Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:53
-
“Vaxtilə valideynlərim məndən imtina ediblər, Mərdəkandakı uşaq evinə atılmışam. 18 yaşım tamam olanda uşaq evindən çıxarıldım. Mənimlə eyni ildə oranı tərk edən Fidanla küçələrdə qaldıq. İş tapa bilmədik. Fidan mənim ən yaxın dostum idi. 2 il birlikdə dolaşdıq küçələri... Fidan qəşəng qız idi, insan alverçilərinin caynağına keçdi... 11 ildir ki, tək dolaşıram küçələrdə. Sənəd yox, iş yox, qalmağa yer də yox... Vaxtilə bir yataqxanaya sığınmışdım, sökdülər, küçədə qaldım”.

AzadlıqRadiosunun “Qaynar xətt”inə şikayət edən Həbib Qurbanovun 32 yaşı var. Deyir, uzun illər əvvəl uşaq evini tərk edəndə sevinib ki, müstəqil həyata addım atır. Ancaq elə ilk vaxtlardan düşdüyü çətinliklər həyatdan gözləntilərini alt-üst edib. Deyir onunla eyni vaxtlarda uşaq evindən çıxan İbad, Allahverdi və Qaçayın azadlığı qısa çəkib. Hər üçü hələ də həbsdədir:

ÜÇÜ ŞƏR, BİRİ İNSAN ALVERİ QURBANI, BİRİ DƏ KÜÇƏLƏRDƏ...

“İbada narkotika verib şərlədilər. Allahverdi ilə Qaçay bir davaya düşdülər, dalaşanlar qaldı kənara, bunlar yiyəsiz olduqlarına görə həbsə getdilər. Allahverdi məhkəmədə deyirdi ki, polislər özləri deyirdilər şükr elə ki, yatmağa yerin, qarnını doydurmağa havayı yeməyin olacaq. Fidansa indi haralardadır, bir Allah bilir”.

Həbib sıxıcı keçmişi silib özünə yeni, işıqlı həyat qurmaq istəyir. Buna görə hökumətə üz tutur:

“Yaşım 30-u keçib, mən də hamı kimi ailə içərisində yaşamaq istəyirəm. İşə gedib işdən gəlmək, uşaqlar böyütmək, özümü ailə başçısı kimi hiss etmək istəyirəm. Hökumətdən istəyim odur ki, bizi də adamlar siyahısına yazsınlar, biz də yaşamaq istəyirik”.

Uşaq Hüquqları üzrə QHT Alyansının sədri Nazir Quliyev hesab edir ki, uşaq evini tərk edənlər cəmiyyətin ən baxımsız və ümidsiz üzvləridirlər. Qədəmlərini uşaq evindən kənara atdıqları ilk gündən başlanan problemləri onları həyatları boyu tərk etmir. Ən böyük problemləri isə onlara verilən sənədlərdən başlanır. Ekspert çıxış yolunu 1999-cu ildə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunun icrasında görür. Deyir, qanunda bu kateqoriyalı şəxslərin yaşayış yeri, məşğulluq ilə təmin olunması üçün konkret müddəalar var. Ancaq qanunun icrası üçün mexanizm yoxdur. Bəzi qanunlara, əsasən də Ailə Məcəlləsinə əlavə və dəyişikliklər edilməlidir.

QANUN VAR, MEXANİZM YOX

Yetkinlik yaşına çatıb müəssisəni tərk etmiş uşaqların yerləşdirilməsi ilə rayon icra hakimiyyətləri nəzdindəki komissiyalar və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq sektoru məşğul olur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər ki, nazirliyin nəzdində yetkinlik yaşına çatmayanlar üçün 8 sığınacaq və reabilitasiya mərkəzi tikilməsi planlaşdırılıb. Birinin tikintisinə artıq başlanılıb. Bu sığınacaqlar 18 yaşınadək kimsəsiz uşaqlar üçündür. Uşaq evini tərk etmiş və hazırda hara gedəcəyi sual altında olanlara isə, “Sosial xidmət haqqında” Qanuna əsasən, sosial xidmətlərin göstərilməsi nəzərdə tutulub”. Həmin qanunda uşaq evini tərk edənlərin yaşayış yeri ilə təmin olunması da nəzərdə tutulur.

Yaşı 30-u keçmiş və işıqlı həyata can atan Həbib Qurbanov 2011-ci ilin dekabr ayında qəbul olunmuş “Sosial xidmət haqqında” qanunun həyata keçirilmə mexanizmini gözləməlidir.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG