Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:54

Narazı tələbələrin məsələsi BDU-da müzakirə olunacaq [Video]


Etirazçı tələbələr Abel Məhərrəmovun söylədiklərinə belə reaksiya verdilər...
Gözlə

No media source currently available

0:00 0:04:00 0:00

Etirazçı tələbələr Abel Məhərrəmovun söylədiklərinə belə reaksiya verdilər...

-
Kəsirlərə görə əlavə pul ödəməyə etiraz edən tələbələr fevralın 20-də BDU qarşısında aksiya keçiriblər. Ən son xəbər yazının əvvəlindədir.

«BDU-NUN HEÇ BİR GÜNAHI YOXDUR»

BDU mətbuat xidmətinin rəhbəri akademik borca görə əlavə ödənişə dair qərarın bu təhsil ocağının istəyi olmadığını bildirib.

«Kəsiri, yəni akademik borcu olan tələbələrin əlavə vəsait ödəməsi ilə bağlı Bakı Dövlət Universitetinin heç bir günahı yoxdur. Bu barədə Nazirlər Kabineti qərar verib, Təhsil Nazirliyi də əmr imzalayıb».

Bunu AzadlıqRadiosuna müsahibəsində BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova deyib. Onun sözlərinə görə, bu məsələ təkcə BDU-ya deyil, bütün ali təhsil məktəblərinə aid məsələdir:

«Amma bu tələbələrin nədən narazı qaldıqları və aksiyanı niyə BDU-nun qarşısında keçirdikləri aydın deyil. Bu məsələni BDU-nun ayağına yazmaq doğru addım sayılmaz. Biz də bütün ali təhsil ocaqları kimi icraçıyıq. Əvvəl belə idi ki, kəsiri olan tələbə pul ödəməklə bir ay yay məktəbinə qalırdı. İndi isə tələbənin kredit sayı 30-dan yuxarıdırsa, alt qrupda qalan tələbə pul ödəməlidir. Kreditlərin sayı 30-dan aşağı olanda tələbə pul ödəməyəcək. Tələbə oxuyursa, dərsə davamiyyəti qaydasındadırsa, imtahan verib keçəcək. Bunu da nədənsə tələbələr şişirdib BDU-nun ayağına yazdılar».

Pərvanə İbrahimova tələbə aksiyasının qarşısının alınması üçün polislərin dəvət edilməsi ilə bağlı məlumatların da doğru olmadığını deyir. Onun sözlərinə görə, polislərin gəlişi Azərbaycanda səfərdə olan Qazaxıstan parlamentinin sədrinin həmin vaxt BDU-da olmasıyla bağlıymış.

Pərvanə İbrahimova Təhsil Nazirliyi nümayəndələrinin də iştirakı ilə sabah – fevralın 21-də tələbələrin etirazını doğuran ödəniş məsələsinin BDU-da müzakirə olunacağını da sözlərinə əlavə edib.

SAXLANANLAR VAR

Aksiyaçılar «qanunları pozmayın, saxta qanun yazmayın» şüarını səsləndirərək BDU-nun qarşısından metronun «Elmlər Akademiyası» stansiyasına doğru yürüşə çıxıblar.

Polis və mülkigeyimlilər aksiyanın qarşısını almağa çalışıblar. Bu zaman 4 nəfər aksiyaçı saxlanıb. Onlardan biri az sonra sərbəst buraxılsa da, jurnalistika fakültəsinin tələbəsi Tural Qurbanlı və daha iki nəfər polis maşınına mindirilib.

Daha əvvəl BDU qarşısındakı oturaq aksiyada da bir neçə nəfər saxlanıb.

POLİS GƏLİB

Bir qrup tələbə Bakı Dövlət Universiteti qarşısında aksiya keçirib.

60-a yaxın tələbə «Qanunları pozmayın, saxta qanun yazmayın» şüarı ilə keçirdiyi oturaq aksiyada kəsirə görə əlavə pul ödənilməsi qərarına etiraz ediblər.

Hadisə yerinə polis və mülkigeyimlilər gələrək aksiyanın qarşısını almağa çalışıblar.

BDU rektoru Abel Məhərrəmov jurnalistlərə deyib ki, hazırda Təhsil Nazirliyinin nümayəndələri ilə bu məsələ müzakirə olunur.

Rektor aksiya keçirən tələbələri məsələni universitetin daxilində müzakirə etməyə çağırıb. Aksiyaçılar fit çalmaqla rektorun təklifinə etirazlarını bildiriblər.
XS
SM
MD
LG