Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 04:47

Ordu peşəkar olacaqmı?


Azerbaijan -- Army-parade in Baku, 26Jun2013.
Azerbaijan -- Army-parade in Baku, 26Jun2013.
-
Orduda müqavilə əsasında xidmət keçmək istəyirsiniz, amma boş yer olmadığından «yox» cavabı alırsınız. İndi elə real səslənməsə də, bir neçə ilə Azərbaycan ordusunda xidmət keçmək istəyənlər bənzər durumla üz-üzə qala bilərlər.

Bu günlərdə açıqlanmış bir araşdırma materialında hərbi xidmətə çağırış sistemində ciddi problem yaşandığı bildirilir.

Araşdırmanın müəllifi «Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru Cəsur Sumərinlidir.

HƏR ÇAĞIRIŞ MÜDDƏTİNƏ 2 MİN ARTIQ ƏSGƏR

O, AzadlıqRadiosuna müsahibəsində problemin müddətdən artıq xidmət edən hərbi qulluqçu sayının artmasından qaynaqlandığını iddia edir. Yəni vaxtilə hərbi xidmət keçmiş bəzi şəxslər yenidən – bu dəfə maaşla 3 illiyə orduya qayıdırlar. Beləcə, orduda əsgər vəzifələri maaşlı hərbi qulluqçulara verilir və yeni çağırışçılara ehtiyac qalmır. Başqa sözlə, çağırışçı artıqlığı yaranır. Halbuki 3-4 il əvvəl çağırışçıların sayı müdafiə və təhlükəsizlik sektorundakı vəzifələrə uyğun gəlirdi:

«İldə 4 dəfə hərbi xidmətə çağırış həyata keçirilir. Hər dəfə də təxminən 10-15 min nəfər hərbi xidmətə çağırılır. Nəzəri hesablamalarımıza görə, hər çağırış müddətində min-iki min nəfər artıq çağırışçı yaranır. ​Bu, il ərzində 4-5 min nəfər vətəndaşın hərbi xidmətdən kənar qalması perspektivinin ortaya çıxmasıdır. Həmin göstərici, böyük ehtimalla, ildən-ilə arta bilər».

Daxili Qoşunlar, Dövlət Sərhəd Xidməti artıq bir neçə ildir həmin təcrübədən yararlanır. Müdafiə Nazirliyi də bu ilin əvvəlindən elan edib ki, vətəndaşlar müddətdən artıq hərbi xidmət keçmək üçün MN bölmələrinə üz tuta bilərlər.
Cəsur Sumərinli
Cəsur Sumərinli

İndi nəzəri baxımdan hər çağırış müddətində 450-600 vətəndaşın hərbi xidmətə çağırılmasına ehtiyac qalmır. 2015-ci ildən başlayaraq bu göstəricinin ildə 3 min 500 nəfəri keçəcəyi proqnozlaşdırılır. Güc strukturlarının hərbi hissələrinə müddətdən artıq hərbi xidmət qulluqçularının axını sürətlənsə, yaxın 2-3 ildən sonra hər il təxminən 10-12 min vətəndaşın hərbi xidmətdən kənar qalmaq imkanı ortaya çıxacaq.

ORDUYA İŞ YERİ KİMİ BAXMAQ

Təhlildə bəzi şəxslərin durumdan sui-istifadə etdiyi, hazır hərbi biletin qiymətinin son aylar min 500 manatdan 3 min manata yüksəldiyi iddia olunur.

Cəsur Sumərinli vətəndaşların hərbi xidmətdən kənarda qalmasını qanuni yolla nizamlamağı, qanunvericiliyi təkmilləşdirməyi vacib sayır.

«Çağırışçı artıqlığı»nın çözüm yolları

«Çağırışçı artıqlığı»nın çözüm yolları:

1) Təcili olaraq vətəndaşların hərbi xidmətə çağırış qaydalarını tənzimləyən yeni strategiya qəbul edilməlidir, bu strategiya çərçivəsində hərbi xidmətə çağırış prosesində çağırışçı artıqlığını nizamlayan çərçivələr mövcud hərbi qanunvericiliyin yenilənməsi ilə davam etməlidir;

2) Azərbaycanda vətəndaşların fiziki göstəricilərinin hansı hallarda hərbi xidmətə çağırışa imkan verməməsinə dair təlimatlar, qaydalar tam şəffaflığı ilə ictimaiyyətə açıqlanmalıdır ki, vətəndaşlar öz hüquqlarını dərindən bilsinlər;

3) Hərbi xidmətə uyğunluq göstəriciləri (boy, çəki və s) getdikcə daha çox sağlamlaşdırılmalıdır, misal üçün, hərbi xidmətə çağırışla əlaqədar boy göstəriciləri ilbəil artırılmalıdır;

