Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:09
-
Krımda anti-Rusiya əhvallı nümayişçilər parlamentin binasına hücum çəkib. Azadlıq Radiosunun müxbiri xəbər verir ki, deputatlardan bəziləri parlament binasını tərk etməyə başlayıb. Bir neçə adam yaralanıb.

Hücumdan qabaq parlament binası qabağında Rusiyapərəst nümayişçilərlə anti-Rusiya mövqeli nümayişçilər arasında dava düşüb. Anti-Rusiya əhvallı nümayişçilər SSRİ –nin rəmzi olan qırmızı bayrağı yandırıblar.
***
Krımda parlament binası yanında bir gündə bir-birinə zidd iki nümayiş gedir. Birincisində yüzlərlə Rusiyapərəst nümayişçi “Krım Rusiyadır!” şüarı ilə nümayiş keçirərək Kiyevdə hakimiyyətə gələnləri “quldurlar” adlandırırlar.

Eyni vaxtda yüzlərlə Krım tatarı da nümayiş keçirir və Ukraynanın yeni hakimiyyətini dəstəkləyirlər.

“Ukrayna Rusiya deyil!” ! “Allahu Əkbər” – qışqıran nümayişçilər Krımın Ukraynadan ayrılmasının əleyhinədirlər.

Hər iki nümayişi bir –birindən polislər aralı saxlayır ki, dava düşməsin.

Krım parlamenti çərşənbə günü öz fövqəladə sessiyasında Ukraynada yaranmış vəziyyəti müzakirə edir.

RUSİYA BAYRAQLARI

Əhalisinin əksəriyyəti etnik ruslar olan Krımın paytaxtı Simferepolda hökumət binaları üstündə Rusiya bayraqları qaldırılıb. Eyni mənzərə Sevastopoldadır. Rusiyanın Qara Dəniz Donanmasının qərarlaşdığı bu şəhərdə hökumət binalarında Rusiya bayraqları dalğalanır.
Sevastopol şəhər icra hakimiyyəti binası

Sevastopol şəhər icra hakimiyyəti binası


Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-dən tələb edib ki, Ukraynanın qərbində “millətçi və neo-faşist əhvalın” güclənməsini ATƏT “qəti şəkildə pisləsin”.

SEÇİM RUSİYA İLƏ ABŞ ARASINDA DEYİL

ABŞ Dövlət katibi John Kerry Vaşinqtonda Britaniyanın xarici işlər naziri ilə görüşdə Ukraynada Qərblə Rusiya arasında seçim olması haqda fikirləri rədd edib:

“Bu Qərbin Şərqə qarşı olması deyil. Bu, Rusiya və ya ABŞ arasında seçim deyil. Bu, Ukrayna xalqının öz gələcəyini özünün seçməsidir”.

NAĞD 12 MİLYON DOLLAR

Bu arada Ukrayna jurnalistləri qaçıb-gizlənmiş keçmiş president Yanukoviçin evindən çıxan sənədləri araşdırırlar. Yanukovich qaçanda bu sənədləri evin qabağındakı göldə batırıblar. Ancaq bir neçə saat sonra bu evə gələn Meydan nümayişçiləri göldə kağızların üzdüyünü görüb, onları çıxarıblar. 200 sənədlər qovluğu var.

“Kiyev Post” qəzetinin baş redaktor müavini Katya Gorchinskaya deyir ki, bu sənədlərin öyrənilməsində Yanukovich qarşıya dəhşətli bir insan kimi çıxır :”O, öz ölkəsini və evini orta əsrlər feodalı kimi idarə edib”.

Sudan çıxarılan sənədlər

Sudan çıxarılan sənədlər

Sənədlər arasında qəbzlər var ki, nağd pulun verilməsinə aiddir və 2010-cu ilin sentyabrına aid qəbzdə hətta 12 milyon dolların nağd verilməsi qeyd olunur. Ancaq qəbzdə bunun nə məqsədlə verildiyi göstərilməyib.

Kağızlar arasında qara siyahı da var. Bu qara siyahıya Yanukovichin əleyhdarları salınıb. Onlar arasında jurnalistlər də var.

“MƏNƏVİYYAT HAQDA ANLAYIŞI YOX İDİ”

Britaniyanın Guardian qəzeti keçmiş Gürcüstan prezidenti Saakashvilinin Yanukovch haqda xatirələrini dərc edib. Saakashvili deyir ki, Yanukovich öz hökumətində korrupsiyadan ağız dolusu danışırdı. 2011-ci ildə BMT Baş Məclisi vaxtı Yanukovich öz hökumətini və hakimləri necə rüşvətə qurşandırdığından açıq danışırmış. Saakashvili deyir: “o nə danışdığının fərqində deyildi. Bu insanın mənəviyyat haqda heç bir anlayışı yox idi”.

MONASTIRDA GİZLƏNİR?

Yeri gəlmişkən, Yanukovichin harda olmağı hələ də bəlli deyil. Bəziləri deyir ki, o, Sevastopolda Rusiya hərbi bazasında gizlənir. Bəziləri deyir ki, o, Qara Dəniz limanı Balaclavada oliqarxlardan birinin lüks yaxtasına minib-qaçıb. Hətta bir məlumat da var ki, Yanukovich Donetsk yaxınlığında bir monastırda sığınacaq tapıb. Hələlik bu məlumatların heç birini təsdiqləmək və ya rədd etmək mümkün olmayıb.

Şərhləri göstər

XS
SM
MD
LG