Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:50

Dostoyevski. Biz ruslar Avropa ilə bu toqquşmaya hazırıqmı? (İLK DƏFƏ)


Fyodor Dostoyevski

Fyodor Dostoyevski

Mənə gülməkdənsə, daha diqqətlə qulaq asın.

-

Mənə gülməkdənsə, daha diqqətlə qulaq asın.

Mən tam slavyanofil olmasam da, bir çox görüşlərimdə sırf slavyanofiləm...


(Günel Mövludun tərcüməsi)


Fyodor Dostoyevski


"Yazıçının gündəliyi"
əvvəli burda


II. SLAVYANOFİLİN ETİRAFI

Hə, olmadı.

Bu yerdə mən bəzi hisslərimi ifadə etmək istərdim, hərçənd, ötən il «Gündəliy»imi nəşr etməyə başlayandan, qərara gəlmişdim ki, ədəbi tənqid yazmayacağam.

Amma hisslər axı tənqid deyil, hətta bu hissləri bədii əsərə bəsləsəm də.

Əslində, mən öz «gündəliy»imi yazıram, yəni məni təsirləndirən şeyləri dəftərimə qeyd edirəm, odu ki, mən, niyə görəsə, məqsədyönlü şəkildə özüm-özümə qadağalar qoyuram, özümü ən təsirli hissləri ifadə eləməkdən ancaq ona görə saxlayıram ki, bu hisslər rus ədəbiyyatına aiddir.

Əlbəttə, bu qərarın təməlində olduqca düzgün olan bir fikir vardı, amma bu qadağaya hərfi şəkildə əməl eləmək düz deyil, çünki özüm də göürürəm ki, burada hərfilik məsələsi var.
Rus ədəbi tənqidçisi, qərbpərəst V.Belinski

Rus ədəbi tənqidçisi, qərbpərəst V.Belinski


Həm də barəsində neçə vaxtdı ki, susduğum ədəbi əsər də mənim üçün sadəcə ədəbi əsər olmaqdan çıxıb, bu artıq əməlli-başlı faktdır.

Ola bilər ki, mən fikrimi həddən artıq sadəlövhcəsinə ifadə edirəm, amma hər halda bunu deməyə özümdə cəsarət tapıram: bu romandan, poemadan, təxəyyül məhsulundan içimdə doğan təəssürat faktı hazırda davam edən müharibə faktı ilə üst-üstə düşdü və hər iki fakt ağlımda öz aralarında gerçək əlaqə və qarşılıqlı təmas tapır.

Mənə gülməkdənsə, daha diqqətlə qulaq asın.

Mən tam slavyanofil olmasam da, bir çox görüşlərimdə sırf slavyanofiləm.

Hələ də slavyanofilliyi müxtəlif cür başa düşürlər. Bəziləri, məsələn, Belinski üçün hələ də slavyanofillik kvas və kələm turşusu deməkdir.

Doğrudan da, Belinski slavyanofilliyi ancaq belə başa düşür. Bəziləri üçün isə (qeyd edim ki, çoxları, hətta slavyanofillərin çoxu üçün) slavyanofillik bütün slavyanların azad olmağı və Rusiyanın ali başlanğıcı – hətta bəlkə də sırf siyasi olmayacaq himayəsi altında birləşməsidir.

Nəhayət, digərləri üçün slavyanofillik slavyanların Rusiya başlanğıcı altında birləşməsindən əlavə, həm də bir gün, başında birləşmiş slavyanlar dayanan əzəmətli Rusiyamızın bütün dünyaya, bütün Avropa əhalisinə və sivilizasiyasına özünün yeni, sağlam və dünyada eşidilməmiş sözünü deyəcəyinə inananların ruhi ittifaqını ehtiva edir.

Rusiyanın deyəcəyi o söz isə bütün bəşəriyyətin yeni, qardaşyana, ümumdünya ittifaqının xeyrinə olacaq. Bu ittifaqın təməli slavyan dühalarında, illər uzunu əzab çəkən, əsrlər boyu susmağa məcbur olan, amma qərbi Avropa sivilizasiyasının ən lənətli və acı anlaşılmazlıqlarını özündə saxlayan böyük rus xalqının əzəməti ruhundadır.

Bax, mən buna əmin olanların, buna inananların sırasındayam.

Burada ələ salmalı və gülməli heç nə yoxdur.

Bu sözlər köhnə, inam çoxdankıdır, amma elə təkcə bu inamın ölməməyi, bu sözlərin dillərdən düşməməyi, əksinə öz çevrəsini genişləndirib, bu fikirlərə əminliklə yanaşan xadimlərin sayının artmağı, axır ki, başqa cür fikirləşənləri və bizə gülənləri məcbur eləməli idi ki, bu inama olan daşlaşmış, boş düşmənçilkdən əl çəkib, məsələyə bir az ciddi yanaşsınlar.

Amma bu barədə hələ ki, bəsdir. Məsələ burasındadı ki, bu yaz bizim möhtəşəm müharibəmiz başladı, bu müharibə tez ya gec, məsələnin həllini uzadan müvəqqəti uğursuzluqlara baxmayaraq, sona çatdırılacaq şücaətimiz uğrundadır.

Bu şücaət elə böyük, müharibənin məqsədi Avropa üçün elə anlaşılmazdır ki, əlbəttə, Avropa bizim məkrliliyimizə qəzəblənməli, müharibəni başlarkən elan etdiyimiz fikirlərə inanmamalı, bütün gücü ilə, bütün yollarla bizə mane olmalı və düşmənimizlə gerçəkçi olmasa da, siyasi müttəfiq kimi birləşməli, əsl, açıq-aşkar müharibə başlayana qədər, ən azından gizli şəkildə bizimlə müharibə aparmalıdır.
Rus-türk müharibəsi, 1877, rəssam Nikolay Orenburqski

Rus-türk müharibəsi, 1877, rəssam Nikolay Orenburqski


Hamısı da, əlbəttə ki, elan elədiyimiz məqsədlərə, hədəflərə görə!

"Nəhəng şərq qartalı qanadlarını xristianlıq zirvələri üzərində parıldadaraq, dünyanın başında dolanır"; o, fəth etmək, ələ keçirmək, sərhədlərini genişləndirmək istəmir, o, azad etmək, üzülmüşlərə, döyülmüşlərə dəstək vermək, onlara və bəşəriyyətə yeni həyat vermək istəyir.

Axı, bu məsələyə necə skeptikcəsinə baxırsansa, bax, necə düşünürsənsə, düşün, mahiyyətcə məqsəd məhz budur, məhz buna görə də Avropa inanmaq istəmir!

Və, inanın mənə, onu Rusiyanın ehtimal olunan güclənişiindən daha çox, bu ölkənin belə hədəflərə və məqsədlərə sahib olmağı qorxudur.

Bunu xüsusilə diqqətə alın. Öz xeyrinə olmayan nəyəsə qol qoymaq Avropa üçün o qədər yaddır, onların beynəlxalq vərdişlərindən o qədər uzaqdır ki, Rusiyanın əməli orada «geridəqalmış, vəhşi, cahil», hər cür alçaqlığa və məsələn, əsrimizdə xaç yürüşləri kimi axmaqlıq etməyə qadir millətin barbarlığı kimi qəbul olunur.

Fikir verin, Avropada bizi xüsusilə sevməyənlər kimlərdir?

Hətta dostlarımız, formal dostlarımız da uğursuzluqlarımıza sevindiklərini açıq-aşkar bildirirlər. Rusların məğlub olmağı onların öz qələbələrindən daha arzuolnunan, sevindiricidir. Uğur qazandığımız hallarda isə bu dostlar artıq çoxdan öz aralarında razılığa gəliblər ki, Rusiyanın uğurlarından Rusiyanın özündən çox mənfəət əldə eləsinlər...

Amma bu barədə də sonra. Mən əslində bu yaz, müharibə elan olunandan sonra Rusiyanın əzəmətli, bəşəri taleyinə inanan insanların nələr hiss etməli olduqlarından danışırdım.

Gücsüzlərin və əzilmişlərin uğrunda aparılan, həyat və azadlığı əllərindən almaq deyil, həyat və azadlıq vermək uğrunda aparılan müharibə - artıq çoxdandı ki, dünyada müharibələr qarşılarına belə məqsəd qoymur və indi, bu ali məqsəd buna inananların inamını təntənəli şəkildə təsdiqləyən fakta çevrilib.

Bu artıq arzu, fal açma deyildi, baş tutmağa başlayan gerçəklik idi.

"Əgər başladısa, deməli, baş tutacaq, axıra qədər gedəcək, ta başında slavyanlardan ibarət ittifaq dayanan Rusiya Avropaya öz əzəmətli sözünü deyənə qədər. Hətta o söz artıq deyilməyə başlayıb, baxmayaraq ki, Avropa hələ uzun müddət bu sözü başa düşməyəcək və inanmayacaq ". «İnanclılar» bax, belə düşünürdülər.

Hə, təəssürat təntənəli və vacib idi, əlbəttə ki, inanclıların inamları da daha da bərkiməliydi. Amma o qədər ciddi bir hadisə başlamışdı ki, onlar üçün də həyəcan dolu suallar vardı:

"Rusiya və Avropa! Rusiya qılıncını türklərin üstünə sıyırıb, amma kim bilir, bəlkə də gec ya tez Avropa ilə də toqquşacaq?

Avropa ilə toqquşma sənə türklərlə müharibə eləmək deyil, bu toqquşmanın aqibəti təkcə qılıncla həll olmur" - inanclılar belə düşünürdülər.

Amma biz ikinci toqquşmaya hazırıqmı? Düzdü, sözümüzü artıq deməyə başlamışıq, amma Avropa bir yana dursun, elə bizim özümüzünkülər barı nə dediyimizi başa düşürlərmi?
Fyodor Dostoyevski

Fyodor Dostoyevski


Bax, biz inanclılar peyğəmbərlik eləyirik ki, məsələn, ümumavropa problemi olan aşağı təbəqə qardaşlarımızın dərdinin davasız, qansız, nifrət və qəzəbsiz həlli yolu Rusiyadadır, amma Avropa öz qanına boyananda, bu söz necə olacaq?

Bəli, biz inanclılar buna inanırıq, amma hələ ki, bizdəkilərin, bizim rusların cavablarına baxırıq.

Onların bizə cavabları bu olur ki, bunların hamısı öncəgörmə, sayıqlamalardı, çılğın arzular, ürəkgetmələrdi və onlar bizdən sübut, qəti göstərişlər və artıq baş tutmuş faktlar tələb edirlər.

Bəs, biz peyğəmbərliklərimizin isbatı üçün hələ ki, onlara nə göstərə bilərik? Bəlkə təhkimli kəndlilərin azad olmağını? Bu faktı bizdə hələ ki, rusların mənəvi gücünün ifadəsi kimi başa düşənlər azdır.

Bəlkə qardaşlarımızın anadangəlmə, dövrümüzdə əsrlərlə onu sıxıb saxlayan şeylərin altından boylanan, tanınmaz hala gələcək dərəcədə çirkləndirən, şəklini dəyişən zir-zibilə, çirkə baxmadan özünü büruzə verən təbiiliyini?

Amma gəlin, biz bunu göstərək; bizə yenə cavab verəcəklər ki, bu faktların hamısı bizim çılğın arzularımızdı, fakt-zad deyil, deyəcəklər ki, bunları çoxmənalı, qarmaqarışıq başa düşmək olar və bunların heç biri sübut deyil.

Bax, az qala hamı bizə bunu deyəcək, bu arada isə biz, özümüzü bu qədər başa düşməyən, özümüzə bu qədər inanmayan bizlər Avropa ilə toqquşacağıq! Avropa – axı bu Avropa qorxulu və müqəddəs bir şeydi! Ah, cənablar, bir bilsəydiniz ki, biz xəyalpərvər slavyanofillər Avropaya nifrət edənlər üçün bu Avropanın özü, «müqəddəs möcüzələr diyarı» necə də vacibdir!

Bilirsinizmi ki, bu «möcüzələr» bizə necə əzizdir, bilirsinizmi biz o gözəl torpaqları tutmuş əzəmətli tayfaları və onların yaratdıqları gözəl və müqəddəs şeyləri necə sevir və hörmət edirik?

Bilirsinizmi ki, bizə doğma, əziz bu ölkənin taleyi, onun səmalarında gündən-günə sıxlaşan qara buludların çoxalmağından necə ürəyimiz sıxılır, necə əzab çəkirik, necə gözlərimiz yaşarır?

Siz, cənab avropalılar və qərbsevərlər heç vaxt Avropanı biz - Avropanın düşməni hesab etdiyiniz xəyalpərvər slavyanofillər qədər sevməmisiniz!

Yox, bu ölkə – şərqdə qorunub saxlanmış əzəmətli xristian ruhunun gələcək dinc qələbəsi bizim üçün çox vacibdir...

Biz onunla bu müharibədə toqquşmaqdan ona görə qorxuruq ki, Avropa həmişəki kimi bizi başa düşməyəcək, həmişəki kimi bizi dialoqa girməyə layiq olmayan vəhşi barbarlar kimi nifrət, təkəbbür və qılıncla qarşılayacaq.

Bəli, biz özümüzdən soruşuruq ki, o vaxt Avropanın bizi başa düşməyi üçün ona nə deyəcək, nə göstərəcəyik? Görünür, bizdə onun bizi anlamağı və hörmət eləməyinə səbəb olacaq az şey var. O bizim əsas, başlıca ideyamızı, «yeni söz»ümüzü uzun müddət, həddən artıq uzun müddət başa düşməyəcək.

Ona indi, indiki təfəkkürü ilə başa düşə biləcəyi faktlar lazımdır?

Sizdə gördüyümüz o xaosun içində iqtisadi güclərin quruluşu nəzərdə tutulubmu? Hanı sizin elminiz, sizin incəsənətiniz, sizin ədəbiyyatınız?"

III. "ANNA KARENİNA" XÜSUSİ ƏHƏMİYYƏTLİ FAKT KİMİ

Bu yaz, bir dəfə axşam necə oldusa, küçədə çox sevdiyim yazıçılarımızdan biri ilə üz-üzə gəldim.

Onunla biz çox az-az rastlaşırıq, görüşlərimiz həmişə təsadüfən və küçədə baş tutur. Bu adam zamanımızın ən yaxşı beş-altı, nədənsə «çevrə» adlandırılan belletristlər dəstəsindən ən çox oxunanlardan biridir.

Oxucu kütləsindən sonra tənqid də bu beş-altı yazarı ümumiləşdirdi, onları digərlərindən ayırdı və çoxdandır ki, bu çevrə eləcənə dar çevrə olmaqda qalır - genişlənmir.

Mən bu sevimli romançımla üz-üzə gəlməyi xoşlayıram, hər dəfə ona sübut eləməyə çalışıram ki, o hələ qocalmayıb, yeri gəlmişkən mən də inanmıram ki, o özü dediyi qədər qocalıb və daha heç nə yazmayacaq.

Həmişə onunla qısa görüşlərimizdən sonra məndə onun hansısa dərin və uzaqgörən bir sözü qalır. Bu dəfə danışmalı heç nə yox idi, artıq müharibə başlamışdı. Amma mən elə o dəqiqə «Anna Karenina» barədə danışmağa başladım.

Mən əsərin «Russkiy vestnik»də təzəcə çıxmış yeddinci hissəsini bu günlərdə oxuyub bitirmişdim. Həmsöhbətim, görünüşündən təsirlənmiş adama oxşayır. Amma bu dəfə o, «Anna Karerina» ilə bağlı fikrindəki qətiliyi və qızğınlığı ilə məni heyrətləndirdi.

- Bu, görünməmiş məsələdi, bu, birinci dəfədi. Bizim yazarlardan kim bunu bacarar? Avropada isə kim buna oxşar bir şey təsəvvür edə bilər? Son illər onların bütün ədəbiyyatında, lap elə əvvəllər də bununla yanaşı qoyulacaq əsər yazılıbmı?

Ən əsası o idi ki, özümün də bölüşdüyüm bu hökmdə Avropaya işarə o vaxt çoxlarını narahat edən suallara cavab verirdi.

Bu kitab gözlərimin qarşısında əvəzimizə Avropaya cavab verəcək həmin fakt qədər böyüdü. Əlbəttə, bizə güləcəklər, deyəcəklər ki, bu, vur-tut ədəbiyyat, bir romandı, onu şişirib, romanla Avropanın qarşısına çıxmaq isə gülməlidir.

Bilirəm, bizə bərk güləcəklər, amma, narahat olmayın, mən heç nəyi şişirtmirəm və məsələyə ayıq başla yanaşıram. Özüm də bilirəm, bu, hələ ki, vur-tut romandır.

Bu, bizə lazım olan dəryanın hələ ki, bir damlasıdır.

Mənim üçün əsas budur ki, bu damla artıq var. Bu damla gəlib, mövcuddur, amma əgər artıq bu damla varsa, əgər bir rus dühası bunu yarada bilibsə, ola bilər ki, o heç də gücsüzlüyə məhkum deyil.

O, yarada, özününkünü təqdim edə, zamanı və yeri gələndə öz sözünü deyə bilər. Özü də, axı bu sadəcə bir damla deyil.

Hə, mən bunu da şişirtmirəm: çox yaxşı bilirəm ki, təkcə bu dəstənin bir üzvündə deyil, elə bütün dəstəni bir yerdə götrüsək belə, onlarda dahilik, yaradıcı əzəmət adına bir şey tapmaq mümkün deyil. Bizim bütün ədəbiyyat tariximizdə mübahisəsiz dahi adlana biləcək, «yeni söz» dediyinə şübhə edə bilməyəcəyimiz cəmi üç dahi var: Lomonosov, Puşkin bir az da Qoqol. Bu dəstə isə ("Anna Karenina"nın müəllifi də daxil olmaqla) Puşkindən, ələdüşməz dahi rusdan, hələ də tam anlaşılıb, izah olunmayan adamdan təsirləniblər.
Puşkin

Puşkin


Puşkinin iki əsas fikri var və hər iki fikir Rusiyanın dünyadakı gələcək yeri və gələcək məqsədi, yəni hamımızın gələcək taleyi ilə bağlıdır.

Birinci fikir – Rusiyanın ümumbəşəriliyi, onun dünyanın bütün xalqları və bütün zamanlarına aid olan dahilərə dəstəyi, mübahisəsiz, dərin doğmalığı ilə bağlıdır.

Puşkinin bu fikri, sadəcə, bir göstəriş, təlim və ya nəzəriyyə ya da arzu, peyğəmbərlik kimi səslənməmiş, həm də əməldə təsdiq edilmiş, onun dahiyanə əsərlərində əbədi olaraq işlənmiş və sübut olunmuşdur.

O, qədim dünyanın adamıdı, o həm alman, həm də öz dahiliyini dərindən anlayan, öz istiqamətinin həsrətini yaşayan («Vəba vaxtı ziyafət»i yadımıza salaq) həm ingilis, həm də Şərqli şairdir.

O bütün bu xalqlara elan etdi ki, rus dahisi onları tanıyır, anlayır, onlara özünün doğması kimi yanaşır. O elan elədi ki, ancaq rus ruhuna ümumbəşərilik və gələcəkdə müxtəlif millətlərin çoxtərəfliliyini, ziddiyyətlərini uzlaşdırmaq kimi bir missiya bəxş edilib.

Puşkinin digər fikri – onun xalqa dönüşü və ancaq onun gücünə inamıdı. O deyir ki, biz öz rus dahiliyimizi, onun missiyasının mahiyyətini təkcə xalqda tapa bilərik. Və yenə də, Puşkin bunu sadəcə demədi, həm də əməlində göstərdi. Bizim xalqa ağlasığmaz dönüşümüz, Pyotrun islahatlarından bəri imkansız olduğunu düşündüyümüz dönüş Puşkinlə başladı.

Bizim barəsində danışdığımız o çevrə Puşkinin təlimi ilə hərəkət edir, o çevrə Puşkindən sonra yeni heç nə deməyib. Bütün fikirləri o demişdi, bütün yolları o göstərmişdi. Həm də ki, bu çevrə hələ onun dediklərinin kiçik bir hissəsini də edə bilməyib. Amma Puşkin sağ olsaydı, onların var gücləri ilə, dərindən və anlaqlı şəkildə elədiklərini qiymətləndirərdi.

"Anna Karenina" – təbii ki, ideyaca yeni, görünməmiş bir şey deyil. Onun əvəzinə biz Avropaya rus dahiliyinin parlaq, müstəqil, möhkəm və mübahisəsiz subutu kimi bu əsərin mənbəyini, yəni Puşkinin özünü də göstərə bilər və bu dahiliyin dünyəvi, ümumbəşəri gələcəyinə iddia edə bilərdik. (Heyhat, biz nəyi göstəririksə, göstərək, bizimkiləri Avropada oxumurlar və anlayıb, qiymət verməyi öyrənməyənə qədər də oxumayacaqlar. İndisə qiymətləndirə bilməmələrinin səbəbi bu deyil ki, onlar buna qadir deyillər, sadəcə onlar üçün biz tamam başqa dünyayıq, onlar üçün bizlər Aydan gələn adamlar kimi bir şeyik, odur ki, Avropa üçün hətta bizim mövcudluğumuzu qəbul eləmək belə çətindi.

Mən bunların hamısını bilirəm, «Avropanı istiqamətləndirmək» deyəndə isə mən ancaq Avropanın qarşısında öz müstəqillik haqqımızla bağlı qənaətlərimi nəzərdə tuturam.)

Bununla belə, "Anna Karenina" bədii cəhətdən mükəmməl əsərdir, belə bir əsərin yazılması tam məqamına düşdü və hazırki dövrdə Avropa ədəbiyyatında onunla rəqabətə girə biləcək əsər tapmaq çətindir.

İkincisi, ideyaca da bu, bizimkidir, bizə doğmadır və bu əsər Avropanın qarşısında bizim məxsusiliyimizi göstərir ki, bu özəllik də bizim milli «yeni söz»ümüzü, ya da ən azından onun başlanğıcını təşkil edir. O söz ki, onu Avropada eşitmək mümkün deyil, o söz ki, Avropanın möhtəşəm qürüruna baxmayaraq ona bərk lazımdır.

Bu yerdə mən ədəbi tənqidə çox uymayacağam, ancaq bir neçə kəlmə ilə kifayələnəcəyəm. "Anna Karenina" insanın cinayətkar və günahkar mahiyyətinə bir baxışdır.
Lev Tolstoy

Lev Tolstoy


Qeyri-normal şərtlərdə yaşayan insanlardan bəhs olunur. Onlardan əvvəl şər gəlir. Yalan girdabına düşən insanlar cinayətlər edir və gözəl bir şəkildə həlak olurlar: Göründüyü kimi, Avropanın köhnə və sevimli mövzularından biri.

