Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 06:42

Mehriban Əliyeva: “Uşaq bağçaları tələbatı ödəmir”


Mehriban Əliyeva
Mehriban Əliyeva
-
MEHRİBAN ƏLİYEVA: “UŞAQ BAĞÇALARI TƏLƏBATI ÖDƏMİR”

Hakimiyyət Əli İnsanovu necə buraxmaq istəyir, Əli Kərimli Azərbaycanın dalğadan kənar qalmayacağını deyir, Çingiz Abdullayev Ukrayna hadisələri çox pis baxır. Bütün bunlar media icmalında

“Bu gün ölkəmizdə fəaliyyət göstərən uşaq bağçalarının əksəriyyəti sovet dövründə tikilib. O zamandan bu günə qədər Azərbaycanda əhalinin sayı 25-30 faiz artıb və mövcud bağçalar tələbatı ödəmir”. Bunu Birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fondun məktəbəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatında çıxışı zamanı deyib.

“Azərbaycan” qəzeti tədbirdən geniş reportaj dərc edib:

"Onlar tələbatı təxminən 18-20 faiz səviyyəsində ödəyir. Onu da nəzərə almalıyıq ki, son 10 il ərzində ölkəmizdə 1 milyon 200 min yeni iş yeri açılmışdır və bu gün bir çox ailələrdə valideynlərin ikisi də işləyir. Bu fakt özlüyündə yeni uşaq bağçalarının sayının artmasını tələb edir. Bu sahədə olan problemlərin həllinin cəmiyyətimiz üçün vacibliyini nəzərə alaraq mənim tapşırığımla Heydər Əliyev Fondunun mütəxəssisləri tərəfindən məktəbəqədər təhsil ocaqlarının mövcud vəziyyəti ilə bağlı araşdırmalar aparılıb və bir neçə ay davam edən bu işin nəticəsi üzrə geniş məlumat bazası yaradılıb. Qeyd etməliyəm ki, ilkin mərhələdə bu monitorinq yalnız Bakı şəhərində aparılıb. Gələcəkdə həmin iş respublika üzrə də aparılacaq. Zənnimcə, gələcək fəaliyyətimiz bir neçə istiqamət üzrə qurulmalıdır. Ölkəmizdə təmirə ehtiyacı olan bütün bağçalarda təmir işləri aparılmalıdır".


“HAKİMİYYƏT İNSANOVU ƏFV ƏRİZƏSİ ALIB BURAXMAQ İSTƏYİR”

Əli İnsanov
Əli İnsanov
Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti, tanınmış hüquqşünas İntiqam Əliyev “Yeni Müsavat” qəzetinə müsahibəsində deyir ki, Azərbaycan faktiki olaraq Strasburq Məhkəməsinin qurban kimi tanıdığı şəxslərə kompensasiya verməklə işini bitmiş sayır. Hüquqşünas keçmiş səhiyyə naziri Əli İnsanovla bağlı Avropa Məhkəməsinin qərarı barədə deyir ki, digər siyasi işlərdə olduğu kimi, hakimiyyətin Avropa Məhkəməsinin qərarını icra etməyəcəyi gözlənilirdi. “İlham Əliyev dəfələrlə çıxışlarında bəyan edib ki, beynəlxalq təşkilatların təzyiqləri Azərbaycana qarşı keçərli deyil. Azərbaycan hakimiyyəti Avropa Birliyinin, digər beynəlxalq təşkilatların İlqar Məmmədovu, Tofiq Yaqublunu və digər siyasi məhbusların dərhal azadlığa buraxılması barədə qətnaməsini ölkədə iğtişaş yaratmaq istəyən qüvvələrə dəstək kimi qiymətləndirdiyi kimi Avropa Məhkəməsinin qərarlarını Azərbaycan siyasi təzyiq vasitəsi sayır, bundan qıcıqlanır. Çünki öyrəşib ki, məhkəmələrə göstərişi o versin. Əli İnsanovla bağlı məhkəmədə baş verənlər də həmin o siyasətin tərkib hissəsidir. Hakimiyyət Ə.İnsanovu Avropa Məhkəməsinin qərarı əsasında yox, əfv ərizəsi alıb buraxmaq istəyir. Həm “dikbaş” sabiq səhiyyə nazirini sındırmaq istəyir, həm topluma təkrar-təkrar mesaj verir ki, mən Avropa Şurasını, onun Nazirlər Komitəsini və ya sizlərin güvəndiyiniz Avropa Məhkəməsini hərləmirəm. Bu işlə bağlı məhkəmə zalında baş verən özbaşınalıqlar, əslində, həmin qurumlara, topluma, sabiq səhiyyə nazirinin özünə mesaj idi. Amma Ə.İnsanov da möhkəm dayanıb. Hər iki tərəf üçün asan olmayacaq. Azərbaycan hakimiyyəti böyük qardaşı Rusiya hökuməti kimi Avropa Məhkəməsinin qərarlarını icra etməkdən imtina edən ölkələrə aid edilir və onunla bağlı müzakirələr son dövrlərdə daha intensivləşib”.

"AZƏRBAYCAN BU DALĞADAN KƏNARDA QALA BİLMƏZ"

Əli Kərimli
Əli Kərimli
AXCP sədri Əli Kərimli "Amerikanın səsi" radiosuna müsahibə verib. “Azadlıq” qəzeti müsahibəni dərc edib. Əli Kərimli deyib ki, Azərbaycan hökuməti siyasi mənada güclənmir.

“Ola bilsin ki, pulu artır, silahlı dəstələri artır, özündən razılığı, yekəxanalığı artır. Amma, Azərbaycan hökumətinə xalqın dəstəyi gün-gündən azalır. Azərbaycan müxalifətinin sosial bazası böyüyür... Bunadək siyasətə qoşulmayan gənclik, internet yeni bir qüvvə kimi prosesə qatılıb. Ona görə də zaman etibarı ilə Azərbaycanda müxalifətin, hökumətdən narazı olanların xeyrinə dəyişir. Zaman keçdikcə hökumət olan-qalan sosial dayaqlarını da itirir. Azərbaycanda bu dəyişiklik labüd olacaq, amma bunun konkret nə zaman olacağını deyə bilmərik. Amma bu labüddür. Çox paradoksal bir məsələ var. Bu inqilablar baş verəndə hər bir dövlət başçısı hesab edir ki, bunun ona dəxli yoxdur, bu, ümumi qanunauyğunluq deyil, hansısa digər bir prezidentin səhvinin nəticəsində baş verib. Anlamırlar bu qanunauyğunluğu. Amma o qanunauyğunluqları başa düşən adamlar bilirlər ki, Azərbaycan bu demokratikləşmə dalğasından kənarda qala bilməz. Bizim regionda baş verən pozitiv dəyişikliklər Azərbaycan xalqını bu dəyişikliyə yaxınlaşdırır”.

ÇİNGİZ ABDULLAYEV: “UKRAYNA HADİSƏLƏRİNƏ ÇOX PİS BAXIRAM”

Yazıçı Çingiz Abdullayev “Media forum” saytına müsahibəsində Ukraynadakı son proseslər və prezident postundan uzaqlaşdırılmış Viktor Yanukoviç haqda danışıb.

Çingiz Abdullayev
Çingiz Abdullayev
Abdullayev Yanukoviç barədə “Əfsanəyə çevrilmə haqqı” kitabının müəllifidir. Siyasətçi ilə yaxın münasibətləri olan yazıçı onun həyatını qələmə alıb.

- Yanukoviç haqqında əsərinizdə onun çox ağır həyat yaşadığını, bəzən təsadüf nəticəsində sağ qaldığını yazırsınız. İndi onun yaşadıqlarını faciəli həyatın məntiqi davamı saymaq olarmı?

- Əlbəttə, bu, faciənin davamıdır. Ukraynada baş verənlər böyük faciədir. Görün nə qədər adam həlak olub. Mən Yanukoviçi şəxsən tanıyıram, çox cəsarətli, davakar adamdır. İki dəfə həbsdə yatıb, dustaqlar ona ölüm hökmü çıxarıblar, amma həbsxanadan sağ çıxıb.

Pul adamları daha tez sındırır. Bilirik ki, Yanukoviç prezident postuna gələndən sonra adi diş həkimi olan oğlu iki ilə 4 milyard dollardan çox pul qazandı. O biri oğlu deputat oldu. Görünür, bu, kişiyə çox böyük təsir etdi. Təbii ki, birinci növbədə o özünü yox, pulları fikirləşirdi. Çox qan tökdü. Yəqin istəmədi daha çox qan tökülsün və qaçdı. Onu başa düşürəm. Amma mən Ukrayna hadisələrinə çox pis baxıram. Ona görə ki, bir belə adam qırılıb. Mediada oxuyuram ki, “Ukraynada diktaturanın sonu gəldi”. Diktatura ola bilməzdi. Çünki Yanukoviç qanuni prezident seçilib. Amma buna baxmayaraq inqilab olub, camaat da başa düşür ki, hamısı oğrudur, korrupsioner, rüşvətxordur. İnsanlar da buna dözmədi, onları qəbul etmək istəmədi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG