Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 00:46

Bələdiyyənin niyə nə pulu var, nə də səlahiyyəti?


Abil Bayramov
Abil Bayramov
-
Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansının fevralın 27-də keçirdiyi müzakirələrdə müxtəlif məlumatlar səsləndi:

– Keçən il ölkə bələdiyyələrinin toplam gəliri 47 milyon manat olub.
– İndi bələdiyyə gəlirlərindən vergi adambaşına 2 manatdır.
– Adı mədəniyyət mərkəzi kimi hallanan Qəbələdə 1 manat da olsun əmlak vergisi yığılmayıb.

Sözügedən Alyans Azərbaycan bələdiyyələrinin ana problemini – səlahiyyət və maliyyə gəlirlərinin yoxluğu məsələsini müzakirəyə çıxarmışdı.

«AVROPA XARTİYASI TƏLƏB EDİR Kİ...»

Alyansın koordinatoru Abil Bayramov bələdiyyələrin üst-üstə qalaqlanmış ciddi problemlərinin çözülməsi üçün eyni dərəcədə ciddi islahatların gerçəkləşdirilməsinə kəskin ehtiyac duyulduğuna diqqət çəkdi:

«Azərbaycanda bələdiyyələrin ən ciddi problemlərindən biri səlahiyyət məsələsindən qaynaqlanır. Ölkədə bələdiyyələrin səlahiyyəti həddindən artıq məhduddur. Bu problemin həlli istiqamətində ciddi addımlar atılmalıdır. Çünki biz yerli özünü idarəetmə haqqında Avropa Xartiyasını imzalamışıq. Onu imzalamaqla üzərimizə öhdəliklər də götürmüşük. Xartiya tələb edir ki, yerli özünüidarə qurumlarına verilən səlahiyyətlər tam və müstəsna səlahiyyətlər olmalıdır. Hazırda Azərbaycan bələdiyyələri bu cür səlahiyyətlərə malik deyillər. Bələdiyyələrin maliyyə potensialının zəifliyi digər mühüm məsələdir».

«BƏLƏDİYYƏNİN 10 FAİZ PAYI OLSA...»

İqtisadçı-ekspert Rövşən Ağayevin fikrincə, paylı vergilərin tətbiqi bələdiyyələrin fəaliyyətini çox canlandıra bilər. Ekspert transfer sisteminin tərkib hissəsi sayılan belə vergilərin dünyada uğurla tətbiq olunduğunu düşünür:
Rövşən Ağayev
Rövşən Ağayev

«Bunun ən ciddi üstünlüyü odur ki, bələdiyyələr ərazinin iqtisadi inkişafında maraqlı olurlar, çünki həvəsləndirici stimulları olur. Təsəvvür edin ki, bələdiyyələr ancaq transfer sistemi ilə işləyir. Ya da özünün tutduğu konkret vergilər var. Azərbaycanda ən böyük problem qeyri-leqal işçi qüvvəsidir. Bu sirr deyil ki, indi bələdiyyə ərazisində, müəssisələrdə nə qədər qeyri-leqal işçi çalışır... Beləcə, mənfəət gizlədilir. Reallıq odur ki, bələdiyyələr heç bir vergi almır. Amma təsəvvür edin ki, tutulan vergilər 90:10 nisbətində bələdiyyələrə köçürülür. Bələdiyyənin 10 faiz payı olsa, bütün gücünü qoyacaq ki, orada qeyri-leqal işçinin çalışıb-çalışmadığını öyrənsin».

«İqtisadi Təşəbbüslərə Yardım» İctimai Birliyinin eksperti Samir Əliyev bildirdi ki, ölkədə ən çox əmlak vergisi 2011 və 2013-cü illərdə yığılıb. Statistikaya görə, Daşkəsən, Mingəçevir və Qəbələdə ümumiyyətlə vergi toplanmayıb. Naftalan və Astarada isə cəmi 200 manat əmlak vergisi yığılıb:

«Bu vəziyyətin doğrudan da acınacaqlı olduğunu göstərir. Əmlak vergisi niyə yığıla bilmir? Bunun əsas səbəblərindən biri inventar dəyərin olmamasıdır. İnventar dəyərin olmaması onu göstərir ki, bu gün regionlarda özəlliklə əmlak vergisini yığmaq mümkün deyil».
Cümşüd İsgəndərov
Cümşüd İsgəndərov

«HÜQUQİ ŞƏXSLƏR RAYONLARDA ƏHALİNİN PAY TORPAĞINI... TAM ALIBLAR»

«Bələdiyyə həyatı» qəzetinin baş redaktoru Cümşüd İsgəndərovun sözlərinə görə, fiziki şəxslərdən qismən vergi yığılsa da, hüquqi şəxslərdən yığılmır:

«Hüquqi şəxslər rayonlarda əhalinin pay torpağını, demək olar, tam alıb. Qəbələdə artıq heç bir kəndlinin pay torpağı yoxdur. Qəbələ və Oğuz rayonlarında pay torpaqları imkanlı şəxslərin – bir-iki nəfərin hesabına hamıdan alınıb. Artıq əhalinin öz torpağı yoxdur. Bələdiyyə mədən vergisini almağa cəhd edir, deyirlər ki, bu çay yatağı sənin deyil. Düzdür, bələdiyyə xəritə əsasında ərazinin ona məxsus olduğunu bilir, ancaq məsələyə rəsmi girişəndə bunu isbat edə bilmir. Çay yataqlarından milyon kubmetrlərlə çınqıl çıxarılır. Bunlar hara gedir?».

«PROBLEMLƏR BƏLƏDİYYƏ SEÇKİLƏRİNİN AZAD KEÇİRİLMƏMƏSİNDƏN QAYNAQLANIR»

Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqının hüquq müfəttişi Məhəmməd Kərimovun fikrincə, maliyyə potensialının artması üçün vergilər artırılmalıdır:
Çingiz İsmayılov
Çingiz İsmayılov

«Məsələn, 70-ci ilədək tikilən evlərin hər kvadratmetrinə 10 qəpik alınsın. 30-40 kvadratmetr evə görə 4 manat bələdiyyə vergisi ödənsin. 70-ci ildən 90-cı ilədək olan evlərdə bu, 20 qəpik olsun. 50 kvadratdırsa, 1 ildə cəmi 10 manat vergi olur. 90-cı ildən 2000-ci ilədək tikilən evlərə görə, hər kvadratmetrə 30 qəpik alınsın. 2000-ci ildən sonra tikilən binalarda bu, 40 qəpik olsun və s.».

Regional İnkişaf Mərkəzinin rəhbəri Çingiz İsmayılov düşünür ki, dövlətin bələdiyyələrə münasibəti dəyişməsə, problemlər çözülməyəcək:

«Hüquqi şəxslər niyə vergidən qaçırlar? Belə bir fakt varmı ki, hansısa bələdiyyə hüquqi şəxsi vergi ödəmədiyinə görə məhkəmə verib? Olmayıbsa, cavabı çox aydındır. Çünki bələdiyyə bilir ki, nəticəsi olmayacaq. Bu da dövlətin bələdiyyələrə olan münasibətidir».

Müzakirələrin sonunda iştirakçılar ortaq fikrə gəldilər: Bütün problemlər bələdiyyə seçkilərinin azad, şəffaf və müstəqil keçirilməməsindən qaynaqlanır.

Azərbaycanda növbəti bələdiyyə seçkiləri bu ilin payızında keçiriləcək. İlk bələdiyyə seçkiləri 15 il öncə gerçəkləşdirilib.
XS
SM
MD
LG