Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:56
-
Osman Gündüz
Azərbaycan İnternet Forumunun prezidenti


İNTERNETİN QİYMƏTİ VƏ KEYFİYYƏTİ İLƏ BAĞLI REAL VƏZİYYƏT NECƏDİR?

Ölkənin əsas milli İnternet operatoru-İnternet təchizatçısı «Delta Telecom» şirkəti istifadə olunan internet trafikinin 99%-ini ölkəyə gətirir və təxminən 30 provayderə (İSP), ö cümlədən 3 dövlət provayderinə satır.

«Delta Telecom» həmçinin qonşu Gürcüstana da internet satır.

Ölkə üzrə istifadə olunan toplam internet trafiki cəmi 100 Gb/san-dir. Hər bir provayderin aldığı internet trafikin həcmi «Delta Telecom»un saytında yerləşdirilib və onlayn olaraq yenilənir. Hər bir provayder bu qeyd olunan trafiki öz müştərilərinə müqavilə üzrə müxtəlif sürətlər və uyğun qiymətlər üzrə təklif edir.

Məsələn, «Bakinternet» «Delta Telecom»dan təxminən 25 Gb/s alır və özünün 160 min müştərisi arasında bölür.

Özəl provayderlərin müştərilərinin sayı açıqlanmır. RİTN də bu provayderlərin müştərilərinin sayının açıqlanmasına maraq göstərmir.

Provayderlərin müxtəlif sürətlər üzrə təklif etdikləri qiymətlər təxminən eynidir. Bəzi provayderlər üzrə qiymətlərin real vəziyyəti burada verilib və qonşu ölkələrlə müqayisə də aparılıb. Aşağı sürətlər üçün qonşu ölkələrlə müqayisədə qiymətlər bir neçə dəfə, böyük sürətlər üçün isə xeyli dərəcədə bahadır.

Həm də keyfiyyətlə bağlı ciddi problemlər var və bu haqda da artıq məlumatlar verilib. Yəni, istifadəçi provayderlə bağladığı müqavilə əsasında nəzərdə tutulan sürəti evində və ofisində əldə edə bilmir. Bu əsasən istifadəçilərin «çəkidə» aldadılması yolu ilə baş verir. Provayder «Delta Telecom»dan az alır və bu az trafiki özünün çoxlu sayda müştəriləri arasında bölür.

Ədalət naminə deməliyik ki, bəzən bu sürət infrastruktur problemləri səbəbindən, xətlərin qeyri-standart olması səbəbindən də son nöqtəyə tam həcmdə gedib çatmır. Son zamanlarda ADSL üzərindən və kabel vasitəsilə əldə edilən internetin keyfiyyətində yaxşılaşma olsa da, mobil internetin keyfiyyəti ilə bağlı vəziyyət daha da pisləşib.

Beləliklə, artıq qiymətlərin kəskin baha olması şübhə doğurmur və cəmiyyət endirim gözləyir.

Düşünürəm ki, qiymətlərin xeyli baha olmasını RİTN də bilir. Bunun nəticəsidir ki, bu qurumda son vaxtlarda bir neçə dəfə provayderlərin toplantısını keçirilsə də, qiymətləri endirə bilməyiblər. Provayderlər sadəcə imtina ediblər!

Provayderlər «Delta Telecom»dan aldığı internet qiymətlərinin baha və ATS xərclərinin çox olmasını əsas gətirərək qiyməti endirməyə razılaşmayıblar.
Görünür, RİTN hətta dövlət provayderlərinə də endirimlə bağlı təsir edə bilməyib.

NƏ ÜÇÜN QİYMƏTLƏR BAHADIR VƏ NƏ ÜÇÜN İNTERNET KEYFİYYƏTSİZDİR?

Provayderlər bildirir ki, onların «Delta Telecom»dan aldığı internetin qiyməti toplam internet sürətinə uyğun olaraq müəyyən edilir. Yəni, kim çox alırsa, ona daha ucuz verilir.

Bu isə, bildirildiyinə görə 1 Mb/s üçün 20-40 manat arasında, bəziləri üçün isə 10 manat civarındadır. Qeyd edək ki, İSP-lər bu təmiz 1 Mb/s-ni adətən 4-5 müştəri arasında bölə bilirlər və bu normal hesab olunur.
Amma təəssüf ki, bizim provayderlər bu təmiz 1Mb/s-i onlarla, bəzən isə 20-30 müştəri arasında bölürlər və nəticədə də istifadəçi müqavilədəki sürəti son nöqtədə əldə edə bilmir. Anlaşıqlı desək, istifadəçinin «çəkidə aldadılması» baş verir. Provayderin aldığı toplam internet tutumu müştərilərin sayına uyğun olmur.
Provayderlər aldıqları toplam internet üçün «Delta Telecom»a ödənilən xərclərin və internetin müştərilərə çatdırılması üçün ATS-lərə ödənilən xərclərin (hər müştəriyə görə, portlara görə, ATS-dən, kanalizasiyadan və s. istifadəyə görə ödənilən xərclər) xeyli çox olduğunu bildirirlər. Bunun da nəticəsi olaraq interneti baha qiymətə təklif etmək məcburiyyətində qaldıqlarını söyləyirlər.

«Delta Telecom» şirkəti öz sistemində hər bir provayderin müştərilərinin istifadə etdiyi internetin həcmini çox gözəl bilir və güman ki daim bunu müşahidə edirlər. Bu müşahidələr də, şübhəsiz ki, provayderlərin aldığı internet tutumunun müştərilərin sayına uyğun olmadığını və təbii ki, hədsiz dərəcədə az olduğunu göstərir. Yəni, əslində dəqiq olaraq yalnız «Delta Telecom» bilir ki, provayderlər müştəriləri «çəkidə» necə aldadır. Bilir ki, provayderin ondan aldığı bütöv sürət günün müəyyən vaxtı pik həddindədir, sistem dolub-daşır və həmin provayderin müştərilərinin tələbatına cavab vermir.

Nəticədə də istifadəçi müqavilədə göstərilən sürəti əldə edə bilmir. Yəni, müştəri pulunu verdiyi malı günün müəyyən saatlarında ala bilmir. Çünki bu malın özünü provayder yetərli qədər «Delta»dan almır. Bu halın baş verməməsi üçün provayder əslində «Delta»dan əlavə tarifik almalı idi. Lakin aydındır ki, bu baş vermir.

BU PROSESİN GEDİŞİNDƏ UDAN VƏ UDUZANLAR VAR

Müştəri üçün təbii ki, bu, aldadılmadır, istehlakçı hüquqların tapdanmasıdır. Əldə etmədiyi bir mala görə heç bir «şey»ə görə pul ödəyir. Və təəssüf ki, bu az qala kütləvi olaraq baş verir.

«Delta Telecom» topdansatış olaraq qazanır və qiyməti diktə edir. Eyni zamanda bu sadalanan proses «Delta Telecom» üçün həm də o deməkdir ki, ehtiyac olduğu halda o ölkəyə gətirdiyi interneti son müştəriyə tam olaraq sata bilmir. Çünki provayderlər müştərilərə «yalançı» trafik satır. Güman ki, provayderlərin nə qədər qazanc əldə etdiyini də təxminən hesablayan «Delta Telecom» topdan satdığı internet qiymətlərini endirməkdə maraqlı deyil.

Bu proses bəzi provayder üçün xərclərinin çox olmasına rəğmən «göydən düşən», «göydən tökülən» bir gəlirdir. Yəni, mayası olmayan, topdan almadığı bir malı, daha doğrusu, realda mövcud olmayan bir «şey»ə görə gəlir əldə olunur.

ATS-lər üçün də bu aldadılma prosesi yaxşı gəlir mənbəyidir. Hər bir müştəriyə görə provayderlər ATS-lərə qanuni və bildirildiyinə görə, elə qeyri-qanuni də xeyli pul ödəyirlər. Təsəvvür edin ki, müştərilərinin sayı 50 min olan özəl bir provayder hər ay təxminən 150-200 min manat təkcə ATS-lərin resurslarından istifadəyə görə BTRİB-ə ödəniş edir .

Beləliklə, nəticə ondan ibarət olur ki əslində bu prosesdə iştirak edən bütün tərəflər az-çox qazanırlar və itirən yalnız istifadəçi - müştəridir.

İtirən həm də Azərbaycan olur. Çünki zəif və bahalı internet həm də dolayısı ilə ölkənin sürətli inkişafını əngəlləyir, innovasiyaların inkişafını ləngidir və dolayısı ilə cəmiyyətin bütün sahələrinin inkişafına tormozlayıcı təsir edir. Azərbaycanın beynəlxalq imicinə də mənfi təsir edir.

İNTERNET QİYMƏTLƏRİNİ ENDİRMƏK MÜMKÜNDÜRMÜ?

Görəsən, provayderlər indiki durumda qiymət endiriminin mümkünsüz olmasını bildirməkdə haqlıdırlarmı?

Qeyd etdik ki, RİTN-də bir neçə dəfə Provayderlərin toplantısı keçirilib və RİTN qiymətlərin endirilməsini təklif etsə də, provayderlər razılaşmayıb. Provayderlər bunu xərclərinin çox olması ilə izah ediblər.
Amma real vəziyyət tam əksini göstərir. Provayderlər sadəcə RİTN-ə yalan rəqəmlər və yalan informasiyalar təqdim edirlər. Və ya RİTN-də bu vəziyyətlə barışmaq istəyənlər var.

Konkret bir provayder üzrə aylıq gəlir və xərcləri təxmini hesablamaqla bunu görmək olar.

Məsələn, «Bakinternet» provayderinin aylıq mənfəətini təxmini hesablayaq:

«Bakinternet»in müştərilərinin sayı 160 min.
Müştərilərin aldığı ən aşağı orta internet sürəti ~ 4 Mb/san (Bu rəqəm 2 Mb/s ilə 24 Mb/s arasında dəyişir).

«Bakinternet»in 4 Mb/s internet üçün mövcud aylıq qiyməti - 30 manat (http://bakinter.net/packages/)
Aylıq gəlir :
160 000 müştəri X 30 manat = 4 800 000 manat

«Bakinternet»in xərcləri (İnternet satışının maya dəyəri)

«Bakinternet» «Delta Telecom»dan təxminən 20-30 Gb/s arasında internet alır (Bu, «Delta»nın onlayn statistikasından sutkanın müxtəlif anları üçün aydın görsənir)

«Bakinternet»in «Delta»dan aldığı orta internet sürəti : 25 Gb/s = 25 000 Mb/s

«Delta»nın təxmini qiyməti: təmiz 1 Mb/s = 20 manat

«Bakinternet»in «Delta»ya aylıq təxmini ödənişi:

25 000 Mb/s X 20 manat = 500 000 manat

ƏDV = 90 000 manat

«Bakinternet»in digər aylıq təxmini kommersiya və inzibati xərcləri (6 Telefon Qovşağının hər birində bir neçə nəfərlik «Bakinternet» şöbələri fəaliyyət göstərir. Onların əmək haqları, vergi, amortizasiya, kommunal və s. xərcləri ) = 500 000 manat
(«Bakinternet» dövlət provayderi olaraq digər özəl provayderlərin ATS-lərə ödədiyi qanuni və qeyri-qanuni xərclərdən azaddır.)
«Bakinternet»in cəmi aylıq xərcləri: 500 000 + 90 000 + 500 000 = 1 090 000 manat

«Bakinternet»in aylıq təxmini mənfəəti:
4 800 000 manat –1 090 000 manat = 3 710 000 manat . Söhbət aylıq mənfəətdən gedir!


Bu hesablamadakı rəqəmlər yalnız bir halda dəyişilə bilər. BTRİB bildirsə ki , «Bakinternet»dən gələn gəlirlərdən onlar bütün BTRİB xərclərini, ATS-lərin bütün istismar xərclərini, Qovşaq müdirlərinin və digər personallarının xarici maşın və digər xərclərini də ödəyirlər. Təbii, bu zaman «Bakinternet» hətta ziyanla da işləyə bilər !

Əlbəttə, provayderlər «yalançı» trafik satmasalar, 1 Mb/s interneti onlarla müştəri arasında bölməsələr onda, təbii, gəlir də xeyli azalacaq

Beləliklə, məlum olur ki, əslində dövlət provayderi olan «Bakinternet» tam mənfəətlə işləyir və aylıq təmiz qazanc da ən azı 3-4 milyona çatır.

Nəzərə alsaq ki, biz bu hesablamanı ən «kasıb müştəri» üçün aparmışıq (orta 4 Mb/s olmaqla) və nəzərə alsaq ki, 160 minlik müştərilərin xeyli hissəsi də daha böyük sürətlər alırlar, ona uyğun da ödənişlər edirlər, deməli, belə görünür ki, «Bakinternet»in aylıq gəliri bu qeyd olunandan qat-qat çoxdur.

Amma qiymət endirmək istəmirlər!
«Delta»nın qiymət endirimini gözləyirlər. Özəl provayderlər də dövlət provayderlərinin qiymət endirimini gözləyirlər.

Əlbəttə, «Delta Telecom» tərəfindən də uzun müddətdən bəri qiymət endirimlərinin olmamasına haqq qazandırmaq olmaz. Rəqabətin gücləndirilməsi üçün, az trafik alanlara da müəyyən güzəştlərin edilməsi, xüsusilə də optik internetə əlçatımlıq üçün bu qurum tərəfindən qiymət endirimi çox vacibdir.

Amma yuxarıdakı adi hesablamadan görmək olur ki, indiki durumda belə, provayderlərin, xüsusilə də dövlət provayderlərinin qiymət endirimi üçün ciddi real imkanlar yetərincədir.

NƏ ETMƏLİ?

Fikrimcə, RİTN və digər dövlət qurumları daha sərt tədbirlərə əl atmalıdır. RİTN mütəxəssisləri tərəfindən təcili internet bazarında mövcud vəziyyətlə bağlı araşdırma aparılmalıdır. Biz bu məsələdə RİTN-ə köməklik göstərməyə hazırıq. Artıq Azərbaycan İnternet Forumu tərəfindən RİTN-ə bu istiqamətdə təkliflər də təqdim edilib.

Provayderlər «Delta Telecom» və vətəndaş cəmiyyəti qurumaları ilə birgə mövcud situasiya müzakirə olunmalıdır.
Fikrimizcə, indiki halda internet qiymətlərinin xeyli endirilməsinə imkanlar var.

«Delta Telecom» tərəfindən də topdan internet qiymətlərinin endirilməsi çox vacibdir. Xüsusilə də hazırda optik internetin xeyli baha olmasının səbəbləri məhz bu qiymətdən çox asılıdır. O cümlədən ATS-lərdə provayderlərdən toplanan ödənişlər bir daha nəzərdən keçirilməli, qeyri-qanuni ödənişlərə imkan verilməməli, bu sahədə ciddi islahatlar aparılmalıdır. Bəzən, ümumiyyətlə, izahı mümkün olmayan tariflərə rast gəlmək olur.

Görünən odur ki, internetin qiyməti və keyfiyyəti ilə bağlı real vəziyyət Azərbaycanın indiki inkişaf səviyyəsinə uyğun deyil və belə vəziyyətin davam etməsi ölkəyə ciddi ziyan vurur.

İnternetin qiyməti və keyfiyyəti ilə bağlı ölkədə İKT sahəsində, internetin inkişafı istiqamətində, elektron hökumət quruculuğu sahəsində aparılan uğurlu siyasətlə uzlaşmayan bir situasiya yaranıb.

Dövlət tərəfindən İKT-nin inkişafına qonşu ölkələrlə müqayisədə qat-qat ciddi dəstək olduğu halda internetin qiymətləri və keyfiyyəti ilə müqayisədə vəziyyət heç də xoşagələn deyil.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG