Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:47

Mal-qara aksiyasında tutulan AXCP üzvünün apellyasiya şikayətinə baxılmadı


Vüqar Qədirov

Vüqar Qədirov

-
Fevralın 20-də Şirvan Apellyasiya Məhkəməsi AXCP fəalı, Qarabağ əlili Vüqar Qədirovun İmişli rayon məhkəməsinin qərarından verdiyi şikayətə “müddəti ötürmə səbəbindən” baxmayıb. Halbuki, şikayətçi məhkəməyə çağırılmışdı. Bu zaman ərizəçi ilə hakim Kamran Əkbərov arasında mübahisə olub.

SURƏTİ TƏQSİRLƏNDİRİLƏN ŞƏXSƏ VERİLMƏYƏN QƏRAR İKİ AYDIR Kİ, İCRA OLUNUR...

Hakim bildirib ki, iş materiallarına görə, birinci instansiya məhkəməsinin qərarı ərizəçiyə 2014-cü ilin yanvarın 15-də verilib, şikayət isə yanvarın 27-də məhkəməyə təqdim olunub. Vüqar Qədirov barəsində qəbul edilən qərarın ona gec verildiyini deyib:

“Yanvarın 15-də ərizə vermişəm, lakin qərar mənə yanvarın 17-də verilib. Qanunsuz qərar qəbul edən və onu 8 ay ərzində mənə təqdim etməyən hakim, sənədləri ona görə saxtalaşdırıb ki, şikayətimə baxılmasın. II qrup Qarabağ əlili kimi aldığım pensiyadan ardıcıl olaraq 2 ay pul tutulub. Mənə məhkəmə icraçıları deyir ki, cəriməni ləğv etdirə bilsən, pulunu geri qaytaracağıq. Siz hakimin bu əməlinə qiymət verin ki, surəti mənə təqdim olunmadığı halda, qərarı icraya necə yönəldilib”.

Hakim bildirib ki, bu məsələlərlə Məhkəmə-Hüquq Şurası araşdırma apara bilər. AXCP üzvünün “Əgər şikayət etmək üçün müddəti ötürmüşəmsə, niyə bunu bilə-bilə ərizəmi icraata götürmüsünüz və məni məhkəməyə çağırmısınız?” sualı cavablandırılmayıb.

İNZİBATİ XƏTANIN AKSİYANIN GEDİŞİ ZAMANI TÖRƏDİLMƏYİ İDDİA OLUNUR

Qeyd edək ki, Vüqar Qədirov 2013-cü ilin mayın 10-da İmişli şəhərində bir qrup şəxs mal-qaraları ilə birgə İcra Hakimiyyətinə doğru yürüş keçirərkən saxlanılıb. Ertəsi gün İmişli Rayon Məhkəməsi onu İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsində göstərilən “ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamaq” inzibati xətasını törətməkdə təqsirli bilib və 200 manat məbləğində cərimə edib.

“MƏNİ ŞƏRLƏMƏKLƏ AKSİYANI SİYASI QÜVVƏLƏRİN TƏŞKİL ETMƏSİ RƏYİNİ YARATMAQ İSTƏYİBLƏR”

Vüqar Qədirov iddia edir ki, Heydər Əliyevin 90 illik yubileyinin ölkə miqyasında təntənəli surətdə qeyd edildiyi bir vaxtda İmişli şəhərində əhalinin etiraz aksiyası keçirməsi və bunun doğuracağı ictimai rezonansdan təşvişə düşən İmişli rayon Polis Şöbəsinin vəzifəli şəxsləri onu şərləyiblər. Məqsəd bu aksiyanın sadə adamlar deyil, siyasi qüvvələr tərəfindən təşkil edildiyi rəyini yaratmaqdır:

“Bu niyyətləri baş tutmadığına görə məni polisin qanuni tələbinə əməl etməməkdə təqsirləndirmək ssenarisi cızdılar. Aksiyanı keçirənlərin heç birinin cəzalandırılmaması və ümumiyyətlə belə bir aksiyanın keçirilməsinin təkzib olunması da sübut edir ki, İmişli RPŞ-nin vəzifəli şəxsləri məhz həmin gün əhalinin etiraz etməsinin doğuracağı ictimai rezonansdan qorxuya düşüblər. Həqiqəti ört-basdır etmək istəyiblər. Bu həqiqəti bildiyindən məhkəmələr də işi araşdıra bilmir”.
XS
SM
MD
LG