4) Hərbi xidmətə çağırış yaşının minimumu 20-yə qaldırılmalı, maksimumu isə 27 və ya 28-ə endirilməlidir;

5) Hərbi xidmətə çağırılan vətəndaşların sağlamlıq durumunun ciddi şəkildə araşdırılması, müayinə qaydalarının sərtləşdirilməsi vacibdir;

6) Vətəndaşlara müxtəlif təhsillərinə görə möhlət hüququnun verilməsi imkanları artırılmalıdır;

7) Vətəndaşların müəyyən rəsmi ödəmələr hesabına möhlət almaq imkanları araşdırılmalıdır.
Onun fikrincə, müqaviləli ordu sisteminə keçid perspektivi açıqlanmalıdır və ölkənin başqa yolu yoxdur:

«Vətəndaşlar orduya iş yeri kimi baxsınlar və işləmək istəyirlərsə, orduya getsinlər. Hərbi qulluqçuların hərbi xidmətə çağırışını nizamlayan qanunvericilik təkmilləşdirilməlidir. Daha çox insana imtiyaz, möhlət hüququ verilə bilər. Özəlliklə təhsilə və ailə vəziyyətinə görə möhlət hüququndan söhbət gedir. Artıq insanların hərbi xidmətdən kənar qalmasına imkan yaranır».

KÜTLƏVİ YARARSIZLIQ?

Problemin başqa çözüm yolları da təklif edilir:
- ¬Minimum çağırış yaşı 20-ə qaldırılsın;
- Maksimum çağırış yaşı 35-dən 28-ə endirilsin;
- Hərbi xidmətə uyğunluq göstəriciləri sağlamlaşdırılsın;
- İctimaiyyətdən gizlədilən sənədlər açıqlansın.

Sonuncu təklifi araşdırma müəllifi belə əsaslandırır:

«Əvvəl şübhələr vardı ki, sənədlər açıqlansa, vətəndaşların kütləvi şəkildə hərbi xidmətə yararsızlığı ortaya çıxa bilər. Ancaq indi «say artıqlığı» məsələsinə görə bu sənədlər cəmiyyətə açıqlana bilər. Bu halda müayinə zamanı vətəndaşların incidilməsi halları da ortadan qalxar, şəffaflıq yaranar».

Müdafiə Nazirliyi AzadlıqRadiosunun araşdırma və təkliflərlə bağlı suallarını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanlamağı məsləhət görüb. Sözügedən Xidmətdən hələ cavab alınmayıb.

Parlamentin təhlükəsizlik və müdafiə komitəsinin üzvü Fərəc Quliyev qanunvericilikdə dəyişikliyə ehtiyac görmür. Ancaq deputat möhlət hüququnun verilməsiylə bağlı özünün də təklif səsləndirdiyini dilə gətirir:
Fərəc Quliyev
Fərəc Quliyev

«Məsələn, mən deyirdim ki, magistraturaya qəbul olunanlara möhlət hüququ verilsin. Təbii ki, tamam azad etmək yox, bir müddət sonra yenidən qayıtmaq şərtilə. Qəbul edilmədi. Hesab edirəm ki, yenə bu təklifə baxmaq olar. Ancaq müharibə şəraiti də gözdən qaçırılmamalıdır».

GÜRCÜSTAN TƏCRÜBƏSİ

Fərəc Quliyev ordunun sosial təminat, çeviklik, eləcə də müqavilə əsaslı, peşəkar olmaq baxımından NATO standartlarına uyğun formalaşmasını vacib sayır:

«Mən nəinki bütün bu davranışların, hətta bütün Rusiya istehsalı silah sistemindən imtina edib daha müasir silah sisteminə keçidin tərəfdarıyam».

Hərbi ekspert Cəsur Sumərinli qonşu Gürcüstanın 3 ilə – 2017-ci il yanvarın 1-dək müqaviləli hərbi xidmət sisteminə keçəcəyini, hazırda gürcü ordusunda müqaviləli xidmətin 30-40 faizə çatdığını vurğulayır. Orada orduya seçimdə fiziki göstəricilər və təhsil həlledici rol oynayır, bir çoxları ehtiyac olmadığından hərbi xidmətə çağırılmır. Ekspertin sözlərinə görə, yeniliklər nəticəsini göstərir:

«Orduda nizamnamədənkənar olayların sayı minimuma enir, dinc dönəm itkiləri sıfıra yaxınlaşır. İlə 20-30 itki olursa, bunun da yarısı döyüş itkisidir».

Azərbaycanda isə təkcə bu ilin yanvarında 6 hərbçidən biri döyüş, beşi döyüşdənkənar şəraitdə həlak olub.
XS
SM
MD
LG