Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:18

"Martın 1-də qəflətən traktorlar gəldi"


Arxiv - foto
Arxiv - foto
“Yarımzirzəminin kvadratına 200, üstündəki obyektin kvadratına isə 500 manatdan kompensasiya hesabladılar. Obyektləri tam boşalda da bilmədik. Traktorları əraziyə töküb alt-üst elədilər”.

Sahibkar Adil Seyidov AzadlıqRadiosunun “Qaynar xətt”inə şikayət edib ki, martın 1-də Sabunçu dairəsindən Zabrat istiqamətinə gedən yolun kənarındakı şərikli obyektini söküblər. Obyekt sahibi ödənilən kompensasiyadan narazıdır:

“Qeyri-yaşayış sahəsinin qiyməti yaşayış sahəsindən bahadır. Buna baxmayaraq bizim obyektin ərazisini cüzi qiymətləndirdilər”.

Ümumi sahəsi 320 kvadratmetr olan yarımzirzəmi və üstündəki obyektdə lombard, dönərxana, mağaza, aptek fəaliyyət göstərirmiş. Sahibkarın deməsinə görə, icra hakimiyyətinin əraziyə gələn nümayəndələri obyektin tam boşaldılmasına da imkan verməyiblər:

"HAMISINI DARMADAĞIN ETDİLƏR"

“Bizə qısa vaxt verdilər ki, binanı boşaldaq. Təqribən 80 faiz avadanlıq və malları daşıyıb çıxara bildik. Martın 1-də isə qəflətən traktorlar gətirdilər. Biz əlavə 3-4 gün vaxt istədik ki, əşyaların qalanını da daşıyaq. Həm də binanın pəncərələrini, şiferlərini, 20 min daşını söküb aparaq, bir başqa yerdə özümüzə obyekt tikək. Vaxt vermədilər, hamısını darmadağın etdilər”.

Sahibkarın deməsinə görə, qardaşına məxsus yaxınlıqdakı 30 kvadratmetrlik obyektin hər kvadratına görə isə 1200 manatdan kompensasiya ödənilib.

Sahibkar deyir, 13 ilə yaxın imiş ki, obyekt fəaliyyət göstərirmiş:

“Söküntüdən bir gün əvvəl Sabunçu rayon Məhkəməsinə ərizə vermişik. Növbəti həftə əlavə ərizə ilə müraciət edəcəyik ki, söküntü nəticəsində dəymiş zərəri də bizə ödəsinlər. Üstəlik, o obyektdə məndən başqa üç nəfər də şərik idi. Aylıq ümumi gəlirimiz 10 min manatdan çox olurdu. İndi isə qazanc yerimiz yoxdur. Məhkəmədə əldən çıxmış mənfəətin ödənilməsini də tələb edəcəyik”.

Sabunçu rayon icra Hakimiyyətindən “Qaynar xətt”ə bildirdilər ki, obyekt yolun genişlənməsi ilə əlaqədar sökülüb. Kompensasiyanın məbləğindən narazılıqla bağlı isə, qurumdan bildiriblər ki, həmin tikili yarımçıq özəlləşdirilib, texniki pasportu, çertyoju və Çıxarışı olmayıb.
XS
SM
MD
LG