Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:35
-

Deputat jurnalistin səsini yazıb, prokurorluğa verib. Mən bilmirəm o səs yazısında nədən danışılır. Eşitməmişəm. Amma bildiyim bir həqiqət var...


Azər Qaraçənli


TANRI O SƏSİ EŞİTMİR


Mənəvi maraq bütün maraqların başıdı, bütün qalan maraqlar ondan gəlir, ondan gəlməlidi.

Xalis maraq yalnız mənəvi maraqdı, başqa heç bir xalis maraq yoxdu, çünki bütün qalan maraqlar mənəviyyat qarışıqdı, mənəviyyat qarışıq olmalıdı.

Heç bir xalis iqtisadi maraq, xalis siyasi maraq, xalis ictimai maraq yoxdu, bütün iqtisadi, siyasi, ictimai maraqlar mənəvi marağa tabedi, tabe olmalıdı.

Mənəvi maraqdan qıraqda olan hər bir maraq yanlış maraqdı, əslində o, maraq deyil, çünki ziyana aparır. Heç bir xalis iqtisadi maraq, xalis siyasi maraq, xalis hüquqi maraq, xalis dövlət marağı, xalis ictimai maraq iqtisadiyyata, siyasətə, hüquqa, dövlətə, ictimaiyyətə həqiqi fayda gətirə bilməz. Bütün xalis iqtisadi, siyasi, hüquqi, ictimai maraqlar iqtisadiyyatın, siyasətin, hüququn, ictimaiyyətin ziyanınadı. Xalis dövlət marağı dövlətin özünə də ziyandı.

Dünyada mənəviyyata tabe olan maraqlarla mənəviyyata tabe olmaq istəməyən maraqların arasında mübarizə gedir. Mənəvi maraqlar bu mübarizədə qalib gələcək, ancaq qarşı tərəf də zəif deyil, onun hələ müqavimət göstərməyə gücü var.

Mənəvi maraq bütün maraqların başı olduğuna görə başda bu marağı müdafiə eləyən adam da bütün qalan müdafiəçilərin başında gəlir – ondan irəlidə heç kim yoxdu.

Birinci mənəvi marağı güdən adamdan irəlidə heç kim yoxdu, qalan bütün müdafiəçilər ondan sonra gəlir.

Hərdən soruşurlar kimdi ziyalı? Ziyalıya tərif vermək istəyirlər, onun əsasən ictimai, bəzən siyasi roluna da baxırlar. Ancaq bu, yanlış yanaşmadı. Ziyalı ictimai marağın müdafiəçisi deyil, ictimaiyyətçi bunu ondan da yaxşı bacarır. Ziyalı siyasi marağın da müdafiəçisi deyil, ona qalsa ən usta siyasətçi ən yaxşı ziyalı demək olardı.

Ziyalı hüquqi marağın da müdafiəçisi deyil, hüquq müdafiəçiləri bu işi ondan daha ardıcıl, daha inadla aparırlar. Ziyalı dövlət marağının da müdafiəçisi deyil, yoxsa təcrübəli və məsuliyyətli dövlət məmuru onu geridə qoyardı. Ziyalı mənəvi marağın müdafiəçisidi. Ziyalının əsl tərifi budu: ziyalı hər şeydən əvvəl mənəvi marağı müdafiə eləyən adamdı; hər şeydən əvvəl mənəvi marağı müdafiə eləyən adam ziyalıdı.

Çox düzgün eləyib doğma tükcəmizdə ona aydın deyirlər. Ziyalı – doğrudan da aydındı.

Ziyalının rəqibi təkcə mənəvi marağı tamam qırağa qoyanlar deyil, mənəvi marağı qismən qırağa qoyanlar da ziyalıya rəqibdi. Birinci növbədə ictimai, siyasi, iqtisadi marağı müdafiə eləyənlər, lap mənəvi marağı üçüncü, dördüncü yox, ikinci yerə qoysalar da ziyalıya rəqibdilər. Mənəvi marağı tamam qırağa qoyanlar qədər qəddar rəqib deyillər, yumşaq rəqibdilər, amma rəqibdilər.

Mənəvi marağı müdafiə eləmək həmişə ən çətini olub, təkcə ona görə yox ki, bunun açıq əleyhdarları var, bunun dolayı əleyhdarları da var.

Mənəvi marağı başa düşmək də həmişə qalan maraqları başa düşməkdən çətin olub, çünki mənəvi maraq iqtisadi, siyasi, ictimai fayda qədər ələgələn deyil. Mənəvi marağın faydası bir az gözəgörünməz şəkildədi, onu görmək asan deyil.

Mənəvi marağı müdafiə eləməyin, adamları onun faydasına inandırmağın bir çətinliyi də bundan doğur – onu göstərmək asan deyil.

Mən bir daha Azərbaycan cəmiyyətini, Azərbaycan dövlətini gizli çəkilişlər məsələsinə mənəvi maraqdan baxmağa çağırıram.

Qəribədi ki, belə çəkilişlərin qurbanı əsasən xanımlar olur. Yenə belə olub: bir yığın kişi bir xanımın üstünə düşüb, onlardan biri bu jurnalist xanımın bir şam yeməyində gizli səsini yazıb, dövlətə verib. Dönə-dönə şantaj olunmuş bu jurnalist xanım, deyəsən, indi həm də həbs olunmaq ərəfəsindədi.

Görünür, bizim cəmiyyətimizdə gizli çəkilişlərə daha çox xanımların qurban getməyi təsadüf deyil; bu, bir yandan bizim əxlaq qanunlarından nə qədər uzaq düşdüyümüzü göstərir, o biri yandan da mənəviyyat qanunlarına qayıtmağın bizdən ötrü nə qədər vacib olduğuna işarə eləyir.

Mən bir daha cəmiyyətimizi, dövlətimizi xanımları gizli yolla çəkib şantaj eləyən kişilərin gətirdiyi faydadan imtina eləməyə çağırıram.

Mənəvi maraq Tanrının marağıdı, bizi aydınlığa ancaq bu yol aparır. Bütün aydınlarımız bu yolun yolçusu olub.

Bu ələgəlməz, gözəgörünməz marağın faydasını göstərmək çətindi, ancaq bizim ondan böyük faydamız ola bilməz – hər kəs bunu başa düşməlidi.

Gün gələcək nəinki indiki kimi xırda, hətta tamamilə gözəgörünməz kameralar peyda olacaq, pəncərə şüşələri formasında şəffaf kameralar səs yaza, adam çəkə biləcək. Gün gələcək kameraları hava molekulunun içində göyə buraxacaqlar, kimi harda, necə istəsən gizli çəkmək mümkün olacaq. Bəs onda insanı bu dəhşətli müdaxilədən nə xilas eləyə biləcək? Yalnız insan əxlaqı. Başqa heç nə.

Biz o əxlaqı indi də pozmamalıyıq.

Deputat jurnalistin səsini yazıb, prokurorluğa verib. Mən bilmirəm o səs yazısında nədən danışılır. Eşitməmişəm. Amma bildiyim bir həqiqət var: Tanrı o səsi eşitmir və eşitməyəcək – buna zərrə qədər şübhəniz olmasın.

Mediaforum

Günün bütün mövzuları

XS
SM
MD
LG