Amma Avropada belə şeylər necə həll olunur?

Orada adətən iki cürə həll olunur. Birinci həll: qanun verilib, yazılıb, formasını tapıb, min illər boyu qurulub. Xeyir və şər müəyyənləşib, ölçülüb-biçilib, tarixin müdrik insanları onun ölçüləri və mərhələlərini müəyyən ediblər, insan ruhunun üzərində yorulmadan işləmək və insanlığın birgəyaşayışındakı yeganə güc mərhələsinin üzərində yüksək elmi işlər görüblər.

Bu işlənmiş kodeksə kor-koranə əməl olunur. Kim ki, buna əməl etməsə, kim bu ənənəni tapdasa, bədəlini azadlığı, mülkü, həyatı ilə ödəyir – özü də qeyri-insani, hərfi mənada ödəməli olur. Onların sivilizasiyası deyir "Mən bilirəm - bu kor-koranəlik və qeyri-insanidir, mümkünsüzdür, amma insanlıq tarixi yolun ortasında ikən onun son formulasını işləmək mümkün deyil, başqa çıxış yolu olmadığına görə, yazılandan bərk yapışmaq lazımdır, özü də hərfi mənada, qeyri-insani şəkildə yapışmaq lazımdır; bu olmasa, daha pis olacaq.

Əzəmətli Avropa sivilizasiyası adlandırdığımız quruluşun bütün anormallığına baxmayaraq, qoy insanlıq ruhunun gücü sağlam və zədəsiz qalsın, qoy cəmiyyətin mükəmməliyə doğru getdiyinə inamı sarsılmasın. Qoy, ali və yüksək olanın idealına kölgə düşdüyünü, xeyir və şər anlayışlarının təhrif, normallığın durmadan şərtiliklə əvəz olunduğunu, sadəlik və təbiiliyin bir ucdan yığılan yalanlar altında məhv olduğunu düşünməyə cəsarət etməsin!"

İkinci həll isə budur:

"Bir halda ki, cəmiyyət normal deyil, onda tək-tük insanlara görə cavab tələb etmək də lazım deyil. Ola bilsin ki, cinayətkar məsuliyyətsizdir və ortada hələ cinayət də yoxdur. Cinayət və insan günahkarlığının axırına çatmaq üçün cəmiyyətin anormallığı və quruluşu məsələsini həll etmək lazımdır.

Bir halda ki, mövcud qaydaları müalicə eləmək uzun çəkər və nəticəsiz olar, heç bunun dərmanı da yoxdur, ona görə də, bütün cəmiyyəti dağıtmaq və köhnə qaydaları süpürüb, atmaq lazımdır.

Sonra bütün naməlum, amma bu günki qaydalardan pis ola bilməyəcək, əksinə özündə xeyli uğurlu şanslar daşıyan yeniliklərə, özü də başqa müstəvi üzərində başlamaq lazımdır. Əsas ümid isə elmədir".

Beləliklə, budur ikinci həll yolu: gələcəyin qarışqa yuvasını gözləyə-gözləyə dünyanı qana boyamaq. Qərbi Avropa dünyası insan cinayətkarlığı və günahkarlığına başqa həll yolu bilmir.

Rus müəllifin insan günahkarlığına və cinayətkarlığına münasibətindən aydın bilinir ki, ortada heç bir «qarışqa yuvası» məsələsi yoxdur, «dördüncü təbəqə»nin təntənəsindən, kasıblığın tamam ləğvindən heç bir söhbət getmir, bu baxışlardan aydın bilinir ki, heç bir əmək qurumu insanlığı anormallıqdan, deməli, məntiqi olaraq da günah və cinayətlərdən xilas edə bilməz. Bu, insan ruhuna diqqətli baxa bilmək məharəti, bədii təsvirimizdə bu günə qədər rast gəlinməyən qorxunc dərinlik və güclə ifadə olunub.

Gün kimi aydındır ki, şər insanın içində sosialist loğmanların ehtimal etdiklərindən daha dərində kök salıb, aydındır ki, heç bir cəmiyyətdə, heç bir quruluşda siz şərdən qaça bilməyəcəksiniz.

İnsan xisləti dəyişməyəcək, anormallıq və günah bu xislətin özündən doğan bir şeydir, nəhayət, insan ruhuna hakim olan qanunlar hələ məlum deyil, elmə naməlum olduğu qədər də, qeyri-müəyyən və sirlidir. Adındır ki, bunun tam öhdəsindən gələcək nə loğmanlar, nə də hakimlər var.

Bu dünyanın bütün sirləri və insanın son taleyi yalnız Ona məlumdur. İnsan isə hələ ki, öznün günahsızlığı ilə öyünə bilməz, bunun vaxtı hələ çatmayıb. İnsanlıq hakimi özü barədə bilməlidir ki, o, son, həlledici hakim deyil, o özü də günahkardır. O bilməlidir ki, əgər bir əlində tərəzi, bir əlində ölçü özü Mərhəmət və Sevgi adlanan yeganə çıxış yoluna əl atmasa, hələ açılmamış sirrin qarşısında təzim etməsə, ölçü və tərəzi onun əlində yamaq kimi görünər.

Öz talelərinin və yollarının anlaşılmazlığına, şərin sirli və lənətli qaçılmazlığına görə məyusluğa düçar olub, məhv olmamaq üçün isə insana çıxış yolu göstərilib.

Bu dahiyanə romanın bir hissəsində, əsərin qadın qəhrəmanının ölümcül xəstəliyi səhnəsində bu, dahiyanə şəkildə ifadə olunub: cinayətkarlar və düşmənlər qəfildən ali məxluqlara çevrilir, qardaşlaşır, bir-birilərinə hər şeyi bağışlayır, yalanı, günahı, cinayəti öz üzərlərindən silib atır və bununla da buna tam haqları çatdığını əminlik hissi ilə özlərinə bəraət qazandırdılar.

Amma sonra, romanın sonunda, insan ruhunun necə düşdüyünü göstərən qaramat və qorxunc, addımbaaddım izlənilən səhnədə şərin insan xislətini ələ keçirərək, onun hər addımını idarə elədiyi, bütün müqavimət gücünü, fikirlərini, qəsdən, zövqlə, ehtirasla işığın yerinə insan ruhuna hakim kəsilən qaramatla mübarizə arzusunu iflic elədiyi o cazibədar vəziyyətdə, əlində ölçü və tərəzi tutmuş insanlıq hakimi üçün o qədər nəsihət var ki, o qorxu və çaşqınlıq içində qışqırır:

"Yox, mən həmişə qisas almayacağam!".

Və o qaramata gömülmüş cinyətkarın üzünə onun işıqdan öz xoşu ilə imtina elədiyini qeyri-insani şəkildə vurmayacaq...

Əgər bizim belə fikir və əməl gücü ilə dolu bədii əsərlərimiz varsa, onda niyə nəticədə özümüzün elmimiz, özümüzün iqtisadi, sosial həll yollarımız ola bilməz, niyə Avropa bizim müstəqil qərar vermə, öz sözümüzüdemə haqqımıza etiraz edir – öz-özünə yaranan sual bax, budur. Axı təbitəin bizə ancaq ədəbiyyat sahəsində istedad bəxş elədiyi kimi gülməli bir fikrə inanmaq olmaz. Qalan hər şey tarixin, vəziyyətin, zaman şərtiliyinin məsələsidir.

Ən azından, Avropalı avropalılar düşünənə qədər bizim avropalılar belə düşünərdi...

ardı var

Günün bütün mövzuları

XS
SM
MD
LG