Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:37

"Mən şeirlərimdə hətta prezidentin də obrazını yaratmışam"


Bəxtiyar Hidayət
Bəxtiyar Hidayət
-

"Azərbaycanda işıqlı nə var, onun qarşısına papaq tıxayıblar. İşıq hardan gəlsə, deyirlər, bu bizim qeyrətimizə ziddir".

"Mənim Aqşindən və heca vəznindən qaçan digər şairlərdən üstünlüyümdür ki, həm onu, həm də bunu bacarıram."


Qazaxda yaşayan yazar Bəxtiyar Hidayətlə Namiq Hüseynlinin söhbəti


- Bəxtiyar, son dövrlər demək olar, heç bir yerdə yazıların, şeirlərin görünmür, səbəbi nədir?

- Bilirsən, artıq Azərbaycan mətbuatından iyrənmişəm, mən göndərdiyimi saytlara vermirlər, amma sonra başqalarının elə səviyyəsiz yazılarını verirlər ki... Bu, dəfələrlə təkrarlanır və mən artıq iki-üç aya qədərdir ki, heç bir sayta yazı göndərmirəm, yazılarımı Facebook-da yayınlayıram.

- Bəs saytların səninlə düşmənçiliyi nədir, niyə çap etmirlər səni? Sən adətən qoşma, gəraylı, müxəmməs növündə yazırsan. Bəlkə sənin stilin köhnəlibdir, ona görə oxuculara maraqlı gəlmirsən, inanırsanmı ki, bu şeir şəkliylə modern poeziyada nə isə edə bilərsən?

- Əvvəla, mənim üçün forma önəmli deyil. İkincisi, mənim sərbəst şeirlərim daha çoxdur. Eyni zamanda mən yazdığım qoşmaların, təcnislərin mövzusu da müasir həyatdan götürülüb. Məsəlçün, mən son dövrlər sıx-sıx nəzirələr yazıram. Dadaloğlunun belə bir şeiri var:

Qalxdı, köç eylədi əfşar elləri
Ağır-ağır gedən ellər bizimdir
Ərəb atlar yaxın eylər irağı
Uca dağdan aşan yollar bizimdir


Mənim yazdığım isə həmin şeirə daha müasir cavabdır.

Yatdı, bay-bay etdi Turan elləri
Ağır-ağır yatan ellər bizimdir
Ərəb kafa yalan eylər İraqı
Yüzcə dağdan aşan yollar bizimdir

Bəxtiyar Hidayətin satışdan yığışdırılan kitabı
Bəxtiyar Hidayətin satışdan yığışdırılan kitabı

Təkcə formaya baxıb şeirin müasirliyini şübhə altına almaq artıq faciədir. Köhnə şeir və yeni şeir barədə adicə bir misal çəkim. Məsələn Əli Kərimin “Ata” şeiri var, bu, heca formasında yazılıb, halbuki Əli Kərimin özü müasir Azərbaycan şeirinin banilərindəndir. İndi siz köhnə və təzə şeir növlərində ata kultu haqqında yazılmış başqa şeirlərə də baxın, görün hansı poetikdir. Mənim üçün əsas poetiklikdir.

- Axı sənin şeirlərində kəndlə bağlılıq həddən ziyadə hiss olunur. Addımbaşı qoyundan, inəkdən, toyuqdan, itdən, pişikdən söhbət açılır. Bu istər-istəməz savadlı şəhər oxucularını səndən uzaqlaşdırır.

- Əgər belədirsə, gəl Cəlil Məmmədquluzadəni tamamilə ədəbiyyatdan çıxaraq. Onun yaradıcılığının doxsan faizi kəndlə bağlıdır.

- Söhbət konkret şeirdən və şeirdə işlədilən bənzətmələrdən gedir. Məsəlçün, Sabir də əyalət şairi idi, amma heyvanlarla bağlı bu qədər bənzətmə istifadə etmirdi, dağdan-dərədən, bulaqlardan yazmırdı. Səndə açıq-açığına Qazax şeir məktəbinin ənənələri hiss edilir.

- Siz o Qazax məktəbinə aid olanların yazdığı mövzulara da baxın, mənimkilərə də baxın. Mənim üçün forma, məzmundan daha önəmli olan bir şey varsa, o da poetiklikdir, mən şeirlərimdə poetikliyin gücünə iddialıyam. Bu gün qafiyəli şeirdə bircə normal şeiri olmayan adamın ədəbiyyat bacarıqlarına şübhə edirəm. Mən həm sərbəst, həm heca vəznində yazmağı bacarıram, burda qəbahətli bir şey yoxdur ki.

- Belə çıxır, indi poetikliyi qorumaq şərtilə ən köhnə şeir forması olan qəzəl də yazmaq olar? Səncə, sənin qəzəlin, müxəmməsin, təcnisin oxucunu cəlb edəcək, yoxsa Aqşin Yeniseyin sərbəst şeirləri?
Aşıq Ələsgər
Aşıq Ələsgər

- Bu gün qəzəlin standartları ilə müasir şeir yazmaq bir qədər çətindir. Oxucu sərbəst şeir axtarırsa, gəlsin mənim də sərbəst şeirlərimi oxusun. Onlar heç də Aqşinin şeirlərindən az və keyfiyyətsiz deyil. İkincisi, bu mənim Aqşindən və heca vəznindən qaçan digər şairlərdən üstünlüyümdür ki, həm onu, həm də bunu bacarıram. Həmçinin deyim ki, qəzəllə, qoşmayla, təcnislə müasir şeir yazmaq həqiqətən çətindir, bunu qəbul edirəm, amma yenə də şeirə qiymət verəndə formasına deyil, məzmununa baxıb qiymət vermək lazımdır.

- Qoşmada müasir şeir yazmağa nə mane olur?

- Deyim ki, bu, zövq məsələsidir. Qoşmada müasir sözləri işlətməkdən çəkinən şairlərlə razılaşmıram. Götürün Aşıq Ələsgərin şeirlərini. Onun şeirlərində farsca da sözlər var, ermənicə də sözlər var, rusca da sözlər var. Əsas olan - poetik şəkildə yazmağı bacarmaqdır. Əgər ədəbiyyat məlumatlılıq, savadlılıqla bağlı bir şeydirsə, onda gəlin Asif Atayla Aşıq Ələsgərin şeirlərini müqayisə edək. Bilirsiniz, Asif Atanın çoxlu rübailəri vardı. Ya da Ələsgərlə eyni dövrdə yaşamış böyük mütəfəkkir Mirzə Fətəli Axundovun da şeirləri var, hansı ki, bu gün elə də populyar deyil.

- Bəlkə bu ona görədir ki, Aşıq Ələsgər özünü tamam şeirə həsr etmişdi və ancaq populyar şeir növündə yazırdı. Axundzadə və Asif Ata isə ancaq boş zamanlarında zövq üçün şeirlər yazırdılar? Axı onlar daha çox fəlsəfəylə məşğul olublar.

- Ələsgər heç də özünü şeirə həsr etməyib, onun böyük bir ailəsi olub, başı ailəsinin qayğılarına qarışıb. Mən bununla şeirdə üstünlüyün ancaq poetik istedadla bağlı olduğunu demək istəyirəm. Qoy Azərbaycanda döşünə döyən şairlər ortaya bircə normal təcnis qoysunlar. Məncə bütün bu söhbətlər qafiyəli şeir yazmağı bacarmayan adamların söhbətləridir.

- Bəxtiyar, sən Azərbaycanda bəlkə yeganə şairsən ki, kitabın hökümətə qarşı tənqidi şeirə görə satışdan yığışdırılıb. Halbuki şairin hakimiyyətə etiraz etməyi dünyada elə də çox yayılmış hal deyil. Hətta belə bir deyim var ki, şairlər ancaq dünyanı seyr edir, dəyişdirməyə çalışmır. Səncə etirazçılıq şairliyə xas bir şeydir, yoxsa şəxsiyyətlə bağlıdır?

- Dəqiq deyə bilmərəm, yəqin ki, daha çox şəxsiyyətə xasdır. Kitabıma gəlincə, görünür hakimiyyətdə şeirin gücünü gözəl bilən adamlar var ki, mənim kitabımda o yerləri görüblər. Kitabımda yalnız sevgi şeirləri istisna olmaqla, gəraylısından, təcnisindən tutmuş dodaqdəyməzinə qədər doxsan faizi başdan-ayağa hakimiyyəti, mövcud quruluşu tənqid edən şeirlər idi. Özü də mən cəmiyyətin dərdlərini informasiya kimi quruca verməmişəm, poetik lövhələrdə işləmişəm.

- Bəlkə sənin itirməyə heç nəyin yoxdur, ona görə belə açıqca tənqid edə bilirsən, incikliyini bildirirsən, kimisə ifşa etməyə çalışırsan və s. Bəs ədəbiyyat sənin üçün daimi gəlir yeri olsaydı, yenə belə davranacaqdın?

- Birincisi, mənim özümün də itirməli şeylərim var. Bəzi hallarda mən özüm də hakimiyyətin indiki aqressiyasını görəndə qorxuram. Mənim üç övladım var, yaxınlarım var. Mənim ən çox qorxduğum odur ki, mənə görə yaxınlarıma bir şey edə bilərlər. Ancaq hesab edirəm ki, yazdıqlarımda saxta heç nə yoxdur və bu cəmiyyət də saxtalığı çox sevir. Azərbaycanda işıqlı nə var, onun qarşısına papaq tıxayıblar. Papaq da mental rəmzdir axı. İşıq hardan gəlsə, deyirlər bu bizim qeyrətimizə ziddir.

- Səncə, Azərbaycan kimi ölkələrdə həyatda qalmaq üçün daxili senzuraya ehtiyac var? Sən özündə belə ehtiyac duyursanmı?
19-cu əsr rus tənqidçisi Vissarion Belinski
19-cu əsr rus tənqidçisi Vissarion Belinski

- Bəli, özümə senzura qoyuram. Buna görə düşünürəm ki, yəqin yaxın yüz ildə şeirlə heç kim dünyaya çıxa bilməyəcək. Bundan əlavə Azərbaycanda səviyyəli bir tənqid də yoxdur ki, bu qədər şairin içindən kimisə seçib fərqləndirsin. Nə qədər məşhur imzalar var ki, dünya ədəbiyyatşünasları bunu çap etmək istəsələr, baxıb görəcəklər ki, bunun heç bir dəyəri yoxdur. Yaxşı şairlər də itib-batıblar. Burda it yiyəsini tanımır. Anormal bir ölkədir. Bizə ən azından Belinskinin yüzdə biri qədər bir adam lazımdır.

- Sənin şeirlərində açıq-açığına məmurların, dövlət xadimlərinin adları çəkilərək tənqid olunur, halbuki istedadlı şairlərin üstüörtülü bir dili olur ki, tənqid olunan adamın adı çəkilmədən haqqında məlumat verilir. Bu, ədəbiyyata zidd bir şey deyilmi?

- Aristotelin “Poetika” əsərində bir misal var. O deyir ki, əgər bir şair maralın dişisini buynuzlu təsvir edirsə bu, şairin günahı deyil, çünki şair biologiyanı bilməli deyil, amma orda bir poetiklik varsa, onu şairə keçmək olar. Aristotel yaxşı şeir üçün üç şərt qoyur: poetizm, dramatizm, fabula. Bunlarsız şeirin heç bir dəyəri yoxdur. Buna görə də düşünürəm ki, əgər çəkdiyim adlar şeirin poetizminə xələl gətirmirsə, niyə də çəkməyim? Ancaq mən həmin o üstüörtülü dildən öz nəsr əsərlərimdə istifadə etmişəm. Mən şeirlərimdə ATƏT-in Minsk qrupunun üzvlərinin, Qazağın icra başçısı Rauf Hüseynovun, hətta prezidentin də obrazını yaratmışam.

- Sən Qazaxda yaşayırsan, Bakıya az-az gəlirsən, orda ədəbiyyatdan ayrı düşməyibsən ki? Ümumiyyətlə, regionlarda ədəbi mühit necədir, orda özünü necə hiss edirsən?

- Evimdə köhnə bir kompyuterim var, o məni ədəbiyyata daha çox bağlayır, nəinki Qazax ədəbi mühiti. İnternet varsa məsafələrin elə bir önəmi yoxdur. Mən burda demək olar ki, təkəm, deyilənə görə, Yazıçılar Birliyinin Qazax şöbəsində xeyli şair var, amma mən onlarla əlaqə saxlamıram, tədbirlərində olmuram.Yeganə əlaqə saxladığım Hikmət Carçılı, Səhlədar Hidayətoğlu və Şahinə Könüldür.

- Sovet dövründə Azərbaycan ədəbiyyatında “qazaxşina” adlı bir qruplaşma məşhur idi. Sən “qazaxşina”nın varlığını qəbul edirsənmi, o hələ yaşayır?

- “Qazaxşina” əleyhinə mənim özümün bir neçə tənqidi-satirik məqaləm var. Bu terminə, bir regionda hər kəsin şeir yazması kimi də tərif vermək olar. Asif Ata özü Qazağa çox yaxın bir kənddəndir, bu regionun adamıdır. O vaxtilə bu haqda deyib ki, “qazaxşina” böyük bir xəstəlikdir. O vaxtlar bu regiondan olanlar inanırdılar ki, əgər onlar qazaxlıdırlarsa hamıdan yaxşı şair olacaqlar. Mənim onlara yazığım gəlir. Baxırsan 50-60-70 yaşlarında adamlardır, hələ də elə bilirlər onların ədəbiyyata dəxli var, vətən şeirləri yazırlar. Əslinə qalsa, bunlar mətbuatda yoxdurlar, heç kim onları tanımır. Sovet dövründə əksinə “qazaxşina” Bakıda daha güclü idi, indi isə çox zəif halda Qazaxda qalıb.

- Bəs indi poeziyada hansı regionun üstünlüyü nəzərə çarpır?

- İndi konkret hansısa regionun üstünlüyü görünmür, indi ancaq dəstəbazlıqlar var, xəngəl dəstəsi var, araq dəstəsi var, çay dəstəsi var...

Söhbətləşdi: Namiq Hüseynli
XS
SM
MD
LG