Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 07:59

Fəlsəfəyə dair iyirmi kitab müəllifi Ramiz Mehdiyev yazır ki...


Nərmin Kamal

Nərmin Kamal

-

"OxuZalı"nda ən çox oxunan


"Azərbaycanda fəlsəfə siyasətin köləsinə çevrilir.

Bunu ən yaxşı hiss edənsə indiki tələbələrdir.

Onlar qocalıb vəfat edən fəlsəfə müəllimlərinin yerinə başqa fəlsəfə müəllimlərinin yox, getdikcə siyasətçilərin, millət vəkillərinin gəldiyini deyirlər..."



Nərmin Kamal


AZƏRBAYCAN SİYASƏTİNDƏ FƏLSƏFƏ BUMU VƏ TƏRSİNƏ


Onların əksəriyyətinin bioqrafiyasında fəlsəfə sözünü görmək olar. Ya fəlsəfə üzrə doktorluq dissertasiyası müdafiə ediblər, ya kitablarında, məqalələrində, çıxışlarındadır bu söz, ya da hansısa universitetdə fəlsəfədən dərs deyirlər.

İqtidar nümayəndələri, hakim partiyanın millət vəkilləri və status-quo fəlsəfə sözünü çox sevir. Fəlsəfə bu gün Azərbaycanda konformist düşüncənin sığınacaq yerinə çevrilib.

Hakimiyyət siyasətçiləri öz hakimiyyətlərini fəlsəfi cəhətdən əsaslandırmaq ehtiyacı duyduqları kimi, yerli fəlsəfəçilər də öz mövzularını siyasi cəhətdən əsaslandırmaq ehtiyacı duyurlar.

Hər iki qrup bu məqsədləri üçün sintez üsulunu seçib. Onlar ən barışmaz ideyaları barışdırır, sintez edir, Azərbaycanın milli və siyasi ideologiyasına uyğunlaşdırırlar; Qərb filosofları ilə Şərq filosoflarını “uzlaşdırırlar”, türkçülüklə islamçılığı “barışdırırlar”, liberalizmlə konservatizmi “qovuşdururlar”.

Günlərin bir günü bir siyasətçi filosoflara deyir ki, nədir, min illərdir elmlə dini barışdıra bilmirsiniz, istəyirsiniz qulaq asın, mən barışdırım. “Burda nə var ki. Elm kainatda mövcud olan tamamilə hər şeyi kəşf edə biləcəyini deyir. Dinsə iddia edir ki, Tanrı tam realdır, ətrafınızda gördüyünüz şeylər qədər realdır. Götürün onların bu fikrini, yəni Tanrını ətrafınızda gördüyünüz dağlar, binalar, maral, pişik, ağac və sair kimi real olmasını. Sonra götürün elmin o iddiasını ki, real olan hər bir nəsnəni öyrənə bilər. Buyursun, elm Tanrını da tədqiq elədiyi növlərdən biri kimi tədqiq eləsin.” Azərbaycanda fəlsəfə ilə məşğul olan siyasətçilər və siyasətlə məşğul olan fəlsəfəçilər də təxminən belə mühakimələrlə iş görürlər.

İdeologiya fəlsəfəyə iynə vurur

Əgər bu, təhsilin keyfiyyətsizliyi məsələsi olsaydı, mən də sizi narahat etməzdim. Ancaq məsələ tam ideolojidir, sovet dövlətinin fəlsəfəyə sanki iynə vurub genetik təbiətini dəyişdirməsini xatırladır.

Azərbaycanda fəlsəfə adamları can-başla qollarını çıxarıb irəli uzadırlar ki, vur iynəni...


Belə görünür ki, yerli fəlsəfəçilər sovet vaxtı marksizmin xatirinə Qərb filosoflarını saf-çürük edirdilərsə, bu gün milli mentalitetin və hakim ideologiyanın xatirinə saf-çürük edirlər, filosofları saflara (“O, haqlı olaraq hesab edirdi ki”) və çürüklərə (“O, səhvən düşünürdü ki”) ayırırlar.

Fəlsəfə - düşünmək sənətindən senzuraya uğramış bir ədəbiyyat mətninə endirilir.

Azərbaycanın fəlsəfə çevrələrində “ideologiya” müsbət bir söz kimi işlənir. Ölkənin müxtəlif siyasi çevrələrində ideologiya axtarışları getdiyi kimi yerli filosofları da bu məsələ çox qayğılandırır.

Maraqlıdır ki, Qərb fəlsəfəsində “ideologiya”nı neqativ söz hesab edirlər. İdeologiya fəlsəfənin düşmənləri siyahısnda ilk yerlərə qoyulur.

Ona görə ki, ideologiya bir fəlsəfənin nüfuz üstünlüyüdür, müasir fəlsəfə isə özünü fəlsəfəLƏR kimi təsbit etməyi çox xoşlayır.

Fəlsəfə bizə deyir ki, həmişə seçimimiz var. İdeologiya isə deyir ki, budur seçimin hazır nəticəsi. İdeologiya özülə propaqanda gətirir, belə olan şəraitdə fəlsəfə öz işini azad görüb əbədi həqiqətini soraqlaya bilmir.

Müasir fəlsəfi düşüncəyə görə, siyasət maksimum az ideoloji olmalıdır. Çünki ideologiya həmişə birtərəflidir, özünün ziddi olanları yanlış hesab edir, onlarla toqquşmaya aparıb çıxarır. Elə qərbli siyasətçilər də qürurla deyirlər ki, onlar ideologiyasız siyasət (“ideology-free politics”) yürüdürlər...

Məsələ qəlizləşir

Prezidentin İcra Aparatının rəhbəri, fəlsəfəyə dair iyirmi kitab müəllifi Ramiz Mehdiyev “Milli məfkurə, dövlətçilik, müstəqillik yolu ilə” (2006) kitabında yazır: “...zənnimizcə, bizim ideologiyanı neokonservatizmə aid etmək olar.”


O, neokonservatizmin “ənənələrə və möhkəm dövlət intizamına əsaslanan sosial sabitlik” olmasını vurğulayır. Açıq cümlələrlə neokonservatizmin liberalizmə qarşı üstünlüyünü müdafiə edir və deyir:

“Neomühafizəkarlıq bərabərliyə deyil, cəmiyyətin elə bir vəhdətinə çalışır ki, orda hər bir şəxsiyyət müəyyən yüksək nizamın iştirakçısı olsun. Burda şəxsiyyət müstəqil deyil və müəyyən mənada “azad deyil”, çünki şəxsiyyətin azadlığı onun dövlət qarşısında məsuliyyəti ilə bağlıdır”.

Sonra Azərbaycan ideologiyasında sintezdən söz açır, deyir ki, hər şey sintezdəki ideologiya elementlərindən hansının üstün olmasından asılıdır. Bir cümləylə ideologiyadakı sintezin pay nisbətini belə müəyyən edir:

“Liberalizm mülkiyyət hüququna, sosializm istehsalın nəticələrinin bölgüsünə, demokratizm özünüidarəyə, mühafizəkarlıq isə normativ qaydaya üstünlük verir”.

Yazır ki, düzdür, dünyada liberalizm aparıcıdır, amma bizim kimi keçid dövrü yaşayan dövlətlər üçün liberalizm yox, neokonservatizm uyğundur, əks halda cəmiyyət 1988-93-cü illərdəki kimi anarxiyanın hökmü altında qala bilər. “Çoxları neokonservativ ideologiyanı fərdi azadlığı boğmaq vasitəsi hesab edə bilər, amma praktika göstərir ki, həyatda hər şey daha mürəkkəbdir” – deyir ideoloq.

Neokonservatizmlə liberalizmi birincini əsas götürməklə barışdırmaq ideologiyası mərkəzə insanın yox, dövlətin qoyulmasıdır. Deməli, sadə insanların parkda hansısa heykəlin ayağının altında oturması kimi lap xırda məsələlərə qədər bütün fəaliyyətlərində qarşılarında “müəyyən yüksək nizamı” xatırladan dövlət adamını - polisi görmələri bizim rəsmi ideologiyanın özülə razılaşdırılıb.

Azərbaycanda insanın bəşəri sayılan hüquq və azadlıqlarıyla dövlət müdaxiləsinin hər dəfə cürbəcür məsələlərdə toqquşması hüquq pozuntuları, qanunsuzluq yox, ilk növbədə ideoloji buxovdur.

Bu deyilən ideologiya ilə bizim əvvəlki marksizm ideologiyası arasında bəzi bənzərliklər var. Onların hər ikisi əsas vurğunu zorakılıqla da olsa qorunmalı olan mövcud ictimai nizama və dövlət gücünün üstünlüyünə salır.

Hər iki ideologiyanın əcdadı leviafançılıq fəlsəfəsidir (vətəndaşların təbiətinə inamsızlıq; hər bir məsələyə dövlət müdaxilə etməsə, vətəndaşlar korlayacaq; dövlət elə onların öz təhlükəsizliyini qorumaq üçün avtoritar olmalıdır fikri).

Hər iki ideologiyanın əsasında moral absolutizm, - şəraitdən, niyyətdən asılı olmayaraq, bəzi şeylərin ənənəvi olaraq mütləq doğru, bəzi şeylərinsə mütləq yanlış olduğunu dəstəkləyən etika dayanır...

Ümumiyyətlə, Azərbaycanda hər bir siyasi tərəf müəyyən ideologiya təklif edir. Çox az adam bu fikirdədir ki, bizə əlavə ideologiya lazım deyil, bizim ideologiyamız elə Konstitusiya və sağlam məntiqin özü olmalıdır.

Nəticədə fəlsəfə siyasətin köləsinə çevrilir. Bunu ən yaxşı hiss edənsə indiki tələbələrdir. Onlar qocalıb vəfat edən fəlsəfə müəllimlərinin yerinə başqa fəlsəfə müəllimlərinin yox, getdikcə siyasətçilərin, millət vəkillərinin gəldiyini deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG