Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:46

«Qərbin əlində xeyli imkanlar var ki, Putin-in ağlını başına gətirsin»


Rasim Musabəyov
Rasim Musabəyov
-
Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov AzadlıqRadiosuna Ukraynadakı son durumu şərh edir.

- Rasim bəy, Ukrayna hadisələri, Rusiyanın bu ölkə ilə bağlı addımlarını necə dəyərləndirirsiniz?

- Rusiyanın Krımda açıq hərbi müdaxiləsi mövcuddur və gərginlik getdikcə artır. Hələ ki Ukrayna hərbi qüvvələri ilə toqquşmalar yoxdur, amma bu, Rusiyanın Ukraynanın ərazi bütövlüyünə qarşı qəsdidir.

- Rusiyanın indiki mövqeyi nə qədər davam edə bilər?

- Bu, Qərb ölkələrinin Rusiya qarşısında sərt mövqe qoymayana qədər davam edəcək. İndi hiss olunur ki, artıq o mövqe ortalığa qoyulmaqdadır.

- Nəyi nəzərdə tutursunuz?

- ABŞ prezidenti Barack Obama-nın təşəbbüsü ilə Ukraynadakı vəziyyətin müzakirəsi təklif olunub. BMT-nin Təhlükəsizlik Şurasında qapalı müzakirələr başlanıb.

- Vaxtilə Gürcüstanla bağlı da Qərbin nəyəsə hazır olduğu deyilirdi.

- Birincisi, Gürcüstanla bağlı vəziyyət bu dərəcədə deyildi. İkincisi, Rusiyanın Krımda hərbi mövcudluğu müqavilə əsasındadır. Gürcüstanda belə bir əsaslar yox idi. Görünən odur ki, Rusiya Krımı tam öz nəzarətinə keçirmək istəyir. Orda Kiyevin təsir imkanlarını saxlamaq istəmirlər. Amma məsələni hələ rəsmiləşdirməməklə həm Qərblə, həm də Ukrayna ilə danışıqlara yer saxlamaq üçün özlərinə möhkəm mövqe hazırlayırlar. Düşünmürəm ki, bu, Krımın açıq şəkildə qoparılmasına qədər gedib çıxsın. Bu, Rusiya üçün çox baha başa gələr.

- «Artıq Krım getdi» deyə düşünənlər də var…

- Mən elə düşünmürəm...

- Obama-nın bəyanatını baş verən hadisələrə nə qədər adekvat saymaq olar?

- Rusiya üçün imkanlar saxlamaq istəyirlər. Amma Obama-nın son bəyanatı ciddidir.

- Hesab edirsiz ki, Ukrayna tək qalmayacaq?

- Bəli…

- Ukrayna ordusunun bu məsələyə hələ cəlb olunmaması necə, doğru addımdırmı?

- Əlbəttə onlar müharibənin olmasını istəmirlər. Düz də edirlər. Müharibə başlasa, vəziyyət tamamilə başqa cür olacaq. Səbir göstərmək daha yaxşıdır, nəinki açıq münaqişəyə girmək. Hesab edirəm ki, ABŞ, NATO bütün hallarda Ukraynanı açıq hərbi toqquşmalardan çəkindirməyə çalışacaqlar. Qaldı ki, Rusiyaya təsir göstərilməsinə, onların əlində xeyli imkanlar var.

- Nələr var?

- Rusların bütün hesablarını dondurarlar. Rusiya öz ehtiyatlarını nədə saxlayır, əlbəttə dollarda …

- Hərbi müdaxilə necə, mümkündürmü?

- Düşünmürəm ki, Avropanın mərkəzində buna yol verilsin. Avropanın mərkəzində belə bir toqquşma çox təhlükəlidir. Ona yol verilməyəcək, ancaq Qərbin əlində xeyli imkanlar var ki, həm Putin-i, həm də korrupsiyaya bulaşmış Rusiya elitasının ağlını başına gətirsin.

- Rusiya qazı dayandırmaqla bu təzyiqlərə cavab verə bilərmi?

- Lap elə bir dayandırdı, onda həmin qazı hara satacaq, yeməyəcək ki... Birdəki Rusiyanın dünyadakı iqtisadi çəkisi heç 2 faiz eləmir. Belə olan halda Rusiyanın Amerika, Avropa ilə baş-başa gəlməsi Putin rejiminə çox baha başa gələ bilər.

- Rusiyanın Ukraynaya müdaxiləsinə Rusiyanın tələyə salınması kimi baxılır...

- Hesab edirəm ki, Rusiyanın bu məsələdə istəyi odur ki, Ukrayna heç vaxt NATO-ya, Avropa Birliyinə üzv olmasın. Özü də bu təminatların müqavilə əsasında olmasına çalışacaq. Vaxtilə Gorbachev-a şifahi şəkildə belə bir təminat verilmişdi. Amma sonradan o şifahi razılaşmalara əməl olunmadı. Görünən odur ki, Rusiya Ukrayna və digər məsələlərdə özünə yazılı şəkildə təminat istəyir.

- Birdən Rusiya Krımdan çıxmaq istəmədi.

- Rusların Krımda qalmağı müqavilə ilə tənzimlənir, heç onların ordan çıxmasını istəyən də yoxdur. Məsələ ondadır ki, Rusiya öz hərbiçilərini ortalığa salıb dövlət binalarını mühasirəyə alıb, texnikanı yollara çıxarıb. Bundan başqa hakimiyyət dəyişikliklərinə müdaxilə edir. Rusiyanın Krımda hərbi mövcudluğu olsa da, onun Ukraynanın daxili işlərinə qarışmağa heç bir haqqı yoxdur. Getsinlər otursunlar müqavilə ilə tənzimlənən öz hərbi bazalarında, söhbət bundan gedir. Ruslar Ukrayna hökumətinin razılığı olmadan ora desant qüvvələri gətiriblər. Bu tamamilə dözülməz bir haldır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG