Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:42
-
“Ukrayna demokratları məğlub olsa, Azərbaycan Rusiya imperializmi ilə təkbətək qalacaq”

“Yeni Müsavat”ın yazdığına görə, bunu Ukraynadakı vəziyyəti təhlil edən sabiq baş nazir Pənah Hüseyn deyib.

Politoloq Zəfər Quliyevsə deyir ki, “əgər bu qarşıdurmada Yanukovich qalib gəlsə, həm Moldova, həm Gürcüstan, həm də Azərbaycan birbaşa Rusiya ekspansiyası ilə üz-üzə qalacaq...Hələlik Yanukovichdən fərqli olaraq İlham Əliyev Rusiyaya müqavimət funksiyasını özü aparır. Əgər İlham Əliyev Gömrük İttifaqına girmək istəsəydi, Azərbaycanda bu prosesi heç kim dayandıra bilməyəcəkdi. Mən faktları düzgün dəyərləndirməyin və özümüzü aldatmamağın tərəfdarıyam. Hələlik nə cəmiyyət, nə müxalifət güclü müqavimətə hazır deyil. Rusiya axır zamanlar bir neçə dəfə Azərbaycana xəbərdarlıq etdi - Putinin səfərindən sonra uzun müddət Rusiyadakı azərbaycanlılara qarşı basqılar gücləndi, Biryulova olayları yaşandı. Son zamanlar da Azərbaycana dəfələrlə mesajlar verilir ki, Putin İlham Əliyevin mövqeyindən narazıdır. İndiyə qədər Moskva nə Avrasiya İttifaqı, nə də Gömrük İttifaqı ilə bağlı Bakıdan istədiyi cavabı ala bilməyib. Əgər Azərbaycanda Avromaydan olsa, bu, hakimiyyətin razılığı ilə olacaq”.

DEPUTAT HƏMKARININ ARAŞDIRMA APARMADAN GÖMRÜK KOMİTƏSİNİ TƏNQİD ETDİYİNİ DEYİR

Əli Hüseynli

Əli Hüseynli

“Məncə, həmkarımız gömrük işinin təşkili və statistikası ilə bağlı spesifikalları araşdırmadan bu qənaətə gəlib”. Bu sözləri “Bizim yol”a müsahibəsində Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli parlamentin son iclasında Gömrük Komitəsini tənqid edən deputat həmkarı Bəxtiyar Əliyevlə bağlı deyib.

“Hazırda gömrük və vergi orqanları müasir informasiya texnologiyalarının tətbiqi baxımından öndə gedən dövlət qurumlarındandır. O ki qaldı dövlətlərarası ticarətin gömrük statistikasının müqayisəsi nəticəsində yaranan fərqlərin səbəblərinə-bu hal bir çox ölkələr üçün xasdır və beynəlxalq praktikada bu vaxta qədər aktual problem kimi qalır. Amma qeyd etməliyəm ki, Azərbaycan xarici ticarətinin gömrük statistikası BMT və Avropa İttifaqının Statistika Xidmətinin metodoloji göstərişləri əsasında beynəlxalq standartlara uyğun olaraq aparılır”.

“NƏQLİYYAT XƏRCLƏRİNƏ GÖRƏ 100-200 FAİZ FƏRQ YARANMAZ”

“Fərq 10 faizdən çox olanda, artıq bu şübhələr yaradır”. Bunu isə “Azadlıq” qəzetinə “2012-2012-cü illərdə 12.3 milyard dollarlıq ticarət dövriyyəsinin qeydiyyata düşmədiyini” iddia edən iqtisadçı Qubad İbadoğlu deyib.

“Əli Hüseynli qeyd edir ki, valyuta və nəqliyyat xərcləri var. Nəqliyyat xərclərinə görə 100-200 faiz, yaxud 50-60 fərq yaranmaz. Nəqliyyat xərcləri malın dəyərindən baha deyil ki, iki dəfə fərq yaransın”.

“SOVETSKI”DƏ EVLƏRİN HƏR KVADRATMETRİ ÜÇÜN 1500 MANAT MÜƏYYƏNLƏŞDİRİLİB”

“Dövlət bu qiyməti havadan götürməyib, bazardakı məzənnələrə uyğun olaraq “Sovetski”də evlərin hər kvadratmetri üçün 1500 manat müəyyənləşdirilib”.
Bunu “Media forum” saytına hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

“Hətta dövlət köçürülənlərin evlərini daha baha alır. Kiçik bir tədqiqat aparmaqla bunu öyrənmək mümkündür. Əraziyə gedib soruşmaqla yeni tikilən binalarda mənzillərin hansı qiymətə satıldığını, köçürülənlərin evlərini dövlətin neçəyə aldığını öyrənib müqayisə etmək mümkündür. Əgər kiminsə evi 5 kvadratmertdirsə, indiyədək 5 kvadratmertdə yaşayıbsa, buna dövlət cavabdeh deyil. Həmin şəxslər aldıqları kompensasiya hesabına gedib başqa yerdən mənzil əldə edə bilərlər”.

PULSUZ TİBBİ MÜAYİNƏLƏR MAYIN 1-DƏK BAŞA ÇATACAQ

arxiv foto

arxiv foto

“Azərbaycan” qəzeti yazır ki, “prezidentin əhalinin sağlamlının qorunmasına dair tapşırıq və göstərişləri uğurla icra olunur”.

Qəzet yazır ki, fevralın 17-dən indiyədək Nəsimidə 4 mindən çox adam pulsuz tibbi müayinədən keçirilib.

“Mayın 1-dək 137 mindən çox rayon sakini qrafik əsasında pulsuz tibbi müayinədən yararlana biləcək”.

Qəzetdə indiyə qədər Sumqayıtda 4100, Lənkəranda 1500, Fizulidə 200, Mingəçevir və Pirallahıda da xeyli adamların pulsuz tibbi müayinədən keçdiyi bildirilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG