Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 11:37

"Azərbaycan deyilən şey O tayda, Savalanın ətəklərində bir yerdədir"


Rasim Qaraca
Rasim Qaraca
-

Rasim Qaraca:

- Həm Güney, həm də Qüzey ədəbiyyatımızda janr yoxsulluğu hakimdir. Şeir, hekayə və romandan ötəyə gedə bilmirik.

Əsərlər sanki şüşə içərisində dənizə atılmış məktub kimi yazılır və haray xarakterlidir, sanki kənardan kimlərsə bizim səsimizi eşidəcək və yardım əlini uzadacaq...



Türkan Urmulunun Rasim Qaraca ilə söhbəti

Ankarada yayınlanan “Ban” ədəbiyyat dərgisinin 1-ci sayı üçün müsahibə



Söyləşi Saatı ...

Rasim Qaraca, Alatoran dərgisinin başyazarı.

Təbii onu bu sifətdən öncə də tanırdıq, şeirləri yazılarıyla tanış idik, ədəbiyyat adlı olayı ciddiyə aldığı üçün onu hər zaman çox ciddi oxurduq; oxuruq!

Ancaq bu sifəti dilə gətirməmizin nədəni bu söyləşidəki amacımızdan qaynaqlanır: Ədəbiyyat və Ədəbiyyat Dərgilərinin Önəmi!

Bu amacı dartışmaq için ondan daha yaxşısını tanımadıq!


1.Yeni Ədəbiyyat, Ədəbiyyatçı, Ədəbiyyatçının Görəvi... İstədiyiniz yerdən başlayın!

-İlk öncə sizin yeni BAN dərginizi təbrik edirəm, bu çox da asan olmayan yolda sizə uğurlar diləyirəm.

Yeni yazarlar nəslinin yetişməsində, yeni ədəbiyyat nümunələrinin yaranmasında və ədəbi prosesin canlanmasında dərgilərin yeri ən birincilər sırasındadır.

Özəlliklə, ana dilində yazıb-oxuma kimi ən təməl haqlarından məhrum olan Güney Azərbaycan gənc yazarları üçün yeni yaranmaqda olan bir ədəbiyyat dərgisi çox dərin mənaya sahibdir.

Bəlkə dünyanın başqa bir yerində yeni ədəbiyyat dərgisinin yaranması “kabab üstən sərin su” (şair Əli Kərimin sözləri – red.) kimi ola bilər, ancaq burada o, ciyəri yanan bir insanın dodaqlarına toxunan su misalındadır.

Bir və ya bir neçə şairin və yazarın birləşib dərgi işinə başlaması, - mənim özümdə də belə olub, - uçmaq üçün özün-özünə fəza yaratmaq kimi bir şeydir. Həm özünə həm də sənin kimi düşünən insanlara...

Bu, ilkin motivasyondur. Sonrası böyük ədəbiyyata aparan yol da ola bilər və bunun əksi də...

Yeni ədəbiyyat! – bu, zamanın tələbi deyil, artıq bu bizim boynumuza düşən bir borcdur, taleyin çağırışıdır. Biz yenidən şərq didaktik ədəbiyyatına qayıda bilmərik.

Bizim kimi ölkələrdə yaşayan yazarların yaradıcılıqları xoş həyatdan və həyatın başqa gözəlliklərindən bəhs etməklə məhdudlaşmamlıdır.

Azərbaycan yazıçısı eyni zamanda əsrlərin qatbaqat üzərimizə qaladığı düşüncə buxovlarından insanları ayıltmalıdır. Bunu bu ölkə daxilində yetişən yazarlardan yaxşı kimsə bacarmayacaq.

Təkcə ideal gözəlliyə və ya həqiqətə təmas edən əsərlər yaratmaqla ədəbiyyatımızı irəlilədə bilmərik, - bu gözəlliklərin daha yaxşılarını bizdən öncə yaradıblar, - biz həm də yalanın total qara pərdəsini yırtacaq əsərlər yaratmalıyıq. Qaranlığı yox et, yerdə qalan nə varsa hamısı işıqdır.

2.Nə durumdayıq? Azərbaycan ədəbiyyatını və ədəbiyyatçılarını necə görürsünüz?

- Hər gələn yazıçı nəsli özündən bir öncəkinin yükünü çiyinlərində daşıyır, bu yükü daşımalı olduğunu hələ ağlı kəsmədiyi zamanlarda ona başa salıblar. Beləliklə biz ənənəvi olanın təsirindən qurtula bilmirik.
Türkan Urmulu
Türkan Urmulu

Bu üzdən də ədəbiyyat işimiz yaxşı durumda deyil deyirəm mən. Nə zamana qədər ki atalarımızla bərabər hüquqlu vətəndaşlar olmamışıq, bu beləcə davam edəcək. İnkar mübarəkdir! – Oğuznamədə belə deyilir. Mənə görə, çağdaş ədəbiyyatımız inkar üzərində köklənməlidir. Kor-koranə bir inkardan bəhs etmirəm, bizə qədər olanları təftiş anlamında bir inkar.

3.Güney Azərbaycan-Quzey Azərbaycan hər nə qədər bir olsa da ikidir! Siz bu ayrılığı ədəbiyyatımızda necə dəyərləndirirsiniz? Nə oldu bizə? Nə etməliyik?

- Biz istəsək də, istəməsək də artıq iki Azərbaycan mədəniyyəti formalaşıb. Bunu pozitiv olaraq qəbul etməliyik və bu yanlışdakı naxışları görməyi bacarmalıyıq. İki qardaş yad oldu, düşmənlər də inandı - deyə bir ata sözümüz var. Mənə görə O tayda böyük Azərbaycan ruhu var. Daha doğrusu Azərbaycan deyilən şey O tayda, Savalanın ətəklərində bir yerdədir.

O böyük maqnetik güc nə zamansa dünyaya açılacaq, başqa cür ola bilməz. Çağdaş texniki imkanlar get-gedə sərhədləri anlamsız edəcək. Əsas olan könül birliyimizdir ki, bu birliyin güclənməsində yazarların və o cümlədən ədəbiyyat dərgilərinin üzərinə böyük vəzifələr düşür.

Yadınıza gəlirsə 2000-ci illərin əvvəllərində Güney və Quzey yazarları biri-birindən tamamən xəbərsiz durumdaydılar. “Alatoran” bu adların açılmasında və tanınmasında az da olsa bəzi işlər gödü. İlk bağlantıları qurana qədər uzun zaman axtarmalı olmuşdum. Bakıda tanış olduğum Lalə Cavanşir və Səməd Purmusəvi Güneyli yazarlarla əlaqələr qurmağıma yardımçı oldular.

İndi internet imkanları daha da genişlənib, Güneyli gənc yazarlar artıq sərbəstcə Guzey dərgilərində yayınlanırlar və yeni yazarlar qarşılıqlı olaraq hər iki tərəfdə tanınır. Bütün bunlara görə sizin yeni bir dərgiylə meydana çıxmanıza mən olduqca böyük məna verirəm. BAN dərgisi yazarlarımızın yaxınlaşmasına və ədəbiyyatımızın ortaq bir məcrada irəli getməsinə yeni bir vəsilə olacaqdır.

4.Bu gün ədəbiyyatımızda nəyin yeri boşdur? Necə doldurmaq olar boşluqları?

-Hər iki ədəbiyyatımızda janr yoxsulluğu hakimdir. Şeir, hekayə və romandan ötəyə gedə bilmirik. Və yazılanlar da movzuca rəngarəng deyil. Bu hal yazarların çətinliklə nəfəs aldığını göstərməkdədir.

Əsərlər sanki şüşə içərisində dənizə atılmış məktub kimi yazılır və haray xarakterlidir, sanki kənardan kimlərsə bizim səsimizi eşidəcək və yardım əlini uzadacaq, genəl izlənimim belədir...

Çağdaş dünya ədəbiyyat nümunələri dilimizə çevrilməlidir. Ədəbiyyat ocağı hər vasitəylə alovlanmalı, çoxlu əsərlər yazılmalı və ana dilimizin işləkliyi artırılmalıdır.

5.Ədəbiyyat dərgiləri! Bu qonuda çox ciddi addımlarınızın izi danılmazdır. Bu çalışmalarınızın nədənini bilmək istəyirik. Nədən ədəbiyyat dərgiləri sizin üçün önəmlidir?

Dərgilər birləşdirici rol oynayır. Bu gün dünya klassiki sayılan L.Tolstoy, F.Dostoyevski kimi nəhənglər XIX əsrin sonlarında Peterburqda yayınlanan “Sovremennik” dərgisində yetişmişlər. Əzəmətli bildiyimiz rus klassik ədəbiyyatı bu dərgiyə borcludur... Sokratın bu sözünü çox tez-tez xatırlayıram: “Məqsədi böyük olan - böyükdür”. BAN dərgisinin məqsədi möhüb düzmək, şeir yazan dost-tanışı sevindirmək də ola bilər, Böyük Azərbaycan ədəbiyyatını yaratmaq da. İkisindən birini seçmək sizin öz əlinizdədir.

Alatoran təcrübəsindən deyə bilərəm: bir dərgi ədəbi prosesin canlanmasında yetrəli ola bilər. İlk gündən bizim şüarımız beləydi: “Gündüz əldə çıraq istedadları axtarırıq”. İnanın, bu istedadlar tapıldı və bu gün Quzeydə çox iddialı yazarlarımız var.

6.Bir ədəbiyyat dərgisinin görəvi nədir? Dərgidə ən çox nəyə yer verilməlidir?

-Yenə öz təcrübəmdən deyə bilərəm: dostluq münasibətlərinə görə zəif əsərləri yayınlamaqdan çəkinməlisiniz. Bu hal jurnalı gözdən sala bilər. Yaxşı olar ki, dərginin prinsipləri yazılı şəkildə duyurulsun və buna əməl olunsun...

Məncə BAN dərgisi mümkün qədər gənclərə xitab etməli və yeni adların tapılmasına çalışmalıdır. Bu adlar böyüdükcə sizdən üz döndərəcək, buna təbii baxmalısınız, daha yeni adları durmadan tapıb meydana çıxarmalısınız. Gənc bir yazıçı və ya şair nə qədər iddialı olsa, yazarlıq işindən nə qədər bərk yapışsa bir o qədər yaxşıdır. Dərgi bu işdə onlara yardım etməlidir.

7.Güney Azərbaycan ədəbiyyatını rahatca izələyə bilirsiniz mi? Bildiyiniz kimi onlarca vebsitə, bloq, kitab və ara-sıra dərgilər yayınlanır, amma bunların böyük bir qismi ərəb əlifbasındadır. Bu durum Güney Azərbaycan ədəbiyyatını izləməkdə sizin üçün sorun təşkil edirmi? Yeni çıxan əsərləri izləməkdə və ya dəyişimləri təqib eləməkdə bu durumdan dolayı heç gec qaldığınızı hiss eləyibsiniz mi?

-Bəli, ərəb əlifbası bizim aramızda böyük bir maneədir. Bu üzdən mən Güney yazarlarını, ora ədəbiyyatındakı gəlişmələri yaxından izləyə bilmirəm. Bəzən latın əlifbasına çevrilmiş əsərlərin də imlası düzgün olmur. Bütün bunlar bizim vahid bir ədəbi prosesdə birləşməyimizə mane olur. Məncə dərgilər bu sorunun aradan qalxmasına yardımçı olmalıdır.

8.Güney Azərbaycan modern ədəbiyyatı deyildiyində ağlınıza özəl bir ad və ya adlar gəlir mi?

-Güney Azərbaycanda çox gözəl gənc şairlər və yazıçılar yetişməkdədir. Özəlliklə modern üslubda güclü şeirlər yazan güneyli şairlərin olması məni çox sevindirir. Ağlıma çox adlar gəlir, ancaq kiminsə adını unudacağımdan ehtiyat edirəm, buna görə də izn versəniz ad çəkməyim...

9.Son sözünüz ...

-İstiqbala inanmanızı və meydanda tək qalsanız belə ruhdan düşməmənizi arzu edirəm.

Türkan Urmulu
BAN

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG