ki, Ukrayna Azərbaycan üçün ən böyük taxıl tədarükçülərindən biri sayılır. Ona görə də, alacağımız taxılın qiyməti qalxa bilər. Bundan başqa, bu ölkədən süd və süd məhsulları, iribuynuzlu diri heyvan, ət və ət məhsulları, yumurta, gübrələr, neft məhsulları, alkoqollu içkilər, şəkər, qoz, fındıq, tütün məlumatları, pambıq, dərman preparatları, kosmetik vasitələr, tikinti materialları, dəftərxana ləvazimatları və sair məhsullar idxal olunur. İxracatda isə əsas meyvə-tərəvəz, konservləşdirilmiş meyvə və tərəvəzlər, çaxır, neft və neft məhsulları tutur».

Əli Həsənov

Əli Həsənov

10 İLDƏ QAÇQINLARA 4 MİLYARD MANAT XƏRCLƏNİB

«Yeni Azərbaycan» qəzeti baş nazirin müavini, Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun məqaləsini dərc edib.

«Məcburi köçkünlərin sosial problemlərinin həlli daim diqqət mərkəzindədir» adlı məqalədə müəllif qeyd edir ki, məcburi köçkünlər arasında yoxsulluq həddi son 10 ildə 75 faizdən 15 faizədək azalıb:

«1993-2013-cü illərdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 4.4 milyard manat həcmində vəsait sərf olunub. Ondan 2 milyard manat dövlət büdcəsinin, 1.5 milyard manat Dövlət Neft Fondunun və 0.9 milyard manat isə beynəlxalq maliyyə qurumları və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların vəsaitidir. Bu vəsaitin 84 faizi, yaxud 3.7 milyard manatı son 10 ildə istifadə olunub».

DEPUTAT RƏBİYYƏT ASLANOVA YAZIR...

Modern.az saytı Milli Məclisin İnsan Haqları Komitəsinin sədri Rəbiyyət Aslanovanın Azərbaycanda bəzi məmurların və deputatların Fətullah Gülənlə bağlığına dair səslənən fikirlərlə bağlı məqaləsini yayıb.

Rəbiyyət Aslanova

Rəbiyyət Aslanova

Müəllif yazır ki, adları məqsədyönlü şəkildə hallandırılan, bütün fəaliyyəti göz önündə olan gənc, perspektivli, işgüzar, vətənpərvər insanların qətiyyən kiminsə müdafiəsinə ehtiyacları yoxdur:

«Çünki bu şəxslər Azərbaycan cəmiyyətində özlərini təsdiq etmiş insanlardır. Adları çəkilən şəxslər istər mövcud hakimiyyət, istər hakim partiya, istərsə də dövlətimiz, cəmiyyətimiz üçün öz əməli fəaliyyətlərini ortaya qoymuş, bu yolda əzmlə davam edən insanlardır. Kimlərinsə belə insanlar haqqında əsassız iddialar, fikirlər söyləməsi böhtançıların əsil simasını açıb göstərir».

BƏY EVİ

Mediaforum saytında «Bəy evi» sərlövhəli yazıda Bakının «Sovetski» məhəlləsində sökülən evlər arasında Üzeyir Hacıbəyovun xatirə-ev muzeyinin də ola biləcəyindən söz açılır:

«Rəsmilər açıqlama verib arxayın etdilər. Dahi bəstəkarın ev-muzeyinin sökülməyəcəyini bəyan etdilər. Azca toxtadım, amma yenə adamı qəfil yerindən oynadan bu nigarançılıq olmaya. Prosesin necə bitəcəyi nigarançılığı... Nigarançılığım böyükdür, çox böyük. Daş-qalaq basırığında bəyin evinə gedən yol-izi qəfildən süpürləyəcək adamın ehtiyatsız davranıb, sökə-sökə bu binada bir vaxt necə böyük kişinin yaşadığından xəbərsiz ola biləcəyindəndir nigarançılığım. Həm də qorxuram, hansısa icraçının, fəhlənin vərdişə qapılıb, tarixə külüng çalacağından nigaranam. Bu evin uçuq keçmişə gömüləcəyinə elə çox inanmasam da...».

Günün bütün mövzuları

XS
SM
MD
LG