Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:13
-
Astara rayonun Ərçivan qəsəbə sakinləri sosial şəbəkədə təhqir olunduqlarını deyirlər. Bir qrup kənd sakini qısa vaxt ərzində bu məlumatı telefon vasitəsi ilə paylaşıblar. Üstəlik fevralın 17-də günorta saatlarında buna etiraz olaraq polis şöbəsinə gedərək, məsələnin araşdırılmasını istəyiblər. Polis şöbəsində sözügedən məsələ ilə bağlı araşdırma aparacaqlarına söz veriblər. Lakin bu, gəncləri qane etməyib. Günün ikinci yarısında saat 3 radələrində təqribən 200 nəfər sakin kəndin ortasından keçən Bakı-Astara yolunu kəsib. Bundan sonra kəndin digər sakinləri də yola axışıblar. Hadisə yerinə polis qüvvələri gətirilsə də, sakinləri yoldan kənarlaşdıra bilməyiblər. Sakinlər rayon icra hakimiyyəti başçısını tələb ediblər. Rayon icra hakmiyyəti başçısı, rayon prokuroru və polis rəisi etirazçılarla görüşüblər. Etirazçılara bu məsələni araşdıracaqlarına, günahkarın cəzalandırılacağına söz veriblər. Kənd sakinləri məsələnin araşdırılmasına üç gün vaxt veriblər.

ƏRÇİVANDA...

Ərçivan

Ərçivan

Ərçivan qəsəbəsində olduq. Yolda rastlaşdığımız kənd sakinlərindən kimlərin bu təhqirləri aşkarladığını soruşsaq da dəqiq ünvan göstərmədilər. Kənd sakinləri bu məsələyə aydınlıq gətirmək istəmirdilər. Söhbətdən yayınırdılar. Müxbir olduğumuzu bilib yanımızda toplaşan sakinlər arasında mübahisə də yarandı. Sakinlərin bir-birləri ilə mübahisələrini sizə təqdim edirik:

Qəsəbə sakinlərinin mübahisəsi:

“Benzin bahalaşdı, durun benzin haqqını tələb edin də, salsınlar aşağı. Benzin qalxır. Benzin tələb eləsinlər, qazı tələb eləsinlər...
-Qeyrət tələb etməsin də?
-Onu tələb edənin deməli qeyrəti də var. Tələb eləmədin, qeyrət də əldən gedir də. 100 manat pensiya alır, onun 80 manatını qaza verir. Cənub bölgəsi ən nəmişlik zonadır. Hamının ciyəri vərəm olub. 300 manat pensiya ver, 100 manatı getsin qaza, 200 manatla da dolansın. Xalqın vəziyyəti pisdir”.

Sakinlər deyir ki, qəsəbədə 10 min əhali var. Onların 100-150 nəfərinin iş yeri var. Qalanı işsizdir. Buna görə də əhali qəzəblidr. Belə vəziyyətdə təhqir olunmaları kənd sakinlərini ayağa qaldırıb.

MƏSCİDİN QARŞISINDA...

Aksiya 18-ci əsrin yadigarı - Məhəmməd Hənəfiyə məscidinin yaxınlığında baş verib. Məsciddə günorta saatlarında namaz qılanların da aksiya iştirakçılarına qoşulduğunu deyirlər. Məsciddə həmişə qələbəlik olur. Ora eyni zamanda ziyarətgah hesab olunur. Məscidin bir neçə addımlığında qəsəbə 3 saylı məktəb fəaliyyət göstərir. Burda məktəbin müəllimləri ilə görüşdük. Məktəbin müəllimi Əli Axundov deyir ki, sosial şəbəkədə təhqir olunmalarına pis baxır. Onun sözlərinə görə, əsas etirazçılar gənclər olub:

Əli Axundov

Əli Axundov

“Həmin cavanlar, həmin gənclər gəlib Ərçivanda yolu bağlayıblar. Bu proses də xeyli çəkdi. Hardasa saat 3-dən 7-yə qədər proses çəkdi. Bu prosesin iştirakçılarına hamı qoşuldu. Qadınlardan başqa hamı orda idi. Orda mindən çox adam yığılmışdi. Polis rəisi orda idi, polis işçiləri də orda idi. Polis mülayim davranırdı, heç bir konfilikt olmadı. İcra başçısı gəldi, Qəzənfər Ağayev. Çıxış etdi. Söz verdi ki, 3 gün müddətində bu məsələ həll olunacaq”.

KƏND SAKİNLƏRİNİ KİM TƏHQİR EDİB?

Əli Axundovun dediyinə görə kənd sakinlərini təhqir edən aşkarlanaraq polisə aparılıb.

“Artıq o adam tapılıb, polisdədir. Boynuna almır. Etiraf edir ki, mənim kompüterimdir, amma məlumatı mən verməmişəm. Biz ziyalılar görüşdük. Orda icra başçısı, polis rəisi və prokuror var idi. Bu adamlarla görüşdük. Prokuror dedi ki, artıq bu işi Respublika prokurorluğu bilir. Milli Təhlükəsizlik Nazirlyi nəzarətə götürüb. Kompüter mütəxəsisləri nazirlikdədirlər və onlar Astaraya gəlirlər. Bu işə görə gəlirlər. Bizə məlumat verməlidirlər. Əks halda yeni aksiyalar gözlənilir”.

ASTARADA QARŞIDURMA SALMAQ İSTƏYİRLƏR...

Əli Axundovun sözlərinə görə, insanların hislərinə toxunmaqla rayonda qarşıdurma yaratmaq istəyirlər. O, radikal dini qrupların da bu işdə əli olmalarını istisina etmir.

Məktəbin digər müəllimi Malik Həsənov da təhqiramız ifadələrin şəkilini çəkərək qısa vaxt ərzində kənd sakinlərin arasında yayılmasını təsadüf hesab etmir. Onun fikrincə hər şey kənddə yaşayan narazı elektorata hesablanıb.

Malik Həsənov

Malik Həsənov

“Əslində yol beynəlxalq yoldur. Onun tutulması hüquqi cəhətdən düzgün deyil. Sadəcə məcburiyyətdən bu addımı atıblar. Rayonda yiyəsiz uşaqlar çox, narkoman çox. Şübhəsiz kimisə öyrədə bilərlər. Kimisə təxribata çəkə bilərlər”.

ASTARA BAZARI DA YANDI...

Ərçivanda yolun bağlanması ilə mərkəzi örtülü bazarın yanması eyni vaxta düşüb. Yanmış bazarda işləyən 30-a yaxın kənd sakininin bir yerə toplaşdığını gördük. Onların dediklərinə görə, bazarı qəsdən yandırıblar. Qəsəbə sakinləri bununla bağlı rayon icra hakimiyyətində olduqlarını dedilər. İcra hakimiyyətindən onlara kömək edəcəklərini bildiriblər. Sakinlərin sözlərinə görə, yanmış bazarda 500-ə yaxın ailə dolanırdı.

Rayon polis şöbəsində suallarımıza cavab vermək istəmədilər.

SAXLANAN ŞƏXS PENSƏR KƏNDİNDƏNDİR...

Astara rayon icra hakimiyyəti aparatının məsul işçisi Xanverdi Şirinov deyir ki, bu məsələ ilə bağlı müvafiq orqanlar araşdırma aprırlar. Artıq şübhəli şəxs qismində Astara rayonun Pensər kənd sakinini polis saxlayıb. Lakin həmin şəxs bildirib ki, onun profilini yaradaraq burada təhqiramız ifadələr yerləşdiriblər. Özü də bundan sonra xəbər tutub.

Saxlanan şəxsin təhlükəsizlik baxımından adı çəkilmir.
XS
SM
MD
LG