Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:29

Servantesin qəbrinin axtarılmasına maliyyə ayrıldı


Miguel de Cervantes
Miguel de Cervantes
-

“İTAR-TASS”a istinadla “Oxu zalı”

Iki ildən sonra dünya ədəbiyyatının klassiki, “Don Kixot”un müəllifi Servantesin ölümündən 400 il keçmiş olacaq.

17-ci əsrin sənədləri göstərir ki, ispan yazıçısı 1616-ci il aprelin 23-də dünyasını dəyişib və Madriddə qadın monastırında dəfn edilib.

Amma onun qəbrinin monastırın məhz hansı hissəsində olduğu bilinmir.

Bundan başqa ötən əsrlər ərzində monastır tikililərində o qədər dəyişiklik edilib ki, qəbri tapmaq çətinləşib.

Tarixçi və ədəbiyyatşünaslar dəfələrlə qəbrin axtarılması məsələsini qaldırsalar da, buna vəsait tapmaq mümkün olmayıb.

Fernando Prado isə düşünür ki, müasir texnologiyalar məşhur yazıçının məzarının cəmi 100 min avro sərf edərək tapılmasına imkan verir.

O əmindir ki, müasir georadarlar vasitəsilə monastır ərazisindəki boşluqları müəyyən etmək, beləliklə də məzarın mümkün yerini tapmaq olar.

Tarixçi artıq Madrid Yepiskopluğundan monastırda axtarış işləri aparmaq üçün icazə də alıb.

Monastır qədim Madridin düz mərkəzində yerləşir.

Monastırdan bildiriblər ki, daş döşəmənin altını axtarmaq üçün georadarın istifadəsinə razılıq veriblər.

Amma əgər monastır ərazisində məzar tapılarsa, onun açılıb-açılmaması məsələsinə ayrıca baxılacaq.

Bir məsələ də var ki, Servantes monastırın köhnə binasında dəfn edilib. Amma 17-ci əsrin sonunda onu söküb yerində yenisini tikiblər. Düzdür, arxiv sənədlərində qeyd var ki, monastırdakı məzarlar yeni binaya köçürülüb. Amma həmin məzarların kimə məxsus olduğu, konkret olaraq yeni monastırın harasına köçürüldüyü göstərilməyib.

Axtarış işlərinin ilkin mərhələsi üçün lazım olan məbləği şəhər meriyası ayırıb.

Amma Fernando Prado məzarı tapacağına o qədər əmindir ki, artıq qazıntı işlərinin aparılması, yer altından çıxarılacaq insan qalıqlarının analizi üçün lazım olan məbləği axtarır, özəl şirkətlərlə danışıq aparır.

Amma Pradonun təşəbbüsünün nəticə verəcəyinə şübhə edənlər də var.

Yəqin ki, bəziləri digər məşhur ispaniyalı, rəssam Dieqo Velaskesin məzarının uzun müddət axtarıldığı və indiyəcən də tapılmadığını yaddan çıxarmayıblar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG