Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:55

"Biz burada yatırdıq ", - qadın deyir. "Həm də öpüşürdük, öpüşürdük..." - kişi deyir. "Səhər oyanırdıq..." - "Pəncərənin o tayındakı ağaclar gümüş rəngində olurdu..."

-

Virginia Woolf


EVDƏ RUH VAR

(Hekayəni ruscadan Günel Mövlud çevirib)


Hərdən oyananda, qapının yavaşca səsləndiyini eşidirsən. Onlardı, iki ruh. Əl-ələ tutub, evi dolaşır, əşyalara toxunur, hansısa künc-bucaqlara baxır, nəsə axtarırlar.

Qadın ruh deyirdi: "Burdadı ". "Bir də orda!" - kişi ruh deyirdi. "Bir də yuxarıda", - qadın güclə eşidiləcək halda köks ötürürdü. "Bir də bağda ", - kişi pıçıldayırdı. "Sakit”, - ikisi də birdən deyirdi, - “onlar oyana bilər ".

Amma siz bizi oyatmadınız. Yox. "Onlar nəsə axtarırlar: odur pərdələrin arxasına baxırlar”, - öz-özünə bunu deyib, daha bir-iki səhifəyə göz gəzdirirsən. - “Axır ki, tapdılar", - arxayın nəfəs alıb, səhifələrə qeydlərini edirsən.

Sonra oxumaqdan yorulub, kitabı qırağa qoyursan, ətrafa boylanırsan: evdə heç kim yoxdur, qapılar taybatay açıqdır, meşə göyərçinlərinin məmnun quqqultusu, ferma tərəfdən dəyirman çax-çaxı eşidilir.

"Mən niyə burdayam? Nə axtarıram?" Əllərim bomboşdu. "Bəlkə orda, yuxarıdadı?" Orda, çardaqda alma var.

Sonra yenə aşağıya baxırsan; bağçada hər şey hərəkətsizdi, təkcə əlindən sürüşüb otluğa düşən kitabın səsi eşidilir.

Onlar bunu qonaq otağından tapıblar. Heç kim də onları görməyib. Pəncərəyə almaların, qızılgüllərin əksi, yarpaqların yaşılı düşür. Onlar içəri girər-girməz alma güclə seziləcək qədər qızarmış tərəfi üstə çevrildi.

Qapılar taybatay açıqdı, budur, artıq nəsə döşəməyə sərilir, divarlara dırmaşır, tavana yapışır – nədir bu? Əllərim bomboşdu. Evin yanından ötən sığırçının kölgəsi xalçaya düşür, dibsiz sükutun ortasından göyərçin quqqultusu eşidilir. "Burdadı, burdadı, burdadı”, - evin ürəyi sakitcə dillənir. – “Xəzinə burdadı; otaq..."

Qəfildən ev susur. Deməli, onlar xəzinə axtarırdı?

Amma işıq o dəqiqə söndü. Bəlkə o bağdadı? Orda qaranlıq yununu əyirir, ipini ağaclara dolaşdırır, yolunu azmaş günəş şüasının marığına yatır. İncə, yüngül şüa soyuq nizələrini batıraraq, məni yoran qaranlıq pəncərənin o tayından bərq vurur. Bü şüşə – ölümdü, ölüm bizi ayırır; yüz illər əvvəl o ilk dəfə özü ilə qadını apardı, evi yetim qoydu, pəncərələri bərk-bərk bağlayıb, otaqları qaranlıqla doldurdu. O evi tərk elədi, tərk eləyib, şərqə tərəf getdi, cənub səmasında sayrışan ulduzları gördü və təpələrin altındakı soyuq ocağına qayıtdı. "Burda, burda, burda”, - evin ürəyi sevinclə döyünürdü. – “Xəzinə sənindi".

Bağçada külək at oynadır. Ağacları yırğalayır, onları yorur. Ay işığı bağçaya işıq salır, yağışın altında oynayır. Pəncərədən aram, dolğun işıq düşür. Şamın işığı parlaq və sakitdir. İki ruh evdə dolaşaraq, pəncərələri taybatay açır, aralarında pıçıldaşır, bizi oyatmaqdan çəkinə-çəkinə öz sevincləriin axtarırlar.

"Biz burada yatırdıq ", - qadın deyir. "Həm də öpüşürdük, öpüşürdük..." - kişi deyir. "Səhər oyanırdıq..." - "Pəncərənin o tayındakı ağaclar gümüş rəngində olurdu..." - "Yuxarıda..." - "Bağçada..." - "Yayda..." - "Qarlı qışda..."

Evin dərinliyində bir-birinin ardınca qapılar elə yavaşca açılır ki, elə bil, ürək döyüntüsüdür.

Onlar lap yaxınlaşır; odur, kandarda donub qalıblar. Külək evə hücum çəkir, gümüşü damlalar otun üzərində qaçışır. Qaranlıq gözlərimizi bürüyür, biz addım səslərini eşitmirik; öz zülmət bürüncəyini başımızın üstündə açan qadını görmürük.

Kişi ruh əlləri ilə fənərin üstün örtür: "Bax”, - deyə pıçıldayır. – “Necə də bərk yatıblar. Onların dodaqlarında sevginin izi var".

Gümüşü lampanı qaldıraraq, onlar əyilərək, uzun-uzadı, diqqətlə bizə baxırlar. Yanımızda xeyli dayanırlar. Külək hücum çəkir; şamın alovu titrəyir. Ay işığının parçaları qorxa-qorxa döşəmədə, tavanda sürüşür, orda toqquşaraq, bizə tərəf əyilmiş üzlərə düşür: o üzlər dərin fikirlərə qərq olub, onlar yatanların sifətinə baxaraq, orda gizlənmiş sevinci axtarırlar.

"Burdadı, burdadı, burdadı ", - evin ürəyi sevinclə çırpınır. "Çoxdandır ki..." - kişi ruh pıçıldayır.

"Sən yenə məni tapdın ". - "Biz burda yatırdıq”, - qadın ruh pıçıldayır, - “bağçada kitab oxuyur, gülüşür, çardaqdakı almaları səpələyirdik. Burda da xəzinəni tapdıq..."

Lampa işığı göz qapaqlarıma düşür. "Burdadı! Burdadı! Burdadı" - evin ürəyi sevinclə çırpınır. Oyanıb, qışqırıram: "Deməli, budu sizin xəzinəniz? Qəlblərdəki işıq… ".

Günün bütün mövzuları

XS
SM
MD
LG