Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:29

Qətl var, amma nə sifarişçi, nə də qatil var...


Generalın vida mərasiminin keçirildiyi yer
Gözlə

No media source currently available

0:00 0:01:25 0:00
Direct-ə keçid

Generalın vida mərasiminin keçirildiyi yer

-
O, 2009-cu il fevralın 11-də səhər saatlarında evinin önündə xidməti avtomobilinə minərkən başına atəş açılıb. Söhbət müdafiə nazirinin müavini və Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı olmuş Rail Rzayevin ölümündən gedir.

Bu qətli üstü hələ də açılmayıb. Qatilin (və ya qatillərin) indiyədək tapılmaması bəzi şübhələri gündəmdən düşməyə qoymayıb.

Hərbi ekspert Üzeyir Cəfərov ortada çox ciddi amillərin olduğunu və bu səbəbdən həmin qətlin üstünə gərəyincə gedilmədiyini bildirir:

«Dövlət başçısı qatilin tezliklə tapılacağını vəd etmişdi. Bu vədin özünü doğrultmadığına təəccüblənirəm. Çox güman, Baş Prokurorluğun da bəlli dərəcədə acizliyi var. Ola bilsin, ciddi faktların ictimailəşməsi, kimlərinsə adının gündəmə gəlməsi arzuolunan deyil. Mən belə təxmin edirəm. Başqa bir variant olsaydı, bu məsələni çoxdan açardılar».

Üzeyir Cəfərov sözügedən qətl olayında xarici amil məsələsinə az inandığını söyləyir:

«Fərz etsək ki, bunu xarici qüvvələr edib, elə olacağı halda Azərbaycan rəsmiləri üstüörtülü mesajlar verməliydilər. Deməliydilər ki, bəzi dövlətlər Azərbaycanın dövlət xadimlərinə qarşı terror cəhdlərindən də çəkinmirlər. Əgər xariclə bağlı, sətiraltı bir söz belə deyilmirsə, onda bu o deməkdir ki, məsələ Azərbaycanla bağlıdır və indiyədək üstünün açılmamasının da səbəbi budur».

Zahid Oruc
Zahid Oruc
ZAHİD ORUC: «YƏQİN İZ QOYMAYIBLAR»

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc qətlin icraçı və sifarişçilərinin ötən 5 il içində müəyyən edilməməsini daha çox bu hadisəni törədənlərin peşəkarlığına bağlayır. Deputat qətli hər hansı daxili intriqanın nəticəsi saymağın da doğru olmadığı qənaətindədir:

«Bunu həyata keçirənlər səriştə səviyyələrinə görə, görünür, hansısa yüksək dairələri təmsil edirlər. Bu üzdən yəqin ki, iz qoymayıblar. Ümid edirəm ki, hüquq-mühafizə orqanları qarşısında ciddi bir məsələyə çevrilmiş, haqlı olaraq cəmiyyətdə və mediada suallar doğuran bu məsələ, nəhayət, sona çatdırılacaq. Qətlin açılması bütövlükdə təhlükəsizlik mühitinə təsir göstərməklə yanaşı, belə cinayətləri önləmək baxımından da mühüm rol oynayacaq».

BAŞ PROKURORLUQ: İSTİNTAQ VƏ ƏMƏLİYYAT-AXTARIŞ TƏDBİRLƏRİ DAVAM ETDİRİLİR

Fevralın 18-də Baş Prokurorluq mətbuat xidmətindən AzadlıqRadiosuna verilən məlumata görə, «Respublikanın hüquq-mühafizə orqanlarının rəhbərliyi tərəfindən nəzarətə götürülmüş həmin iş üzrə cinayətin açılması və onu törədənlərin müəyyənləşdirilərək istintaqa cəlb edilməsi istiqamətində birgə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir».
Rəhim Qazıyev
Rəhim Qazıyev

Rail Rzayevin qətli ilə bağlı araşdırmaları Baş Prokurorluğun, daxili işlər və milli təhlükəsizlik nazirliklərinin əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu aparır.

«ZİYA BÜNYADOVUN, RÖVŞƏN ƏLİYEVİN, ŞƏMSİ RƏHİMOVUN QƏTLİ NİYƏ AÇILMIRSA, BU DA ONA GÖRƏ AÇILMIR»

Rail Rzayevi peşəkar hərbçi kimi səciyyələndirən sabiq müdafiə naziri Rəhim Qazıyev onun qətlə yetirilməsini və bu qətlin üstünün açılmamasını müəmmalı məsələ sayır:

«Ziya Bünyadovun, Rövşən Əliyevin, Şəmsi Rəhimovun, Afiyəddin Cəlilovun, jurnalist Elmar Hüseynovun qətlləri niyə açılmırsa, bu da ona görə açılmır. Hesab edirəm ki, səbəb budur».

ÜSTÜ AÇILMAYAN QƏTLLƏR

Üstü açılmayan təkcə Rail Rzayevin qətli deyil. Ali Hərbi Dənizçilik məktəbinin admiralı Eduard Hüseynovun, prezident yanında xüsusi idarənin rəhbəri Şəmsi Rəhimovun,
İlham İsmayıl
İlham İsmayıl
akademik Ziya Bünyadovun, prezidentin sabiq müşaviri Afiyəddin Cəlilovun, Baş Prokurorluğun İstintaq İdarəsi rəisinin müavini, kriminalist prokuror Rövşən Əliyevin, «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynov və yazıçı Rafiq Tağının qətlləri də üstü açılmayan qətllər sırasındadır.

«Təhlükəsizlik» Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl qətllərin heç də həmişə müəmma olaraq qalmadığını deyib. Onun fikrincə, siyasi çalarlı qətllərin gizlilik müddəti, adətən, siyasi hakimiyyətin meydanı tərk etməsinədək sürür:

«Misal üçün deyim ki, Hacı Məmmədovun törətdiyi qətllər də açılmayan qətllər sırasında idi. Amma elə bir an gəldi ki, onun bu əməllərini gizləyə bilmədilər və məcbur olub açdılar. Halbuki bu qətllərdən müəyyən dərəcədə xəbərləri olan adamlar vardı».

Bu baxımdan mərkəzin rəhbəri üstü qapalı cinayətlərin gec-tez açılacağına və istər qatil, istərsə sifarişçilərin tapılacağına inandığını deyir.
XS
SM
MD
LG