Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:42

İmişlidə Leninin sədəqə yığan qonşusu


Sidiqə Məmmədova
Sidiqə Məmmədova
-
Səhər açılan kimi yolun üstündə iri karton parçasısını yerə salıb üstündə oturur. Yollar yorğunu olan ayaqlarını uzadır, kürəyini soyuq divara söykəyir. Dilində təmənnalı dualar, yalvarışlar səslənir. Gözləri daha yaxşı görmür. Amma önündən ötüb keçənlərin ayaq səslərini, danışığını, bir də tabağına atılan xırda pulların cingiltisini eşidir. O səslərin kəsilməyi ilə də iş günü bitir.

həyətdəki büstlər
həyətdəki büstlər
Yol boyu daşların üstündə oturub dincini ala-ala, şişmiş ayaqlarını çəkə-çəkə gəlib daxmasına çıxır. Hər gün işə yollananda, axşam yorğun-arğın qayıdanda həyətdə Leninin heykəli ilə üz-üzə gəlir. Gecələr yatanda da “proletariatın dahi rəhbəri” onun qarovulunda dayanır...

ATILMIŞLAR

İmişli şəhərindəki Mənzil-İstismar Sahəsinin (MİS) həyəti qaragünlülərin, atılmışların son sığınacaq yeri olub. Vaxtilə şəhərin baş meydanında uca postament üzərində qoyulan, daim qarşısına tər çiçəklər düzülən, balaca pionerindən tutmuş yaxası orden-medallı, ağsaçlı müharibə və əmək qəhrəmanınadək hər kəsin önündə təzim etdiyi Vladimir İliç Leninin heykəli də yerindən götürüləndən sonra bura gətirilib. Onunla bir sırada Nəriman Nərimanovun da büstü var, sanki küskün halda üzünü yana çevirib.

Barəsində danışdığımız sədəqə yığan qarı - Sidiqə Rəhim qızı Məmmədova da neçə illərdir ki, Leninin heykəli ilə üzbəüz olan tikilidə- MİS-in kiçik anbarında özünə sığınacaq tapıb. Onun qızı, nəvə və nəticələrindən ibarət 4 nəfərlik bir ailə isə evlər idarəsinin qonşu anbarını özlərinə yaşayış yeri seçib.

YOLLARA TÖKÜLƏN ÖMÜR

Sidiqə Məmmədova 1933-cü ildə Astara şəhərində anadan olub. Hələ uşaq yaşlarından valideynlərini itirib. Yaddaşı korşalsa da, çörəyin kartoçka ilə verildiyi müharibə illəri xatirindən silinməyib: “Saat 5-də yuxudan oyanır, qaranlıqda gedib növbə tuturdum. Bütöv çörəyi hissələrə bölüb, hərəyə əl boyda verirdilər”.

Sidiqə nənə 1953-cü ildə ailə həyatı qurub və Astaradan İmişliyə köçüb. Deməyinə görə qızı hələ dünyaya gəlməmiş əri onu atıb. Belə çətin günlərdə Kommunal Müəssisələri Birliyində işə düzəlib. Körpəsini kürəyinə sarıyaraq küçələri süpürüb, ağacların qarını çırpıb. Evi olmadığından “komxoz”un yardımçı tikililərindən birində özünə sığınacaq tapıb. 17 il əvvəl isə hazırda yaşadığı ünvana köçürülüb.

DİLƏNMƏKLƏ ƏLDƏ EDİLƏN QAZANC PENSİYANI ÜSTƏLƏYİR

Əmək qabiliyyətini itirəndən sonra Sidiqə nənə sədəqə yığmağa başlayıb. Bir müddət çətinlik çəkdiyini deyir: “Bir yerdə oturmağa qoymurdular, harada görürdülərsə qovurdular. Camaatda pul da yox idi. Əvvəlkinə baxanda indi vəziyyət yaxşılaşıb. Orucluqda, məhərrəmlikdə nəzir verənlər, yardım göstərənlər çox olur. Doyana qədər yemək yeyirəm, ürəyim istəyəni alıram”.

O, dilənmədən başını saxlaya bilməyəcəyini deyir: “Pensiyam cəmi 120 manatdır. Ona nə gəlir ki? Ondansa, heç verməsələr yaxşıdır”.

SİÇOVULLAR YATAĞINA, QAZANINA GİRİR

Sidiqə Məmmədovanın evi
Sidiqə Məmmədovanın evi
Qarının yaşadığı tikili cəmi 4 kvadrat metrdir. Yerin döşəməsi yoxdur, quru torpaq üzərinə ədyal sərib üstündə gəzir. Stol arxasına keçəndə televizorun antenası gözü bərabərində dayanır. Deyir bu darısqallığa görə evdə yanğın olub və bədəninin bir hissəsi yanıb. Gözləri əməliyyat olunub və hər şey ona dumanlı görünür.

Sidiqə nənə siçovulların onu təngə gətirdiyini deyir: “Gecələr civildəşirlər, səsləri otağı başına götürür, yorğanın üstünə çıxırlar. Bu yaxında qazanın içərisinə giriblər, yemək yeyəndə zəhərlənmişdim”.

DİLƏNÇİ QIZININ DİDƏRGİN TALEYİ

Lev Tolstoyun sözüdür: “Bütün xoşbəxt ailələr bir-birinə çox oxşayır. Bədbəxt ailələrin isə hərəsi bir cür bədbəxtdir”.

Sevinc Məmmədova
Sevinc Məmmədova
Sidiqə nənənin yeganə övladı olan Sevinc Məmmədova 1980-ci ildə ərə getdiyini, lakin yoldaşının ölümündən sonra- 1996-cı ildə yaşadığı kənddən qovulduqlarını deyir:

“Dörd uşağım var- ikisi qız, ikisi oğlandır. Böyük qızımı 14 yaşında bədbəxt etdilər. Evdən çıxarılanda balaca qızımın 3 yaşı vardı. Onları böyüdüncə çox əziyyət çəkdim. Böyüyün taleyini korladılar, balaca isə xəstədir, hərdən ürəyi tutur, dili qatlanır. Oğlanlarım məndən ayrı yaşayır, birinin uşağı yanımdadır”.

Təxminən 8 kvadrat metr sahəsi olan tikilidə 4 nəfər yaşayır. Onlar heç də təsadüfən bu yerə buraxılmayıb- ana və böyük qız Kommunal Müəssisələri İstehsalat Birliyində süpürgəçi işləyir. Əmək haqqı az olduğundan onlar bazar və dükanlarda müxtəlif qara işləri də görməli olurlar. Bundan başqa, fərdi evlərdə də kilim yuyur, yun çırpırlar.
Axşam saat 6-da MİS-də işləyənlər gedəndən sonra ailə üzvləri rahatlıq tapır. Yay axşamları həyətdə samovar qaynadılır, qazan asılır, yuxa bişirilir, stol açılır. İşləri korlayan beş mərtəbəli binalarda yaşayanlara məişət tullantılarını atmaq üçün yaxınlıqdan yer ayrılmasıdır. Buradan ətrafa daim kəskin iy, milçəklər yayılır.

“XEYİR-BƏRƏKƏT LENİNLƏ GETDİ...”

81 yaşlı Sidiqə nənə ev işlərini özü görür: bazarlıq edir, otağını təmizləyir, yemək bişirir, paltarlarını yuyur. Qaldığı yerdə şəraiti olmadığından şəhər hamamından istifadə edir.

Ucunu divarlara bərkitdiyi paltar ipi heykəllərin başı üstündən keçir. Ağırlığından qaldırıb ipdən asa bilmədiyi donunu, koftasını abidələrin başına sərir. Amma quruyan vaxt geyimini götürəndə, yerini yumağı da özünə borc bilir.

Sidiqə nənə
Sidiqə nənə
Sidiqə nənə Leninlə mehriban qonşuluq etdiyini deyir: “Ürəyimi o kişiyə vermişəm. Xeyir-bərəkət, çörək onunla getdi. Dünyamız düzələcəkdi, hamı bərabər yaşayacaqdı. Qoymadılar, öldürdülər onu”. Qarı ürək yanğısı ilə bir ağız bayatı da dedi.
XS
SM
MD
LG