Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:22

Cəlilabadda əlillik dərəcəsini yalnız rüşvətlə almağın mümkün olduğu deyilir


arxiv foto

arxiv foto

-
Cəlilabad sakinləri 30 saylı Tibbi-Sosial Ekspert komissiyasından şikayətçidirlər. Şikayətçilərin dediklərinə görə, komissiyaya düşmək üçün aylarla vaxt lazım olur. Sonda heç bir səbəb göstərmədən rədd cavab verilir. Cəlilabad rayonun Adnalı kənd sakini Zahur Bayramov deyir ki, bacısının yoldaşı Rasim Salmanov Rusiyadan qayıdarkən avtomobil qəzasına düşüb. Dərbənd şəhərində 3 ay xəstəxanada yatıb:

“BİZƏ BELƏ TAPŞIRIQ VERİBLƏR...”

“Ayağı, qabırğaları, qolu sınmışdı. İki dəfə əməliyyat olunub. Axırda gətirdilər Azərbaycana. Burda yataq xəstəsidir. Lazım olan sənədləri hazırladıq. 30 saylı TSEK-ya müraciət etdik. Ora düşmək üçün 3 aya getdik-gəldik. Nəhayət qəbula düşdük. Qəbula düşəndən sonra oranın müdiri başladı ki, mən buna əlillik verə bilmərəm, bizə belə tapşırıq veriblər. Buna əllilik qrup təyin etməyəcəyəm. Mənə tapşırıq verilib ki, 2015-ci ilə qədər Cəlilabadda əllik olmayacaq. Hamısının sənədlərini ləğv edəcəyəm”.

Zahur Bayramovun sözlərinə görə, əlillik dərəcəsi alanlar var. Lakin onlar kiməsə rüşvət verirlər. Rüşvət verənlərin işi düzəlir. İmkanı olmayanlar qapı arxasında qalırlar:

“ELƏ BİL Kİ, BAZARA GƏLMİSƏN”

Cəlilabad

Cəlilabad

“Elə bil ki, əlilik idarəsinə yox, bazara gəlmisən. Biri deyir 200 verdim, biri deyir 300 verdim. Həqiqi xəstələr qalıb bir yanda, orda bazar açıblar. Orda 50 nəfər, 100 nəfər adam var. Qapının ağzında 4 polis qoyublar”.

Cəlillabad rayonun Hamarqışlaq kənd sakini Sakit Əsədov qardaşı Paşa Əsədovun da komissiyadan keçə bilmədiyini deyir. Onun bildirməsinə görə, qardaşının ağ və qara ciyərləri xəstədir. Elmi Tədqiqat Ağciyər Xəstəlikləri institutunda əməliyyat olunub. Xəstəlik barədə çıxarışı da həmin institutundan verilib. Sənədlər ötən il komissiyaya təqdim olunub. O vaxtları yataqda olan xəstəyə baş çəkiblər. Ümid ediblər ki, xəstəyə müavinət veriləcək. Lakin komissiyanın tərkibi dəyişdirildikdən sonra onun sənədləri geri qaytarılıb:

“GƏLƏN MÜDİR DEYİR VERMİRƏM”

“Gələn müdir deyir vermirəm. Bir qaynımın oğlu gözdən əlildir, nə üçün saxlayıb, nə səbəbə? Mən özüm də ciyər xəstəsiyəm. Özüm də xəstə adamam, ürəyim xəstədir”.

Sakit Əsədov deyir ki, orduda cəmi 3 ay xidmət etmiş qardaşı oğlu Şaməddin Əsədovun da vəziyyəti yaxşı deyil. Xəstəliyinə görə tərxis olunub. Aylarla xəstəxanalarda yatıb. Müalicə olunsa da hələ ki nəticə vermir. Çox vaxtı yataqda olur. Sənədləri 30 saylı TSEK-ya verilsə də rədd cavabı alıb. Onun sözlərinə görə, sadəcə deyirlər ki, əlillik dərəcəsi vermək üçün icazə verilmir.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin 30 saylı Cəlilabad Tibbi Sosial Ekspert Komissiyasının adının çəkilməsini istəməyən bir üzvü yoxlamaların obyektiv keçdiyini dedi. Digər suallara isə cavab vermək istəmədi.

NAZİRLİYİN MÖVQEYİ...

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev isə sorğumuza cavab olaraq elektron poçtumuza məktub göndərib. Məktubda deyilir:

“İlkin əlillik qrupları təyin olunmuş, lakin uzun müddət əlillik arayışı verilməyən onkoloji, dializ xəstələrinə, 1-ci qrup əlilliyi olanlara, penitensiar müəsissələrdə cəza çəkənlərə, nazir Səlim Müslimovun tapşırığına uyğun, ötən ilin son aylarında həmin arayışların verilməsi təmin olundu. Ümumilikdə 2300 nəfərə yaxın şəxsə. Növbəti tədbir kimi, nazirlik 2 və 3-cü qrup əlillik təyin olunmuş, lakin müvafiq arayışların uzun müddət gecikdirildiyi şəxslərə həmin arayışların operativ şəkildə verilməsi işlərinə başlandı. Ümumilikdə 17 min nəfərdən artıq vətəndaşın 2 və 3-cü qrup əlillik üzrə ilkin əlillik müayinələri ilə bağlı aparılmış işlərin yerindəcə araşdırılması, əyani müayinəsi tələb olunan şəxslərin müayinədən keçirilməsi məqsədilə nazirin müvafiq əmrinə əsasən 8 işçi qrupu yaradıldı.

İşçi qrupların araşdırmaları nəticəsində həqiqətən əlillik vəziyyətində olduqları müəyyən olunan insanların ilkin əlillik qrupları təsdiqləndiyi halda, onlardan bir hissəsinin əlillik vəziyyəti təsdiq edilmədi və onlara əlavə müalicə olunmaları tövsiyə olundu. Digər vətəndaşlar isə dəvət edilmələrinə baxmayaraq, ümumiyyətlə, əyani müayinəyə gəlmədilər”.

Məktubda daha sonra da oxuyuruq:

“Bu tədbir saxta yollarla əlillik qrupu almaq istəyən şəxslərin bu istəyinin reallaşmasına imkan vermədi və əlillik qruplarının təyinatında şəffaflığa şərait yaratdı. Hazırda da ilkin əlillik qruplarının verilməsinə ciddi nəzarət olunur və ilkin əlillik işləri nazirliyin müvafiq komissiyaları tərəfindən yoxlandıqdan sonra əlillik qrupları təyin olunur. Ona görə də bu tədbirlərə “əlillik qruplarının verilməsinin məhdudlaşdırılması” kimi yanaşılması qeyri-obyektivdir”.

KOMİSSİYA YERİNDƏCƏ YOXLAYIR

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyin saytında göstərilir ki, əlillik dərəcəsini almaq üçün TSEK-lara 88 saylı forma və şəxsiyyət vəsiqəsinin sürətini təqdim etmək kifayətdir. Komissiya müraciət edən xəstəni yerindəcə yoxlayır və qərar verir.

Cəlilabad şəhər sakini, iqtisadçı Əlipənah Rzalının sözlərinə görə, rüşvət verməklə əlilliyə görə pensiya alanlar az deyil. Bunun qarşısını almaq üçün yeni nazir gələndən sonra TSEK-larda qaydalar dəyişilib, işlər bir az da mürəkkəbləşib. Nazir əlillik dərəcələrini düzgün təyin olunmamasına görə 30 saylı Cəlilabad TSEK-nın sədrini vəzifədən uzaqlaşdırıb. İqtisadçının fikrincə, yeni müdir hesab edir ki, nə qədər əlillik dərəcəsi az təyin etsə, o qədər də yaxşıdır. Bunun nəticəsindən də həqiqi xəstələr əziyyət çəkir.

Azərbaycan vəkillər kollegiyasının üzvü Novruz Hacıyev belə vəziyyətdə vətəndaşlara məhkəmələrə müraciət etməyi məsləhət görür.

Şərhləri göstər

XS
SM
MD
LG