Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:52
-
DEPUTAT: “BAKI KƏNDLƏRİNİN ADINI LƏKƏLƏMƏYƏ ÇALIŞIRLAR”

“Bakı kəndlərindən gənclərin Suriyaya getməsi və Bəşər Əsədin tərəfini tutub müxalifətə qarşı döyüşmələri haqda deyilənlər əsassızdır”. 27 saylı Sabunçu ikinci seçki dairəsindən deputat Qalib Salahzadə “Media forum” saytına belə deyib.

Deputat qeyd edib ki, bəzi qüvvələr Bakı kəndlərindən Suriyaya gedənlərin olduğu haqda yalanlar yayır: “Təxribatdır. Bakı kəndlərinin adını ləkələməyə çalışırlar. Mən deputat kimi Bakının on kəndini təmsil edirəm. İndiyədək bir nəfər seçici gəlib deməyib ki, övladım, qardaşım, qohumun Suriyaya gedib, axtarıb tapmırıq, köçək elə. Bakının digər kəndləri ilə də daimi əlaqəm var. Kiminsə Suriyaya döyüşməyə getdiyini eşitməmişəm. Ona görə də belə informasiyalar Bakı kəndlərinə hörmətsizlik və təxribatdır. Bakı kəndlərində dini təfriqəçilik, sünni-şiə ayrı-seçkiliyi yoxdur. Bu kəndlərin tarixində heç zaman dini zəmində qarşıdurma olmayıb. Heç vaxt heç kim deməyib ki, filankəs sünnidir, filankəs şiə. Mən belə bir şey eşitməmişəm. Belə məsələlər Bakı kəndlərinə yaddır. Biz həmişə insansevər, qonaqpərvər olmuşuq. Kim Bakı kəndlərində, o cümlədən Azərbaycanın başqa ərazilərində dini zəmində qarşıdurma yaratmaq istəyirsə, çox böyük səhvə yol verir. Bəziləri ağıllarına nə gəldi danışırlar. Onların bu cəhdləri heç bir nəticə verməyəcək. Çünki Azərbaycanda heç zaman dini qarşıdurma olmayıb və olmayacaq. Biz bütün dinlərə, təriqətlərə hörmət edən xalqıq. Bu bizim yaşam prinsipimizdir”.

MİRZƏ XƏZƏR MİLLİ ŞURAYA GƏLİR

Mirzə Xəzər

Mirzə Xəzər

“Azadlıq” radiosunun Azərbaycan redaksiyasının keçmiş rəhbəri Mirzə Xəzər aktiv siyasi fəaliyyətə başlayır. M. Xəzər bunun üçün Milli Şuraya üzv olmaq istəyir. Onun hətta quruma üzvlük üçün artıq müraciət etməsi də aldığımız məlumatlar sırasındadır.

Məsələylə bağlı AzNews.az-a danışan Milli Şuranın sədri Cəmil Həsənli xəbəri təsdiqləyib. O bildirib ki, belə bir müraciət ərizəsi Milli Şuraya daxil olub və yaxın vaxtlarda bu məsələ müzakirə ediləcək:

“Biz gələcək sessiyaların birində Mirzə Xəzər də daxil olmaqla quruma üzv olmaq üçün müraciət edən bütün ərizələrə baxacağıq”. C. Həsənli Milli Şuraya müraciət edənlər arasında başqa tanınmış şəxslərin olduğunu da qeyd edib.

“KƏMALƏDDİN HEYDƏROVLA MƏNİ NƏ VƏZİFƏ BAĞLAYIR, NƏ DƏ BAŞQA BİR MARAQ”

“Qafqazinfo” məşhur azərbaycanlı iş adamı İlham Rəhimovun AzPolitika.info-ya verdiyi müsahibəni təqdim edir:

- Kəmaləddin Heydərovla yaxın dost olduğunuz deyilir. Hətta onunla ortaq biznesinizin olduğu haqda iddialar var. Nə dərəcədə doğrudur?
- Kəmaləddin Heydərovla bəli, dostuq. Bizi nə vəzifə bağlayır, nə də başqa bir maraq. O vəzifədə, mən isə elmlə məşğul oluram, iş adamıyam. Kəmaləddin Heydərov çox bacarıqlı nazirlərdən biridir. Yüksək təşkilatçılıq qabiliyyətinə malik bir insandır. Bu baxımdan Kəmaləddin Heydərova həm fəaliyyətinə görə böyük hörmətim var, həm də bir dost kimi onda çox yaxşı xüsusiyyətlər var. Kəmaləddin Heydərov dostluqda çox möhkəm adamdır. Fikirlərimiz yaxındır. Yəni bizi çox şey birləşdirir. Ancaq ortaq biznesimiz yoxdur. Ən azı ona görə ki, dediyim kimi, mən Azərbaycanda, ümumiyyətlə, bizneslə məşğul olmuram.

ƏHƏD ABIYEV: “ÇAŞAN MƏMURLAR CƏZALARINI ALACAQ”

"Yeni Müsavat" qəzeti yazır ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevlə müsahibə dərc edib. Əhəd Abıyev deyir ki, yerli əhalinin problemləri ilə maraqlanıb onların həlli üçün çalışır:

“Həmçinin rayona gələn qonaqların, turistlərin də istənilən məsələ ilə bağlı şikayətlərinə həssaslıqla yanaşıram. Bunlar qərəzli yazılar olmaqla yanaşı, həm də tamamilə cəfəngiyyatdır. Görünür, kimlərsə sifarişlə bu cür şayiələri yaydırıb, insanlarda, cəmiyyətdə çaşqınlıq yaratmağa çalışırlar. Mən bu cür adamlara sizin qəzetiniz vasitəsilə üzümü tutub deyirəm: çaşmayın və düşmən dəyirmanına su tökməyin! İcra başçıları prezidentin yerlərdəki səlahiyyətli nümayəndələridir. Biz özbaşına deyilik ki, istədiyimiz vaxt harasa gedək, saatlarla işdə tapılmayaq, rayonun problemləri ilə maraqlanmayaq, əhalini taleyin ümidinə buraxaq. İcra başçıları günaşırı Prezident Administrasiyası ilə, ayrı-ayrı nazirliklərlə mütəmadi kontaktda olurlar. Başçılara mərkəzdən tapşırıq və tövsiyələr verilir Bu dövlət qanunlarla yanaşı, həmçinin əsasnaməyə uyğun idarə olunur. Heç kim rəhbərliyə məruzə etmədən, administrasiyadan icazə almadan günlərlə işdən ayrıla bilməz. Mən uzun müddət icra və qanunvericilik orqanlarında çalışmışam, təmsil olunmuşam. Dövlət işinin, idarəçiliyin nə demək olduğunu çox gözəl bilirəm. Ən əsası, cənab prezident bu postu mənə tapşırıb. Mən möhtərəm İlham Əliyevin, Ali Baş Komandanımın zabitiyəm. Onun mənə həvalə edib tapşırdığı postu nəinki günlərlə, hətta 1 saat belə olsun qoyub harasa getmərəm. Mən layiqincə xidməti vəzifəmi yerinə yetirməyə çalışıram”.

BANKLARDA KÜTLƏVİ İXTİSARLAR BAŞLADI

Beynəlxalq Bank

Beynəlxalq Bank

Samir Əliyev: «Mart ayından bunu daha çox müşahidə edəcəyik»

Mərkəzi Bankın ölkənin kommersiya banklarına iş yerindən arayış təqdim etmədən vətəndaşlara nağd pul kredit verilməsini, eləcə də kredit xəttinin açılmasını qadağan etməsinin bir sıra fəsadlarının olacağı gözlənilən idi. Yayılan məlumatlara görə, bir sıra kommersiya banklarında artıq əməkdaşların ixtisarlarına başlanacağı elan edilib. İqtisadçı-ekspert Samir Əliyev "Azadlıq" qəzetinə müsahibəsində istehlak və avtokreditlərin şərtlərinin ağırlaşdırılması fonunda bankların gəlirlərinin azaldığını deyir. Çünki ölkə üzrə bankların kredit portfelinin 40 faizi məhz istehlak kreditlərinin payına düşür. Bəzi banklarda bu göstəricilər 60-80 faizə çatıb.

Ekspert mart ayından banklarda ixtisarların artacağını da proqnozlaşdırır.

MƏNƏVİYYAT ARXA PLANDA QALANDA

"Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov yazır ki, ailədən başlanan mürəkkəb tərbiyə prosesi uşaq bağçasında və məktəbdə davam etməli, qəzet yazıları, radio-televiziya verilişləri ilə zənginləşdirilməlidir!

“Bizdə isə daha geniş auditoriyaya və təsiretmə imkanına malik olan telekanallar və internet resursları “əks qütb”ə keçərək tərbiyə prosesinə yardım göstərmək əvəzinə mənəviyyatı korlamaqla məşğuldurlar!

Bazar iqtisadiyyatı münasibətlərinin formalaşdığı bir dövrdə nədənsə mənəvi dəyərlər, mənəvi tərbiyə məsələləri arxa plana atılıb!

Öndə görünənlər qəzetlərin kriminal xəbərləri, oxuyub-çalanların şəxsi həyatı ilə bağlı süni və qeyri-səmimi müsahibələri, “çəkişmə və sataşma” yazıları, özəl televiziya kanallarının bəsit və bir-birinə bənzəyən (hətta “qəhrəmanları” da eyni olan) şou proqramları, süni qalmaqal yaradılan verilişlər, psixi problemi olan və mənəvi deformasiyaya uğramış insanların “zərərdidə” kimi “baş qəhrəman” seçildiyi proqramlardır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG