Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 01:06
-
AXCP Culfa rayon şöbəsinin keçmiş sədri Rza Nuriyevin ölümündən 4 il keçir. Bənəniyar hadisələri ilə bağlı tutulan, azadlığa çıxdıqdan sonra vəfat edən Rza Nuriyevin ildönümü fevralın 23-də qeyd olunub. Onun oğlu Pərvin Nuriyev atasının xatirəsinə biganəlikdən şikayətlənir.

- Necə keçirdiniz atanızın növbəti ildönümünü? Kimlər gəlmişdi onu yad etməyə?

- Elə özümüzünkülər idi. Başqa heç kim gəlmədi. Heç axtaran da yoxdur, soruşan da. Həyatın özü də vəfasızdır, insanlar da. Bir də atamın qonşu kəndlərdən 1-2 dostu var idi, onlar gəlmişdi. Qohumlarımız, qonşularımız, getdik məzarını ziyarət etdik.

- Heç, əqidədaşlarından zəng edən, maraqlanan oldumu?

- Heç kim maraqlanmadı. Təkcə Asəf Quliyevdən başqa. O da bizim ailə dostumuzdur. Ondan başqa heç kim axtarmır bizi. Mənə heç nə lazım deyil ki. İşləyirik, qazanırıq, hər şeyimiz də var. Fəhləliyimizi, çobanlığımızı edirik. Maddi çətinliyimiz də yoxdur. Bizə mənəvi dəstək lazımdır. Onunla da heç kim maraqlanmır.

- Bəlkə çəkinirlər gəlib sizinlə maraqlanmağa? Xatırlayıram, iki il bundan öncə Rza müəllimin ildönümündə gəlmişdim sizin evə. Həmin vaxt mən də müşahidə etdim ki, sizin ev nəzarətdədir və naməlum adamlar gəlib gedənləri izləyir.

- Bu haqda heç nə deyə bilmərəm. Millət yolunda canından keçdi. Gərək qiyməti verilsin. O cür insan yer üzünə təsadüf gəlir. Mənim atamdan sonra itirəcəyim heç nəyim qalmayıb. Bundan sonra darıxsam nə olacaq, darıxmasam nə?

Rza Nuriyev 2010-cu il yanvarın 5-də Bənəniyar hadisələri ilə bağlı tutulub. 2009-cu ilin dekabrında Aşura mərasimi zamanı Bənəniyar kəndində polislə qarşıdurma yaşanmışdı. Bundan təqribən 10 gün sonra Naxçıvan polisi və daxili qoşunlar kənddə əməliyyatlar keçirərək həbslərə başlamış və bir neçə ev, şəxsi əmlak dağıdılmışdı. Onda həbs edilən Rza Nuriyev də 18 gün saxlandıqdan sonra yanvarın 23-ü azadlığa buraxılmışdı. Fevralın 22-si səhhəti ağırlaşan Rza Nuriyevi yaxınları Naxçıvan şəhər xəstəxanasına aparıblar. Bir gün sonra - 2010-cu il fevralın 23-də xəstəxanada vəfat edib.

Həkimlər Rza Nuriyevin ürək çatışmazlığından öldüyünü desə də, əqidədaşları və yaxın dostları mərhuma həbsxanada ağır işgəncələr verildiyini iddia edirdilər.

O vaxt istər Naxçıvan Daxili İşlər Nazirliyi, istərsə də Naxçıvan Ombudsman Aparatı Rza Nuriyevin ölümü ilə bağlı açıqlama verməmişdilər.

Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidməti isə Rza Nuriyevin təcridxanada işgəncələrə məruz qalması barədə iddiaları rədd etmişdi. Nazirliyin mətbuat xidmətindən bildirilirdi ki, nə Bakıda, nə də Naxçıvandakı təcridxanalarda işgəncə hallarına yol verilir.
XS
SM
MD
LG