Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:14

Qubada nazir qəbulundan qapıarxası reportaj [Video]


-
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun görüşünü təşkil edənlərin bu sualını bəlkə də eşitməyən olmadı:

- İctimai TV-nin müxbiri hanı?

Nazirin görüşü, daha doğrusu, qəbulu bu gün – fevralın 28-də Quba mədəniyyət evində keçirilirdi. Dərdini nazirə çatdırmaq üçün dan ağarandan gələnlərlə yanaşı, buraya tədbiri işıqlandırmaq istəyən jurnalistlər də toplaşmışdılar. Di gəl, tədbirin təşkilatçıları İTV-nin kameramanından başqa heç bir media nümayəndəsini qəbul otağına buraxmadılar. Üstəlik, inad göstərən jurnalistləri mədəniyyət evinin bir otağına yığıb qapını üzlərinə qıfılladılar. Qələm, mikrofon və kamera əhlini 2 saata yaxın orada saxladılar. AzadlıqRadiosunun durumu görüntüləməyə çalışan müxbirinin hər cəhdi kameranın əlindən alınmasıyla nəticələndi...

JURNALİSTLƏR BURAXILDILAR, AMMA...

...İki saata yaxın etirazlardan sonra jurnalistlər «azad edildilər». Amma bu «azadlığın» bir faydası olmadı – Fövqəladə Hallar Nazirliyinin əməkdaşları onları qəbul keçirilən məkandan uzaqlaşdırdılar.

AzadlıqRadiosunun müxbiri nazirin qəbuluna gəlmiş bir neçə vətəndaşı danışdıra bilib. Məlum olub ki, Xaçmazın Çarıqlı kəndində yaşayan 2-ci qrup əlil, işləmək qabiliyyəti olmayan Natiq Əsgərov da qapı arxasında qalıb:

«Oğlum əsgərlikdədir, yoldaşım da işləmir. Maddi kömək üçün gəlmişəm. Ərizəmi də vermişəm... Deyirlər, biz belə kömək göstərə bilmərik. Dedim, mən nazirin özü ilə görüşmək istəyirəm, amma nazirin qəbuluna girməyə qoymadılar. İndi istəyirəm ərizəmi geri götürüm, Bakıya gedim».

«KİM QƏBUL ETDİ?»

Şabrandan naziri görməyə gəlmiş Nazlı Əkbərovanı nazir gələnədək başqaları qəbul etmişdi:

- Yaxşı qəbul elədilər.

- Kim qəbul etdi? Nazir hələ gəlməyib, axı...

- Oradakılar. Habil Cəbrayılov adlı bir nəfər... Dedim, xəstəyəm, mənə qulluq üçün qardaşımın övladını götürmüşəm. Dedilər, çox yaxşı. O uşağın işi ilə bağlı gəlmişdim. Dedilər, yaxşı olacaq.

«EVİMİ UÇURUB YERİNDƏ «HEYDƏR PARKI» TİKİBLƏR...»

Şabrandan başqa bir şikayətçi də gəlmişdi – Hidayət İskəndərov.

- Şikayətiniz nədəndir?

- İcra hakimiyyəti şəxsi evimi söküb, müvəqqəti sığınacaq verib. O evin də üstünü külək uçurdub. İndi gedirəm icra hakimiyyətinə, deyirlər, kömək etmək imkanımız yoxdur.

- Evinizi niyə söküblər?

- Yerində «Heydər parkı» tikiblər. Kompensasiya da ödəməyiblər. İcra hakimiyyətindən gəlib dedilər ki, çıx, sökməliyik, park tikməliyik.

Bu dəfə təkcə sadə vətəndaşlar yox, jurnalistlər də şikayətçiyə çevrilmişdilər. Onların nazirlik əməkdaşlarının davranışından gileyliydilər. «Doğru TV»nin əməkdaşı Dəyanət Azərsoy qəbula niyə buraxılmadıqlarını heç cür anlamırdı:

«Jurnalist kimi nazirin qəbulundan çəkiliş aparmağa gəlmişdik. Təəssüf ki, nazirliyin mətbuat xidmətinin rəhbəri Tural Müseyiboğlu bölgə və paytaxtdan olan jurnalistləri bir otağa yığıb qapını arxadan bağlatdırdı. Otaqdan «azad ediləndən» sonra da qəbul keçirilən məkandan hətta görüntü götürməyə də imkan vermədilər».

Beləcə, fövqəladə hallar nazirinə kim hansı dərdini dedi, nazir kimə hansı ümidi verdisə, bağlı qapı arxasından nə görmək, nə eşitmək mümkün oldu...

Şərhləri göstər

XS
SM
MD
LG