Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:12

Əli Həsənov məmur övladlarının bahalı maşınlarından danışdı


Azerbaijan -- Bentley showroom in Baku, 06Jan2010
Azerbaijan -- Bentley showroom in Baku, 06Jan2010
-
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov son günlər mediada məmur övladları ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

“Qafqazinfo” agentliyinin sualına cavab olaraq Əli Həsənov deyib ki, məmurlar övladlarına nəzarət etməlidirlər:

“Mənim də övladlarım var. Sizin xəbəriniz var o kimdir? Onu heç kim tanımır. Hər bir məmur öz övladına nəzarət etməlidir”.

“AZADLIQ ELƏ DƏ QORXULU MƏFHUM DEYİL”

Bunu “Azadlıq” qəzetinə müsahibəsində repçi Anar Nağılbaz bildirib.

Anar Nağıbaz deyib ki, indiki dövrün gəncləri fəaldır: “Çünki gənclərin artıq azad sözə hörməti var, azad geyimi, mədəniyyəti qəbul edir. Azadlıq elə də qorxulu məfhum deyil. Azad sözdən heç kim qorxmasın. Sadəcə təhqirlərə yol vermədən, dövlətçiliyə, bayrağımıza, gerbimizə, himnimizə, Konstitusiyamıza xələl gətirmədən bunu etmək yaxşı olar”.

YANVARDA AZƏRBAYCAN NEFTİNİN İXRACI 5 FAİZ AZALIB

neft quyusu
neft quyusu
​Xəbəri Turan agentliyi yayıb. “Gömrük Komitəsinin sayğaclarına əsasən, yanvarda 2,762 mln ton neft ixrac edilib. Bu, ötən ilin eyni dövründəkindən 5% azdır.
Bəyan edilən neft həcmi $1,618 mlrd məbləğində 1,937 mln ton olub.

Ümumi həcmin 84,795 min tonu Bakı-Novorossiysk kəməri ilə, 377,543 min tonu Bakı-Supsa ilə nəql edilib. Bakı-Tbilisi-Ceyhan ilə 2,214 mln ton, dəmir yolu ilə 85,365 min ton nəql edilib.

2013-cü ildə sayğacların göstəricilərinə əsasən, Azərbaycandan 34,245 mln ton neft nəql edilib. Bu həcmdən $20,244 mlrd məbləğində 24,855 mln ton neft gömrük bəyannamələri ilə nəql olunub”.

“MÜSAVAT BAŞQANLIĞINA İDDİALIYAM”

Bunu “Bizim Yol” qəzetinə müsahibəsində Müsavat Partiyasının Divan üzvü, iqtisadçı ekspert Qubad İbadoğlu deyib.

Bildirib ki, “təbii ki, müsavatçı kimi başqan olmaq iddiam var. Amma iddialar indiki halda çoxdur, iddiaçıların da hər birini normal qarşılayıram. Biz zamanı gələndə şanslarımızı dəyərləndirəcəyik. O zaman rəsmi olaraq prosesdə iştirak edəcəyik. Çünki iddia məsələsi bir istək və arzudur, amma şanslar isə reallıqdır”.

AZƏRBAYCANIN UKRAYNADAKI SƏFİRLİYİ ADİ QAYDADA İŞLƏYİR

Azərbaycanın Ukraynadakı səfirliyi adi qaydada işləyir. Azərbaycan vətəndaşlarının iğtişaşlarda iştirakı, yaxud da onların yaralanması haqda səfirliyə məlumat daxil olmayıb.

Bu haqda APA agentliyinə Azərbaycanın Ukraynadakı səfirliyinin konsul məsələləri üzrə birinci katibi Asim Osmanov məlumat verib.

O bildirib ki, səfirlik adi qaydada işləyir, səfirliyin bütün əməkdaşları iş yerindədir.

Səfirlik binasının təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı məsələyə toxunan Asim Osmanov deyib ki, Azərbaycanın Ukraynadakı səfirliyinin digər səfirliklərdə olduğu kimi öz təhlükəsizlik xidməti var: “Biz rahat işləyirik. Təhlükəsizliyə hər hansı təhdid yoxdur”.

A.Osmanovun sözlərinə görə, indiyədək səfirliyə Azərbaycan vətəndaşlarının toqquşmalarda iştirakı, yaxud da onların yaralanması haqda məlumat daxil olmayıb. “Lakin biz müraciət edən bütün vətəndaşlara təhlükəsizlik məqsədilə qarışıqlıq olan yerlərə getməməyi məsləhət görürük”, - deyə o vurğulayıb.

SİLAH BAZARINDA OD SAÇAN QİYMƏTLƏR

“Yeni Müsavat” qəzeti yazır ki, Bakının ov silahı satılan mağazalarında silahlar başqa ölkələrə nisbətən bahadır.

Azərbaycana əsasən Türkiyə, İtaliya, Belçika, Rusiya, Almaniya istehsalı olan silahlar satılır. Normal keyfiyyətli tüfəngin qiyməti 1000 manatdan başlayır. Alıcılar daha çox qoşalülə və beşatılan tipli silahlara üstünlük verir. Mağazalarda hətta 8-10 manata da silah satılır.

EKSPERTDƏN “SOVETSKİ” TƏKLİFİ

Vüqar Bayramov
Vüqar Bayramov
İqtisadçı ekspert Vüqar Bayramov Bakının “Sovetski” məhəlləsində evləri söküləcək sakinlərə kompensasiya verilməsi məsələsində Ukrayna təcrübəsindən istifadə olunmasını təklif edir.

“Media forum” saytının məlumatına görə, Vüqar Bayramov bildirib ki, Ukrayna təcrübəsi sökülən ərazidə zonalar üzrə minimumların müəyyənləşdirilməsindən ibarətdir.

Vüqar Bayramovun fikrincə, “Sovetski”də söküləcək mənzillər üçün minimum 2000 manat kompensasiya müəyyən edilməlidir. 1500 manatın az olduğunu deyən Vüqar Bayramov bəzi sakinlərin bir kvadratmetrə görə 4000 manat istəməsini də doğru saymır. Ekspert fikrini belə əsaslandırır ki, Bakıda kvadratmetri 4 min manata mənzil yoxdur.

Vüqar Bayramov evləri söküləcək vətəndaşları “Sovetski”də dövlət vəsaiti hesabına hündürmərtəbəli binalar tikib orada yerləşdirməyi də mümkün variantlardan biri kimi qeyd edib. Onun fikrincə, bu, mənzil bazarında bahalaşmanın da qarşısını alardı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG