Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:45

Siyavuş Novruzov: «İki dələduz gedib haradasa şuluq salır...»


Siyavuş Novruzov

Siyavuş Novruzov

-
“İki dələduz gedib hardasa şuluq salır, onun hüquqları əsas olur, amma Dağlıq Qarabağdan didərgin düşənlərin hüquqları əsas deyil”.

Deputat Siyavuş Novruzov Milli Məclisdə ombudmanın hesabatı barədə danışarkən deyib ki, insan hüquqları ilə bağlı mütəmadi olaraq Azərbaycana qarşı ədalətsiz mövqe nümayiş etdirirlər: “Bundan istifadə edərək Azərbaycana təhdidlər, müdaxilələr edilir və məqsəd təbii sərvətlərdən güzəştli şəkildə bəhrələnməkdir. Necə ki, İraqda, Liviyada, Əfqanıstanda bundan bəhrələnirlər. Misal üçün, Taliban narkotik dövriyyəni 3 faizə endirmişdi, Amerika oranı işğal edəndən sonra isə bu dövriyyə 65 faiz oldu. Hətta narkotika plantasiyalarını ABŞ ordusu qoruyur”.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları İnstitutunun Azərbaycanla bağlı hesabatına münasibət bildirərn S. Novruzov deyib ki, ABŞ öz seçkilərində bu təşkilatı ərazisinə belə buraxmadı: “Eləcə də Rusiyada eyni hal təkrarlandı. Bu orqan öz seçkilərinə buraxılmadığı halda nəyə görə onun verdiyi hesabata əsasən Azərbaycanı tənqid edirlər. Bu hesabatda Azərbaycan insanı barədə, eləcə də Xocalıda hüquqları pozulan, Dağlıq Qarabağda didərgin düşərək bütün hüquqlarından mərhum olan insanlar yoxdur”.

Belə hesabatların daxildən ötürülən danoslara əsasən hazırlandığını deyən deputat bildirib ki, ilk növbədə daxildəki düşmənlərlə məşğul olmalıyıq.

“Hansı təşkilata qrantlar verirlər, o təşkilatlar da özlərinə lazım olan informasiyanı danos kimi hazırlayıb onlara ötürür. Bunlar ölkənin düşmənləridir”-deyə o bildirib.

ZİYAFƏT ƏSGƏROV: “GÜCLÜ OLAN ZƏİFİ YEMƏK İSTƏYİR”

Birinci vitse-spiker Ziyafət Əsgərov S. Novruzovun çıxışına münasibət bildirərkən Krılovun “Qurd və Quzu” təmsilini xatırladıb: “Bir gün qurd çaydan su içir, ondan aşağıda da quzu su içirmiş. Qurd deyur suyu niyə bulandırırsan, quzu cavab verir ki, mən necə bulandıra bilərəm ki, səndən aşağıdayam...Qurd deyir dəxli yoxdur, mən səni yemək istəyirəm. Təəssüf ki, beynəlxalq hüquq da bu təmsil kimidir. Güclü olan zəifi yemək istəyir”.

DEPUTAT QƏNİRƏ PAŞAYEVA MTN-Ə MÜRACİƏT ETDİ

Qənirə Paşayeva

Qənirə Paşayeva

Deputat Qənirə Paşayeva ombudsmanın hesabatını müsbət qiymətləndirib. Daha sonra onun nurçuluqda ittiham olunması ilə bağlı məsələlərə toxunub. Depuatat deyib ki, bəzi qüvvələr mətbuatdan çirkin məqsədləri üçün istifadə edirlər. “Bu gün söz və mətbuat azadlığından kimlərsə istifadə edərək dövlətə, dövlətçiliyə xidmət üedən insanlara qarşı böhtan kampaniyasını aparmağa nail olurlar. Mən şəxsən Xocalı soyqırımı tədbirlərində iştirak etdiyim zaman özümə qarşı olan bu kampaniyalarla bağlı bu gün ölkənin Milli Təhlükəsizlik Nazirliyinə müraciət göndərmişəm. Müraciətdə də vurğulamışam ki, mən heç kimdən qorxmuram, çəkinmirəm və bütün fəaliyyətimin araşdırılmasına da hazıram. Amma mən kiminsə xoşuna gəlmirəmsə deyə, hansısa mətbuat orqanlarını arxasına alıb bu kampaniyanı aparanların xalqın önünə çıxarılmasını istəyirəm. Çünki bu kampaniyalar bu gün mənə, sabah başqasına qarşı ola bilər. Hər tədbirində Heydər Əliyevdən, Tükiyədə Atatürkdən sitatlar gətirən, həyatında bir dəfə də Nursi tərəfindən sitatlar gətirməyən insana “Sən niyə türk məktəblərinə dəstək veribsən” deyə nurçuluqda ittiham edən, sanki hansısa bir kölgəli işlərlə məşğul olan millət vəkilinə çamur atanların ciddi bir hesabat verməsi gərəkir. Digər millət vəkilləri özləri bilərlər. Amma mən öz adımdan müraciət etmişəm” - deyə deputat bildirib. Qənirə Paşayeva onu hədəfə alanlara xitabən bunları deyib:
“Nə etməliydik? Suriyada uşaqlarımızı döyüşlərə səsləndirənlərinmi yanında olmalıydıq? Yoxsa o güclərimi dəstəkləməliydik ki, uşaqlarımıza yaxşı təhsil versin? Mən Çağ Öyrətim Şirkətinin, Turan Yazqan Hocanın okulları, ya bütün Anadolu okullarının hamısının fəaliyyətini dəstəkləmişəm ki, uşaqlarımız yaxşı təhsil alsınlar. Mən bütün o gözəl məktəblərin yanında olmuşam. Suriyada uşaqlarımızı döyüşə səsləyənlərinmi yanında olmalıydım?...”.

Oqtay Əsədov isə belə məsələlərin parlamentdən səsləndirilməsinin doğru olmadığını deyib.

“Siz özünüz də jurnalist olmusunuz. Müraciət etmisiniz, öz işinizdir. Amma bu məsələni parlamentə çıxartmağa nə ehtiyac var” - deyə deputatın dediklərinə münasibət bildirib.

****
Milli Məclisin 4 mart iclasında ombudsmanın hesabatı qəbul edilib.

****

“10-15 il əvvəl hesabatda nə yazırdılarsa, ində də onları olduğu kimi təkrarlayıblar. Hesabatda Azərbaycanın işğal olunmuş bölgələri ilə bağlı cəmi bir neçə cümlə yazılıb, o da qərəzli formadadır”.

Siyavuş Novruzov

Siyavuş Novruzov

YAP İcra katibinin Müavini Siyavuş Novruzov bu fikirlərini ABŞ Dövlət Departamentinin dünya ölkələrində 2013-cü ildəki İnsan Hüquqlarının vəziyyətinə dair illik hesabatına aid edib.

Onun fikrincə, adıçəkilən hesabatda həqiqəti əks etdirməyən fikirlər yer alıb: “Diqqətlə oxuduqda görürsən ki, həmin hesabatda 10-15 il əvvəl hesabatda nə yazırdılarsa, olduğu kimi da təkrar ediblər. Orada qeyd ediblər ki, Azərbaycanın yeddi rayonu Ermənistan separtçılarının köməyi ilə işğal altında saxlanılır. Yazmırlar ki, Ermənistan dövləti, onu himayə edənlərin iştirakı ilə Dağlıq Qarabağ işğal olunub. Guya oranı Dağlıq Qarabağ seperatçıları işğal edib”.

“İLQAR MƏMMƏDOV NƏ VAXT PREZİDENTLİYƏ NAMİZƏD OLUB?”

S. Novruzov bildirib ki, Azərbaycanda insan hüquqlarının durumu ilə bağlı hesabatda yazılanlar tamamilə böhtandır: “İnsan hüquqları ilə bağlı erməni mənşəli insanların Azərbaycanla bağlı verdiyi hesabat orada dərc olunub. Bu cür standartla yanaşanda, başqa yerdə başqa cür hadisələr baş verir. Ermənistanda seçkilərdə namizədin birinə terror etdilər, güllənmə oldu. Amma hesabatda bunlarla bağlı heç nə olmadı. ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu seçkiyə nə rəy veribsə, onun üzərində dayanıblar, onu da siz demisiniz elə yazıblar. Siz öyrətməsəydiniz başqa cür yazacaqdılar. Yazıblar ki, prezidentliyə namizəd İlqar Məmmədov həbsdədir. İlqar Məmmədov nə vaxt prezidentliyə namizəd olub?”

Spiker Oqtay Əsədov da onunla razı olduğunu açıqlayıb: “Sevmirlər də bizi. Qoyulan nə qədər məsələ həll edilsə də, yeni məsələlər çıxardırlar ortaya. Amma həyat göstərəcək ki, bu məsələ öz-özünə həll olacaq. Biz bunu zornan həll edə bilməyəcəyik. Hamımız şahidi olacağıq ki, bu məsələlər yavaş-yavaş həllini tapacaq”.


****

Ötən il Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman) 13.670 müraciət daxil olub. Bunlardan 47,6 faizi baxılmaq üçün icraata qəbul edilib, 65 faizi təmin olunub.

Elmira Süleymanova

Elmira Süleymanova

Bu haqda Elmira Süleymanova Milli Məclisdəki məruzəsi zamanı məlumat verib. Onun sözlərinə görə, şikayətlər arasında mülki, iqtisadi, sosial hüquqların pozulmasına dair şikayətlər, o cümlədən şəxsiyyəti təsdiq edən sənədlərin verilməsi, torpaq, mülkiyyət, təbii fəlakətdən dəyən ziyan, pensiya və müavinətlər, aliment və borcun ödənilməsi ilə bağlı bir çox şikayətlər öz həllini tapıb.

İl ərzində şərəf və ləyaqətin müdafiəsi hüququnun pozulması ilə bağlı Ombudsmana 335 müraciət daxil olub. Müvəkkil qeyd edib ki, ötən il 3 hakim barədə intizam icraatına da baxılıb: “2013-cü il ərzində 3 məhkəmə sədri vəzifəsindən azad edilib, 5 hakimin səlahiyyətlərinə isə xitam verilib”.

BAĞÇALAR TƏHSİL NAZİRLİYİNƏ QAYTARILMALIDIR

Elmira Süleymanova məktəbəqədər təhsil müəssisələrinin vəziyyətindən də danışıb. Onun sözlərinə görə, uşaq bağçalarının əksəriyyəti yararsız haldadır: “Bu sahədə çox iş görülməli, bu müəssisələr Təhsil Nazirliyinin tabeliyinə qaytarılmalıdır”. Ombudsman həmçinin rayonlarda da bəzi məktəblərin təmirə ehtiyacı olduğunu, bir qisminin isə ümumiyyətlə, qəzalı vəziyyətdə olduğunu bildirib.

2013-cü ildə Ombudsman tərəfindən Daxili İşlər Nazirliyinə göndərilmiş 203 müraciətin araşdırılması nəticəsində təsdiq olunmuş faktlar üzrə vətəndaşlara qarşı kobud rəftara, qanunda nəzərdə tutulmuş müddətdən artıq polisdə saxlanma və istintaq orqanına vaxtında təhvil verilməməyə görə 25 əməkdaş intizam məsuliyyətinə cəlb olunub, o cümlədən 4 əməkdaş daxili işlər orqanından xaric edilib, 4-ü tutduğu vəzifədən azad olunub, 17-si barədə isə intizam tənbehi tətbiq edilib.

YOL POLİSİNDƏN 134 ŞİKAYƏT

Ombudsmanın müraciəti əsasında ötən il insan hüquq və azadlıqlarının pozulması ilə bağlı Daxili İşlər Nazirliyinə daxil olmuş və təsdiq olunmuş 252 fakt üzrə 341 əməkdaş intizam məsuliyyətinə cəlb edilib. Ötən il dövlət yol polisinin əməkdaşları ilə bağlı Ombudsmana daxil olan 134 müraciətdə bir sıra əməkdaşlar tərəfindən sürücülərlə kobud rəftar halları, onlara qarşı qeyri-etik münasibət, qanun pozuntularına yol verilməsi, pozuntunun sənədləşdirilməməsi, rüşvət halları öz əksini tapıb.

Müvəkkil tərəfindən bu müraciətlər üzrə müvafiq tədbirlər görülüb. Hesabatda deyilir ki, qeyd edilən müraciətlərin təhlili bu sahədə mövcud olan bir sıra ciddi problemlərin qarşısının alınması istiqamətində təsirli tədbirlər görülməsini tələb edir.

2013-cü ildə məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı Ombudsmanın ünvanına 697 müraciət daxil olub. Müraciətlərdə məhkəmə qərarlarının icra edilməsi, süründürməçiliyə yol verilməsi, icra məmurları tərəfindən vətəndaşlara münasibətdə kobud rəftar və s. hallar öz əksini tapıb. Müraciətlər üzrə zəruri araşdırma aparılıb, həmin qərarların icrasına tam və yaxud qismən nail olunub.

ƏMƏK MÜQAVİLƏSİ OLMADAN İŞƏ QƏBUL HALLARI VAR

709 müraciət isə əmək hüquqlarının pozulması ilə bağlıdır. Bunlar əsasən əmək haqqının verilməməsi, ödəmələrin gecikdirilməsi, müqavilə bağlanmadan işə qəbul, uzun müddətli məzuniyyətə göndərilmə ilə bağlı olub. 587 müraciət səhiyyə hüquqlarının pozulması ilə bağlı olub.

E.Süleymanova istismara qəbul edilib qazlaşdırılmayan yeni binalardan da danışıb. Ombudsmanın sözlərinə görə, mülki işlərlə bağlı 2257 müraciət olub. Bunların arasında əmlakın məhkəmə qərarı olmadan sökülməsi, vaxtında ədalətli kompensasiya verilməməsi, vətəndaşlara məxsus evlərin yerləşdiyi torpaqların onların razılığı olmadan bina tikintisi üçün şirkətlərə satılması və s. ilə bağlıdır.

****

OQTAY ƏSƏDOV UKRAYNADAN DANIŞMAQ İSTƏMİR

Fərəc Quliyev

Fərəc Quliyev

“Ukraynadakı hadisələrin bizə aidiyyatı yoxdur desək doğru olmaz”. Bunu Milli Məclis üzvü Fərəc Quliyev fevralın 4-də Milli Məclisin iclasında deyib. Onun fikrincə, Azərbaycan bu məsələdə barışdırıcı mövqedən çıxış etməlidir: “Avtronest-də Ukrayna həmişə müxtəlif məsələlərdə bizi müdafiə edir. Biz Ukraynaya bir qrup deputat göndərə bilərik”.

Spiker Oqtay Əsədov isə həmkarlarını bir qədər hövsələli olmağa çağırdı. Onun fikrincə, Ukrayna ilə Rusiya aralarındakı münaqişəni özləri həll edəcəklər: “Bizim bu məsələdə bir mövqeyimiz var. Azərbaycan bütün dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir. Ukraynada 300 min, Rusiyada 2 milyon azərbaycanlı yaşayır. Heç bir ölkə heç bir ölkəyə qoşun yeritməyib. Burda oturub başqa ölkələrin problemlərindən danışırsınız. Bu qohum dövlətlər özləri problemlərini həll edəcəklər”.

Lakin növbəti deputatın çıxışında yenə də Ukraynanın adını çəkməsi MM sədrinin səbrini daşırdı. Belə ki, deputat Etibar Hüseynov qeyd etdi ki, bir çoxları Ukraynanı, Suriyanı Qarabağla səhv salıblar:

“BAYRAĞI QALDIRMAĞI QADAĞAN EDƏN SƏNƏD OLSUN”

“Ukraynada, Maydanda Azərbaycanın bayrağı dalğalanır. Rusiya telekanalları da bunu dəfələrlə nümayiş etdirir. Hesab edirəm ki, hər kəs Azərbaycan bayrağını qaldıra bilməz. Bu məsələ ilə bağlı bir addım atılmalıdır, bayrağı harda gəldi qaldırmağı qadağan edən hansısa sənəd olmalıdır. Bu barədə səfirliklərə məlumat verilməlidir”.
Oqtay Əsədov isə bundan əvvəlki iradını bir daha təkrarladı: “Elə bil tormoz yoxdur, nəyi yazırsınızsa, gəlib burda danışırsınız. Necə edəcəksən, gedib bayrağı tutacaqsan və ya səfir gedib adam tutmalıdır ki, kimsə Azərbaycan bayrağını tutmasın? Bir az səviyyəli şey fikirləşin”.

“İNTERNET UCUZLAŞSA DA...”

Deputat Elmira Axundova bu gün Milli Məclisdə İnternetin sürətindən və mobil operatorların göndərdiyi spamlardan şikayətlənib. Onun sözlərinə görə, internetin qiymətinə endirimlər edilsə də, sürəti ilə bağlı probemlər qalmaqdadır: “Şəxsən mən provayderlə danışmışam, deyirlər internetin sürətini artıra bilmərik, çünki telefon naqilləri köhnədir, davam gətirməz”. Deputat həmçinin təmsil etdiyi Masallı rayonunda internetin sürətinin çox zəif olduğunu, tez-tez kəsildiyini söylədi: “Buna bir çarə tapılmalıdır”.

E.Axundova onu da bildirdi ki, hər gün onun mobil telefonuna 20-dək reklam mətnləri gəlir: “Təkcə bir gün ərzində müxtəlif şirkətlərdən mesajlar gəlir. Hamısı da insanları aldatmaq, mənasız oyunlara cəlb etməkdir. Bu mesajları açanda balansdan məbləğ silinir. Nəzərə alsaq ki, bir ailədə 5-6 mobil telefon var, büdcəyə kifayət qədər ziyan dəydiyini söyləmək olar. Bu hallar daha çox Bakcell-də müşahidə olunur”. Elmira Axundova təklif etdi ki, abunəçi istəyi olmadan ona hansısa reklam mesajının göndərilməsi qadağan olunmalıdır.

ARZUOLUNMAYAN SMS-LƏR ARAŞDIRILACAQ

Oqtay Əsədov da bu iradla razılaşdı. Spikerin fikrincə, insanların arzusu olmadan telefonu SMS-lə doldururlar. Spiker bununla bağlı Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsinin sədri Əli Hüseynliyə müraciət edərək məsələnin araşdırılmasını istədi.

YENİ FOND YARADILMASI TƏKLİFİ

Qüdrət Həsənquliyev

Qüdrət Həsənquliyev

​Deputat Qüdrət Həsənquliyev ağır xəstəliklərin müalicəsinə yardım olunması üçün xüsusi fondun yaradılmasını təklif edib. Bu təklifi Milli Məclisin bu günki iclasında səsləndirən millət vəkili bildirib ki, Azərbaycanda uşaqlar müxtəlif xəstəliklərə tutulurlar. “Heydər Əliyev Fondu bu cür uşaqlara yardım göstərir, tanınmış şəxslərin də ölkədən kənarda müalicə almasına dəstək verir. Müxtəlif elm, sənət xadimlərinin xaricdə müalicə olunmasının şahidi olmuşuq. Amma bu kifayət deyil”.

17 yaşlı Nərmin Hüseynlinin xilası üçün keçirilən aksiyaları xatırladan Q.Həsənquliyev hesab edir ki, bu məqsədlərlə Azərbaycanda xüsusi fond yaradıla bilər və azərbaycanlı iş adamları həmin quruma yardım göstərə bilər. Deputat ümumiyyətlə, Azərbaycanda bu qədər çoxsaylı dövlət səhiyyə obyektlərinə ehtiyac olmadığını bildirib və onların əklsəriyyətinin özəlləşdirilməsinə ehtiyac olduğunu deyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG