Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:52

«Didərginlik faciəsini yaşamış bütün insanlara ithaf olunur»


Filmdən kadr
Filmdən kadr
-
Fevralın 18-də Nizami Kino Mərkəzində «Qisas almadan ölmə. Keçmişdən məktublar» bədii filminin təqdimatı keçirilib.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, «Qisas almadan ölmə. Keçmişdən məktublar» filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına «Azərbaycanfilm» Kinostudiyası tərəfindən ekranlaşdırılıb.

Filmin rejissoru və ssenari müəllifi, xalq artisti Oqtay Mirqasımdır.

Film «Didərginlik faciəsini yaşamış bütün insanlara ithaf olunur» sözləri ilə başlayır.

Ekran əsəri Azərbaycanda yaşamış almanların 1941-ci ildə Orta Asiyaya sürgün olunmasından bəhs edir.

XIX əsrin əvvəllərində alman icmaları çar I Aleksandrın razılığı ilə Rusiya imperiyasının əyalətlərinə - Krıma, Qafqaza gələrək bu ərazilərdə məskunlaşırdılar.

1819-cu ildə Vürtemberq krallığından – Almaniyanın indiki Baden-Vürtemberq əyalətindən gələn almanlar Azərbaycanın qərbində, Gəncə yaxınlığında ilk koloniyanı, sonra isə Şəmsəddin və Qazax mahallarında yeni alman yaşayış məntəqələrini yaratmışdılar.

Beləliklə, Azərbaycan burada yurd salan almanların ikinci vətəninə çevrilmişdi. Bir neçə nəsil dəyişmiş və həmin almanlar yerli əhali ilə qaynayıb-qarışmışlar.

Filmdə o hadisələrlə yanaşı, müasir zaman da təsvir edilir.



Çəkilişlər hadisələrin cərəyan etdiyi məkanlarda – Bakıda, Göygöl rayonunda, Tbilisidə və Gürcüstanın Yuxarı Svanetiya bölgəsinin ucqar dağ kəndlərində, Almaniyanın Bukof şəhərində aparılıb.

Ekran əsərində məktublar, etiraflar, xatirələr, insanın hiss və yaşantıları əks olunub.

Rolları azərbaycanlı aktyorlardan Ramiz Əzizbəyli, Ayan Mirqasım, Füzuli Hüseynov, Sabir Məmmədov, Qurban İsmayılov, alman aktyorlardan Uilrix Rexenbax, Mixael Şvartsmayyer, Diter Hallervorden, gürcü aktyorlardan Georgi Cabaridze, Revaz Tavarkiladze, Levan Boçorişvili, Toma Bulaşvili oynayırlar.

Təqdimat mərasimdə çıxış edən Almaniyanın Azərbaycandakı səfirinin müavini Volfqanq Mössinger bildirib ki, filmin hər anında rejissorun Almaniyaya böyük məhəbbəti hiss olunur.
XS
SM
MD
LG